Məhkəmə qərarları › İş №2(039)-99/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-99/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-99/2025 10.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı Xuruş oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Xuruş oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xuruş oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq 900 manat və 2800 manat ümumilikdə 3700 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 57 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində iş üzrə Cavabdeh1 900 manat pulun və Cavabdeh2 2800 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X6 xx.xx.2024-cü ildə vəfat etmişdir. X9 sağlığında hərbi qulluqçu kimi vətən müharibəsi iştirakçısı olmuşdur. Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə medalı ilə təltif edilmişdir. Tunar Məmmədov hərbi qulluqdan ayrıldıqdan sonra avtomobil alveri ilə məşğul olmuşdur. Onunla cavabdehlər arasında borc münasibətləri də avtomobil alveri gedişində yaranmışdır. Vəfat etməzdən əvvəl müxtəlif vaxtlarda Turan Məmmədov ata və oğlu olan Cavabdeh1 və Cavabdeh2 borc pul vermişdir. O, müvafiq olaraq Cavabdeh1 900 manat, Cavabdeh2 isə 2800 manat olmaqla, cavabdehlərə cəmi 3700 manat borc pul vermişdir. Tunar Məmmədovun cavabdehlərə borc pul verməsinə kənd sakinləri Elnur Zeynalov, Maya Əhmədova eləcə də, Mingəçevir şəhər sakinləri Tural Dərqani və Ramil Dərqani şahid olmuşlar. Həmin pulun cavabdehlərə verilməsini mərhumun borclara dair qeyd kitabçasına qeyd edilmişdir. Mərhumun sağlığında cavabdehlər həmin borcu verməkdən müxtəlif bəhanələrlə imtina etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Xuruş oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mərhum oğlunun cavabdehlərə pul verməsi ilə bağlı sübutu şahidlərin ifadələri və mərhum oğlunun kitabçasında yazılmış qeydlərdir. Sözügedən qeydlər X9un özü tərəfindən dəftərçəsinə yazılmışdır. Cavabdehlərin yazısı, imzası ilə yazılmış hər hansı bir qəbz əlində yoxdur. Eşitdiyinə görə Vüsalın anası borcu qaytarmaq üçün pulu ona vermişdir ki, gətirib Tunara çatdırsın, lakin hər hansı bir məbləğdə pul sağlığında Tunara cavabdehlər tərəfindən qaytarılmamışdır. Həmin məsələ ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti araşdırılmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçıya heç bir borcu olmadığını, vaxtı ilə iddiaçının mərhum oğlu ilə avtomobil alqı-satqısı ilə bağlı münasibətləri olduğunu, həmin məsələnin isə özünə məxsus avtomobili hələ X1 ona verməklə bitdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, iddiaçının mərhum oğlu X4 cəmi 250 manat borcu olduğunu etiraf etmiş və həmin pulu qaytarmağı öhdəsinə götürmüş və məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.(müvafiq ərizə təqdim edir). Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir; 07 sentyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi atası İddiaçı Xuruş oğludur. Məhkəmənin sorğusuna Yevlax Rayon Polis Şöbəsinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki, Rayon Polis Şöbəsində vətəndaş İddiaçı Xuruş oğlunun müraciəti əsasında araşdırma materialı və ya cinayət işi olmamışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Xuruş oğlu dövlət hesabına 57 manat pul ödəmişdir. Cavabdeh2 ərizə təqdim edərək, İddiaçı Xuruş oğlu 250 manat borcu olduğunu bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşı ilə bir yerdə işləyir və onunla həmkəndlidir. Tunarnın vəfatından iki üç gün əvvəl sonuncuya məxsus maşınla Mingeçevir şəhərinə gedərkən yolda söhbət borc puldan düşərkən Tunar ona və ərinə digər həmdkəndliləri Natiqin oğlu Vüsalın ona 3000 min manatdan çox borcu olduğunu və hazıradək pulunu ala bilmədiyi demişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum Tunar onun dostu olmuşdur. Mərhum Tunarın kiməsə borc pul verməsini bilavasitə görməsə də, hər zaman aralarında söhbət olarkən digər həmkəndliləri Vüsalın Tunara 2800 manat, atası Natiqin isə 900 manat borcu olduğunu bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum Turan Məmmədovdan ötən ilin noyabr dekabr aylarında VAZ 2106 markalı maşını 2500 manata almış, həmin pulun 1700 manatını həmin gün, 600 manatını isə bir həftə sonra Natiqə vermiş, maşında 300 manat dəyərində problem olduğuna görə qalan 200 manatı verməcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2-ci maddəsinə əsasən Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3-cü maddəsinə əsasən Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, nə iş materialları, nə də tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə tələb olunan pul məbləğlərinin Cavabdeh1 verilməsi öz təsdiqini tapmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır və təmin oluna bilməz. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh iddianı qismən – 250 manat hissədə etiraf edir, qalan hissədə isə iddiaçı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə hər 3 şahid üçüncü şəxsin, eyni zamanda mərhum şəxsin sözlərinə istinad etməklə ifadələr vermişlər belə olan halda isə həmin şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 250 manat məbləğində pul tutulmalı, iddia tələbi Cavabdeh2 münasibətdə isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 250 (iki yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar