Məhkəmə qərarları › İş №2(039)-991/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-991/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-991/2024 04.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 71 manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh inanaraq etibar edərək hazırki cavabdehə əvvəl 4000 manat dəyərində qızılı satmış, ona zinət əşyalarını hər birini verərəkən özünə bildirmişdir ki, 7 adda zinət əşyasının dəyəri minumun həddə 4000 manatdan yuxarıdır. Həmin zinət əşyalarını ondan alaraq onun ehiyatacını nəzərə alaraq 5000 manat dəyərindən artıq olan zinət əşyasını məcbur qalaraq 4000 manata satmışdır. Çünki məcburən bu əşyaları satıb ehtiyaclarına sərf etməli idi. Bu pulu yəni 4000 manatı pulu cavabdeh bir həftə qaytarmalı olduğu halda müəyyən problemlərlə üzləşdiyini banka müraciət etdiyini ona göstərərək əlavə ona 1000 manatda pul verməyini xahiş edərək yaxın günlərdə 5000 manatı qaytaracağına tam inandırmışdır. Pulu qaytarılmadığından dəfələrlə cavabdehdən felefonla zəng edərək pulunu qaytarmasını istəmiş, ancaq cavabdeh tərəf 5000 manat pulu bu günə kimi ona qaytarmamışdır. Əvvəlki məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək cavabdehin təxminən üç il bundan öncə bir həftə yə va on gün müddətinə qaytarmaq şərti ondan 1000 manat pul borc aldığını, özünə məxsus olan 4000 min manat dəyərində qızıları ehtiyacı olduğu üçün cavabdehə satdığını, cavabdehin indiyə qədər bu puldan cəmi iki dəfəyə 250 manat olmaqla (qızının tələbə kartına 150 və 100 manat göndərməklə) qaytardığını, qalan borcunu isə dəfələrlə sonuncudan tələb etsə də Cavabdeh borcunu tam ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iş materiallarında olan səs yazısının ona aid olmadığını, iddiaçı ilə qonşu olmaqla yaxın münasibətdə olmaqla bir evli kimi olduqlarını, iddiaçıdan həqiqətəndə yeddi il bundan əvvəl 3 adda qızıl zinət əşyası aldığını, həmin qızılların dəyəri 2100 manat olan 30 qram çəkidə 1 ədəd qızıl tros sep, dəyəri 1150 manat olan 11 qram çəkidə 1 ədəd qızıl sırqa üzük dəsti, dəyəri 150 manat olan 1 ədəd qızıl kişi üzüyündən ibarət olduğunu, qızıllara görə olan borcunu lotoreya oynayaraq qaytardığını, iddiaçının o vaxt tələbə olan qızına 1 dəfə 150 manat, 1 dəfə isə həmin uşağın Kapital bankdan olan kartına 500 manat göndərməklə ödədiyini, bundan sonra isə İddiaçı bir dəfə 1000 manat borc pul aldığını, lakin bütövlükdə ödədiyini, hazırda iddiaçıya heç bir borcu olmadığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq isə iddiaçıya həm qızıllara, həm də əl borcuna görə ödənişlər edilməsi ilə bağlı hazırda rəsmi qəbz və ya başqa sübutunun olmadığını, məsələ ilə bağlı yəni borcunun qaytarılması barədə oğlu Məhəmməd və əri Xəqani Hacıyevlərin məlumatlı olduqlarını bildirmişdir. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/872/-4/886 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, 01 ədəd “ZYKLEN” markalı DVD-R tipli diskdə olan tədqiqatı tələb olunan “WhatsApp Video 2024-02-10 at 10.17.58” və “WhatsApp Video 2024-02-10 at 10.22.05” adlı mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Cavabdeh Mehbalı qızına məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “ZYKLEN” markalı DVD-R tipli diskdə olan tədqiqatı tələb olunan “WhatsApp Video 2024-02-10 at 10.17.58” və “WhatsApp Video 2024-02-10 at 10.22.05” adlı mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəratin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri keçid prosesləri üçün xarakterik siqnallar kimi mantaj əlamətləri müəyyən olunmadı, mübahisəli fonoqramlar eyni bir yazı quruğusuyla qeydə alınmış, bütövlükdə bir fonoqramın tam olmayan hissələridir. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza təqdqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 110.40 manat pul ödəmişdir. 04 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı vəkili Nümayəndə hesabına 300 manat pul ödəmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində iddiaçının onun anası olduğunu, Cavabdeh onun anasından təxmini 3 il öncə ümumi dəyəri 4000 min manat olan qızıl-zinət əşyası və 1000 manat borc pul aldığını bildirmişdir. Cavabdehin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X3 ifadələrində müvafiq olaraq cavabdehin onların anası və həyat yoldaşı olduğunu, Cavabdeh iddiaçıdan 7 il öncə qızıl-zinət əşyaları və 1000 manat borc pul aldığını, lakin hazıradək borcunu ödədiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər İşə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə ümumilikdə 3400 manat dəyəri olan qızıl əşyalarını nisyə satmış, habelə 1000 manat məbləğində borc pul vermişdir. İddiaçı cavabdehə 5000 manat dəyəri olan qızıl əşyalarını satdığını və 1000 manat borc pul verdiyini, eləcədə cavabdehin həmin borcundan cəmi 250 manatını qaytardığını, cavabdeh isə iddiaçıdan cəmi dəyəri 3400 manat dəyəri olan qızıl əşyalarını aldığını və 1000 manat borc götürdüyünü habelə həmin qızılların dəyərini və pulun hamısını qaytardığını bildirmişdir. İddiaçı cavabdehə məhz 5000 manat dəyəri olan qızıl əşyalarını satdığını, cavabdeh isə iddiaçıya borcunu qaytarmasını təsdiqləyən sübutü məhkəməyə təqdim edə bilməmişlər. Lakin cavabdehin iddiaçıdan 3400 manat dəyəri olan qızıl əşyalarını nisyə alması, habelə 1000 manat məbləğində borc pul götürməsi onun özünün etirafı, həmin pulun 250 manatının ödənilməsi isə iddiaçının izahatı ilə təsdiq olunur. Beləliklə müəyyən olunur ki, Cavabdeh 4150 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4150 (dörd min yüz əlli) manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 64,50 (altmış dörd manat əlli qəpik)manat dövlət rüsumu və vəkili xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul cavabdehdən iddiaçın xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4150 (dörd min yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,50 (altmış dörd manat əlli qəpik) manat məbləğində pul və vəkilə xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat pul İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar