Məhkəmə qərarları › İş №2(039)-994/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-994/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-994/2021 26.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən BOKT “xxxx” MMC-nin xeyrinə 2831,30 manat əsas, 75,95 manat faiz borcu və 0,45 manat cərimə borcu olmaqla, cəmi 2889,70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və 0,40 manat bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “xxxx” MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 24.12.2019-cu il tarixli, 15009/3 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2813.30 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli, 15009/3 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2813.30 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2813.30 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Eyni zamanda 24.12.2019-cu il tarixli, 15009/3 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kredit verənin qarşısında borcalanın 15009/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxx” MMC-yə 2813,30 manat əsas, 75,95 manat faiz borcu və 0,45 manat cərimə borcu olmaqla cəmi 2889,70 manat borcu yaranmışdır. İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Namiq Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək digər Cavabdeh1 onun qardaşı olduğunu, məhkəmə bildirişinin digər cavabdehə çatdığını lakin işi ilə əlaqədar digər cavabdehin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddia tələbini qəbul etdiyini, borcu gələcəkdə hissə-hissə ödəyə biləcəklərini bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 24 dekabr 2019-cu il tarixli, 15009/3 saylı kredit(kredit) müqaviləsindən görünür ki, BOKT “xxxx” MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə, 1% dərəcəsi ilə 2813,30 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 24 dekabr 2019-cu il tarixli, 15009/3 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT “xxxx” MMC ilə zamin Cavabdeh2 arasında 24 dekabr 2019-cu il tarixli, 15009/3 №li zaminlik müqaviləsi bağlanmışdır. BOKT “xxxx” MMC tərəfindən verilmiş 12.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 dekabr 2019-cu il tarixli, 15009/3 saylı kredit müqaviləsi üzrə 2813,30 manat əsas, 75,95 manat faiz borcu və 0,45 manat cərimə borcu olmaqla, cəmi 2889,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 təşkilata olan 2889,70 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2813,30 manat əsas borc, 75,95 manat faiz borcu və 0,45 manat cərimə borcu olmaqla, cəmi 2889,70 manat məbləğində pul və 30,40 manat dövlət rüsumu iddiaçı “BOKT “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar