Məhkəmə qərarları › İş №2(040)-100/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-100/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-100/2025 23.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 29 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 7169,32 manat əsas, 585,39 manat faiz, 5,75 manat cərimə borcu olmaqla, cəmi 7760,46 manat məbləğində borcun və ödənilmiş 97,6 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 16,9 faiz dərəcəsi ilə 36 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh 09 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 7169,32 manat əsas, 585,39 manat faiz, 11,49 manat cərimə borcu olmaqla, cəmi 7766,2 manat borcu yaranmışdır. Cavabdeh 29 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 11,49 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, 5,75 manat məbləğində tələb olunur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli 15-Y-1-0-305-24 saylı Kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 16,9 faiz dərəcəsi ilə 7900 manat məbləğində kredit verilmişdir. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 09 oktyabr 2024-cü il tarixə 7169,32 manat əsas, 585,39 manat faiz 5,75 manat cərimə borcu olmaqla, cəmi 7760,46 manat borcu vardır. İş materiallarında olan: 09 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 97,60 manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməli, Cavabdeh 29 fevral 2024-cü il tarixli 15-Y-1-0-305-24 saylı kredit müqaviləsi üzrə 7169,32 manat (yeddi min bir yüz altmış doqquz manat 32 qəpik) əsas, 585,39 manat (beş yüz səksən beş manat 39 qəpik) faiz, 5,75 manat (beş manat 75 qəpik) olmaqla, cəmi 7760,46 manat (yeddi min yeddi yüz altmış manat 46 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 97,60 manat (doxsan yeddi manat 60 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29 fevral 2024-cü il tarixli 15- Y-1-0-305-24 saylı kredit müqaviləsi üzrə 7169,32 manat (yeddi min bir yüz altmış doqquz manat 32 qəpik) əsas, 585,39 manat (beş yüz səksən beş manat 39 qəpik) faiz, 5,75 manat (beş manat 75 qəpik) olmaqla, cəmi 7760,46 manat (yeddi min yeddi yüz altmış manat 46 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 97,60 manat (doxsan yeddi manat 60 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 7858,06 manat (yeddi min səkkiz yüz əlli səkkiz manat 06 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar