Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-975/2021 01.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 4190 manat məbləğində kredit borcu, 630,24 manat məbləğində faiz borcu və 909,3 manat məbləğində cərimə borcu, 015R********** saylı kredit razılaşması üzrə 3087,66 manat məbləğində kredit borcu, 457,46 manat məbləğində faiz borcu və 657,67 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9931,60 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Bank ilə bağladığı 31.07.2019-cu il tarixli 015L**********11 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 700.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1, Bank ilə bağladığı 31.07.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2.0833% dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.04.2020-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1809,73 manat ödəmiş, onun 4190,27 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cli bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.03.2021 -ci il tarixə 217 gün üçün hesablanmış faiz borcu 630,24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 11.03.2021-ci il tarixə 217 gün üçün hesablanmış cərimə 909,3 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1, Bank ilə bağladığı 08.10.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2% dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.04.2020-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 912,34 manat ödəmiş, onun 3087,66 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.03.2021-ci il tarixə 213 gün üçün hesablanmış faiz borcu 457.46 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 11.03.2021-ci il tarixə 213 gün üçün hesablanmış cərimə 657,67 manat təşkil edir. İddiaçının nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək, işə Bankın nümayəndəsinin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini, dəbbə pulunun çox hesablandığını bildirərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2019-cu il tarixli 015R921249800 saylı “Kredit razılaşmasından” görünür ki, həmin razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq 2,0833 faiz dərəcəsi olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında 30.04.2020-ci il tarixdə bağlanmış sazişə əsasən 31.07.2019-cu il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kreditin ödənilməsi müddəti 06.10.2021-ci il tarixədək uzadılmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2019-cu il tarixli 015R********** saylı “Kredit razılaşmasından” görünür ki, həmin razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq 2 faiz dərəcəsi olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında 30.04.2020-ci il tarixdə bağlanmış sazişə əsasən 08.10.2019-cu il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kreditin ödənilməsi müddəti 08.12.2021-ci il tarixədək uzadılmışdır. Kreditin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 31.07.2019-cu il tarixli “Zaminlik müqavilələri” bağlanmış və həmin müqaviləyə əsasən zaminlər Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. 31.07.2019-cu il və 08.10.2019-cu il tarixli kredit razılaşmalarına və ödəniş planına dəyişilik edilməsi barədə 30.04.2020-ci il tarixli sazişlər zamin Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa, Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 31.07.2019cu il tarixli “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə 11.03.2021-ci il tarixə Cavabdeh1 4190,27 manat məbləğində əsas borcu, 630,24 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 909,30 manat cərimə (dəbbə) tətbiq edilmişdir. 08.10.2019-cu il tarixli “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə 11.03.2021-ci il tarixə Cavabdeh1 3087,66 manat məbləğində əsas borcu, 457,46 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 657,67 manat cərimə (dəbbə) tətbiq edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 25.10.2021-ci il tarixli rəyindən görünür ki, 11.03.2021-ci il tarixə Cavabdeh1 31.07.2019-cu il tarixli, 015R********** saylı kredit müqaviləsinə əsas borcu 4076,81 manat, faiz borcu isə 693,62 manat və 08.10.2019-cu il tarixli, 015R********** saylı kredit müqaviləsinə əsas borcu 3015,61 manat, faiz borcu isə 486,52 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqavilələri” üzrə borcun verilməsi barədə öhdəliklər icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəliklər icra edilməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh1 “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, banka olan borcu tam həcmdə ödəməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka ödənilməmiş borcu qalmışdır. 31.07.2019-cu il tarixli “Kredit razılaşması” üzrə Cavabdeh1 4076,81 manat əsas borcu və 693,62 manat faiz borcu, 08.10.2019-cu il tarixli “Kredit razılaşması” üzrə 3015,61 manat əsas borcu və 486,52 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, Cavabdeh1 31.07.2019-cu il tarixli və 08.10.2019-cu il tarixli “Kredit razılaşmaları” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdeh, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, Cavabdeh1 31.07.2019-cu il tarixli “Kredit razılaşması” üzrə hesablanmış 909,30 manat məbləğində cərimə borcu azaldılaraq 50 manat və 08.10.2019-cu il tarixli “Kredit razılaşması” üzrə hesablanmış 657,57 manat məbləğində cərimə borcu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit razılaşmaları üzrə cavabdehlərdən Bankın xeyrinə tutulmalı olan faiz borcu iddia tələbində göstərilən məbləğdə olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bankın iddiası qismən təmin olunmalı, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit razılaşmaları ləğv edilməli, cavabdehlərdən Bankın xeyrinə 31.07.2019-cu il tarixli 015R********** saylı “Kredit razılaşması” üzrə 4076,81 manat əsas borc, 630,24 manat faiz borcu, 50 manat cərimə və 08.10.2019-cu il tarixli 015R********** saylı “Kredit razılaşması” üzrə 3015,61 manat əsas borc, 457,46 manat faiz borcu, 30 manat cərimə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 31.07.2019-cu il tarixli 015R********** saylı və 08.10.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmaları ləğv edilsin. 015R********** saylı “Kredit razılaşması” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4076,81 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 630,24 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pul və 015R********** saylı “Kredit razılaşması” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3015,61 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 457,46 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 8260 (səkkiz min iki yüz altmış) manat 12 (on iki) qəpik məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi-30 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri-100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-975/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-975/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver