Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-982/2021 08.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X3, onların və digər Cavabdeh3 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı vurulmuş zərərin ödənilməsi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq 15.500 ABŞ dollarının- manata məzənnədə 22.100 manatın, çəkisi orta hesabla 800 kq olan 20 baş iri buynuzlu erkək cöngənin satış qiyməti olan(orta hesabla hər kq 8 manatdan hesablanmaqla) 128.000 manatın və əldən çıxmış faydaya görə 195.000 manatın cavabdehlərdən müştərək olaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin ortalarında hazırkı iş üzrə cavabdeh olan Tahir ilə tanış olmuş, Tahir ona bildirmişdir ki, Rusiya Federasiyasına gedərək mal alıb gətirsin, həmin malları Azərbaycanda sataraq pul qazansınlar. Tahir ona bildirmişdir ki, malların saxlanılması üçün Yevlax rayonunda hər bir şəraiti-ferması var. O, Tahirlə razılaşmışdır ki, Rusiyadan malları gətirir və hissə-hissə satır, əldə olunan gəlirin 20%-ni isə Tahirə verir. Rusiyadan mal gətirilməsi işini tezləşdirmək üçün Cavabdeh1 onun yanına bir şəxsi gətirərək, həmin şəxsin ona məxsus əmlaka görə 100.000 ABŞ dolları pul verə biləcəyini bildirsə də, o, Siracla razılaşmamış və dostu Faiqdən 40.000 ABŞ dolları borc götürmüşdür. 2016-cı ilin oktyabr ayında diri çəkisi 800 -1000 kq arasında olan 42 baş iribuynuzlu erkək cöngəni Rusiya Federasiyasının Omsk vilayətindən Azərbaycana gətirmişdir. Həmin cöngələri 1 ay müddətində baxmaq üçün Tahir və Sabir qardaşlarına vermişdir. Həmin mallar qardaşların həyətyanı fermalarında yerləşdirilmişdir. Bir ay müddətində, yəni cöngələr hissə-hissə satılana qədər yemlənməsi üçün 1.300 manat pulu Sabir və Tahirə vermişdir. Rusiya Federasiyasına getməzdən əvvəl Faiqdən aldığı 40.000 ABŞ dollarından 30.000 ABŞ dollarını sonradan ona göndərməsi üçün Tahirə vermiş, həmin puldan 4.500 ABŞ dollarını Sirac və Tahir, 10.000 ABŞ dollarını isə oğlu Əmrah vasitəsilə ona göndərmişlər. Qalan 15.500 ABŞ dollar pul isə Sirac və Tahirdə qalmışdır. 42 baş cöngəni Tahirgilə təhvil verdikdən sonra ona məlum olmuşdur ki, cavabdehlər 20 baş cöngəni satıblar. Qalan 22 baş malı isə özü fermadan götürərək Bakı şəhərində satmışdır. Satılmış 20 baş cöngənin pulunu cavabdehlərdən istəyəndə 10-15 günə qaytaracaqlarına söz versələr də, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışlar. Cavabdehlərin hərəkətləri ilə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2016-cı ilin oktyabr ayında 42 baş cöngəni Rusiya Federasiyasından gətirərək Tahirə təhvil vermiş, həmin cöngələrə baxması üçün isə Tahirin qardaşı Sabirə 1.300 manat pul ödəmişdir. Aralarındakı razılığa görə təxminən 1 ay müddətində Tahir qardaşı Sabirlə həmin cöngələrə baxmalı idilər. O isə öz növbəsində cöngələrdən əldə etdiyi qazancdan onlara müəyyən faiz verməli idi. Lakin cöngələri Tahirə təhvil verdikdən təxminən 10-15 gün sonra Tahir ona bildirmişdir ki, 20 baş cöngəni satıb və pulunu tez müddətdə ona qaytaracaqdır. O, Tahirin digər cöngələri də satacağından ehtiyat edərək, onları Bakı şəhərinə göndərməsini xahiş etmişdir. Tahir 22 baş cöngəni ona qaytarmış, o da saxlamağa yeri olmadığı üçün həmin cöngələri dəyərindən də ucuz qiymətə qəssabxanalara satmaq məcburiyyətində qalmışdır. Tahir onunla tanış olduqdan bir qədər sonra onun yanına Cavabdeh1la birlikdə gəlmiş və ona Siracın polis əməkdaşı olduğunu bildirmişdir. O, Siracın polis əməkdaşı olduğuna və onu aldatmayacaqlarına inanaraq Tahirlə birgə iş görmək üçün razılığa gəlmişdir. Sirac da onların razılaşmasında Tahirə dəstək olmuş, hətta cöngələri almağa kifayət qədər pulu olmadığı üçün Sirac onun obyektinin satılmasına müştəri də tapmışdır. Lakin o, obyektini satmaq istəməmiş və dostu Faiqdən 40.000 ABŞ dolları borc götürmüşdür. Həmin pulun 10.000 ABŞ dollarını özü ilə gedərkən Rusiyaya aparmış, qalan 30.000 ABŞ dollarını isə Tahirə vermişdir ki, lazım olanda ona göndərsin. Tahir həmin pulun bir hissəsini, yəni 14.500 ABŞ dollarını özünün, Siracın və oğlu Əmrahın adından bank vasitəsi ilə ona göndərmişdir. Pulun göndərmə qəbzlərini o, Yevlax rayon Polis Şöbəsində araşdırma aparılarkən polis şöbəsinə təhvil vermişdir. Pulun Tahirdə qalan digər hissəsini, yəni 15.500 ABŞ dollarını istəsə də, Tahir həmin pulu və satdığı cöngələrin pulunu ona qaytarmaqdan imtina etmişdir. 2017-ci ildə Yevlax rayon Polis Şöbəsinə, 2019-cu ildə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və hər iki orqanda cavabdehlərin əməllərinə hüquqi qiymət verilmiş və cinayət işinin başlanılması rədd edilmişdir. O da məcbur qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinin dəlillərinə etiraz edərək, iddiaçını tanımadığını, iddiaçıdan nə pul, nə də cöngə aldığını, onunla iddiaçı arasında cöngələrin alınması və saxlanılması barədə hər hansı razılıq olmadığını bildirərək ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahatında bildirmişdir ki, Cavabdeh3 onun qardaşıdır. O, fermada işləyir və çobanlıq edir. Həqiqətən 2016-cı ilin sonlarında iddiaçı saxlaması üçün qardaşı Tahirə 42 baş cöngə vermişdir. Həmin cöngələr onun fermasında yerləşdirilmiş və o, həmin cöngələrə baxmağa başlamışdır. Qardaşı Tahir cöngələr gəldikdən bir müddət sonra 20 baş çöngəni, bir müddət sonra isə digər 22 baş cöngəni fermadan götürərək aparmış, lakin hara və nə məqsədlə aparması barədə ona məlumat verməmişdir. Ona qarşı irəli sürülən tələb əsassızdır və məhkəmədən təmin olunmamasını xahiş etmişdir. Cavabdeh3 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, 20 baş cöngəyə görə iddiaçıya 23000 manat borcludur, o, həmin puldan 2000 ABŞ dollarını bank vasitəsi ilə göndərib, qalan borcu isə işləyərək ödəməyə çalışır. Cavabdeh eyni zamanda iddia müddətinin keçdiyini və iddia müddəti barədə tələblərin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehləri vəkili Fərhad Məmmədov iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbə 3 illik iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. 2016-cı ilin ortalarında o, Əfqanın Tahir və Sirac adlı şəxslə razılığa gələrək iş qurmaq istədiyini bilmişdir. Razılaşmaya əsasən Əfqan öz vəsaiti hesabına Rusiyadan iri buynuzlu mal-qara alıb gətirməli və saxlaması üçün Tahirə verməli, Tahir də həmin malları Yevlax rayonunda yerləşən fermasında saxlamalı idi. Bu məqsədlə o, Əfqanla birlikdə Bakı şəhərindən Yevlax rayonuna gəlmiş və Tahirə məxsus fermanın şəraiti ilə tanış olmuşdur. Bu zaman Sirac da onlarla birlikdə olmuş və Tahirə vasitəçilik etmişdir. O, Əfqanın bu işinə razılıq verməsə də, ondan inciməməsi üçün ona borc pul verəcəyini, işləri yaxşı gedərsə gələcəkdə onun da şərik olaraq işə qoşulacağını bildirmişdir. 2016-ci ildə Əfqan Rusiyaya getməzdən əvvəl o, Əfqana 40.000 ABŞ dolları pul vermişdir. Həmin pulun 30.000 ABŞ dollarını Əfqan onun yanında Tahirə vermişdir. Əfqan cöngələri alıb gətirdikdən sonra o eşitmişdir ki, Tahir 20 baş cöngəni Əfqana xəbər vermədən satıb. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Əsədov Məhəmməd Əsəd oğlu şahid X9 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 04.06.2021-ci il tarixli arayışdan görünür ki, çəkisi 800 kq olan iribuynuzlu erkək cöngənin 04.06.2021-ci il tarixə real bazar dəyəri 6800 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında birgə fəaliyyət barədə şifahi razılaşma əldə olunmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı öz vəsaiti hesabına Rusiya Federasiyasından iri buynuzlu mal-qara alaraq Azərbaycana gətirməyi, sonra isə həmin cöngələri sataraq, satışdan əldə etdiyi gəlir hesabına Cavabdeh3 müəyyən faiz ödəməyi, Cavabdeh3 isə iddiaçının gətirdiyi cöngələri, onlar satılanadək Yevlax rayonunda yerləşən fermada saxlamağı və onlara baxmağı öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd olunan razılaşmanın şərtlərinə əməl edərək, 2016-cı ilin oktyabr ayında 42 baş cöngəni Rusiya Federasiyasından gətirmiş və cöngələri satılanadək Cavabdeh3 təhvil vermişdir. Lakin Cavabdeh3 razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, iddiaçıdan təhvil aldığı 42 baş cöngədən 20 başını iddiaçının məlumatı və razılığı olmadan satmış, satışdan əldə etdiyi pulu isə iddiaçıya qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəfindən 20 baş cöngənin özbaşına satışı ilə iddiaçıya vurulan maddi zərərin məbləği iddia ərizəsində qeyd edildiyi kimi 128.000 manat təşkil edir. Çünki hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM; maddə 218.3.). Bu baxımdan hesab edilməlidir ki, bir baş cöngənin qiyməti “xxxx” MMC-nin verdiyi rəydə qeyd edildiyi kimi 6.800 manat deyil, iddia ərizəsində qeyd edildiyi kimi (128.000 manat : 20 baş cöngə =) 6.400 manatdan hesablanmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə iddia tam əsaslıdır və təmin edilməlidir. Bunlardan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı, 2016-cı ilin sentyabr ayında bank vasitəsi ilə ona göndərilməsi üçün Cavabdeh3 30.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin məbləğdən iddiaçıya bank vasitəsi ilə cəmi 14.500 ABŞ dolları məbləğində pul göndərilmişdir. İddiaçı həmin qəbzləri Yevlax rayon Polis Şöbəsində araşdırılma apararkən polis şöbəsinə təqdim etdiyini bildirmişdir. Həmin araşdırılma materiallarının polis şöbəsindən götürülməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı müraciəti əsasında araşdırılması aparılmış materialın saxlama müddəti bitdiyi üçün material məhv edilmişdir. Cavabdeh3 qalan 15.500 ABŞ dolları məbləğində pulun sonradan iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilir ki, iddiaçıya məxsus 15.500 ABŞ dolları məbləğində pulu Cavabdeh3 iddiaçıya qaytarmamışdır. Ona görə də 15.500 ABŞ dolları məbləğində pul cavabadeh Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinin müzakirə edilən mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbi, cavabdehlərdən müştərək qaydada 15.500 ABŞ dolları və 128.000 manatın tutulması hissəsində qismən əsaslıdır. Qeyd edilən pul məbləğləri yalnız Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, digər cavabdehlərə münasibətdə isə bu hissələrdə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən əldən çıxmış faydaya görə 195.000 manatın alınaraq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Cavabdeh3 və cavabdehlərin vəkil Fərhad Məmmədov tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələblər irəli sürülmədiyinə görə hazırkı işdə Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən iddia müddətlərinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Çünki həmin maddədə müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil edilməsi göstərilmişdir. İddiaçının tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan və bu növ iddialara Mülki Məcəllənin 373.1-ci maddəsində göstərilmiş on illik ümumi iddia müddəti tətbiq edilir və bu əsasla da iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 15.500 (on beş min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnə nisbətində manatla və 128.000 (bir yüz iyirmi səkkiz min ) manat pul Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun kəsir hissəsi olan 20 manat Cavabdeh3 dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-982/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-982/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver