Məhkəmə qərarları › İş №2(039)-981/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-981/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-981/2023 19.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin artırılması və faktiki çəkilmiş əlavə xərclərin alınması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin artırılması və faktiki çəkilmiş əlavə xərclərin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 10 may 2016-cı il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250 manat sabit pul məbləğinin və 55 manat dövlət rüsumunun (mediatora ödənilmiş) Cavabdeh tutularaq İddiaçı ödənilməsi; 10 may 2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı müalicəsi üçün faktiki çəkilmiş əlavə xərclərin Cavabdeh cəlb edilməklə 1500 manat pul məbləğin birdəfəlik ödəniş qismində tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasındakı nikah pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 02 noyabr 2018-ci il tarixdən başlayaraq 10 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment və 3 yaşına qədər hər ay 50 manat sabit pul məbləğində ödəmə Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1220/2022 saylı qətnaməsi ilə alimentin artırılması qət edilsə də, cavabdehi əlavə xərclərə cəlb edilməsi təmin edilməmişdir. Uşağa nitq geriləməsi, diqqət pozuntusu və hiperaktiv diaqnozu qoyulmuşdur. Mövcud olan tibbi diaqnoza görə uşaq uzun müddətdir dərman müalicəsi alır və reabilitasiya (loqoped və psixoloq) keçir (həm Azərbaycanda həm də Rusiya Federasiyasında müalicə almaqdadır). Uşağın hər ay idman, loqoped və psixoloji dəstəyə ehtiyacı var. Qeyd etdiklərinə görə də məsrəflər yetərincə artmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddianı müdafiə etdiyini və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, uşağın saxlanılması üçün hər ay 220 manat ödəyə bilər. Digər xərclərlə bağlı ödəniş etməyə imkanı yoxdur. Lakin 200 manat bir dəfəyə ödəyə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismın təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 fevral 2023-cü il tarixli MŞL-00189 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 fevral 2023-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı mediatora 55 manat rüsum ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1220/2022 saylı qətnaməsinin surətindən məlum olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(006)- 7012/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 10 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(039)-1664/2022 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli, 2(039)-757/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılması; Cavabdeh 09 noyabr 2011-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh faktiki ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 193 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə iddianın 10 may 2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı müalicəsi üçün faktiki çəkilmiş əlavə xərclərin Cavabdeh cəlb edilməklə 1500 manat pul məbləğin birdəfəlik ödəniş qismində tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı 1500 manat xərcin çəkilməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Lakin cavabdeh iddianın həmin hissəsini qismən, yəni 200 manat hissəsində qəbul etdiyindən, cavabdehdən 200 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini, cavabdehin digər nikahından olan uşaq üçün aliment ödəməsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 10 may 2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 220 manat aliment və 55 manat mediasiya rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Cavabdeh uşağın müalicəsi üçün 200 manat tutularaq İddiaçı xeyrinə verilməlidir. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 28 iyun 2020-ci il tarixli 2(039)-1220/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 10 may 2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 220 manat aliment və 55 manat mediasiya rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh uşağın müalicəsi üçün 200 manat tutularaq İddiaçı xeyrinə verilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar