Məhkəmə qərarları › İş №2(040)-102/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-102/2024

16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-102/2024 16.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə ailə münasibətlərindən 14 iyun 2017-ci ildə doğulmuş Uğurun yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və ilkin mediasiya prosesində iştiraka görə ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 avqust 2016-cı ildə ailə həyatı qurmuşdur. Nikahlarını isə cavabdehin səhlənkarlığı səbəbindən rəsmiləşdirməmişlər. Faktiki nikahdan 14 iyun 2017-ci il tarixdə Uğur adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə aralarında nikah olmadığından uşağın doğum şəhadətnaməsini atalığın müəyyən edilməsi haqqında şəhadətnamə əsasında almışdır. Cavabdehlə aralarında narazılıq olduğundan ayrılmışlar. Ayrıldıqdan sonra övladı onun himayəsində qalıb və hal-hazırda da onunla yaşayır. Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etməmiş, bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Uşaq böyüyür, tələbatları artır. O, özü hazırda heç yerdə işləmir, uşaq azyaşlı olduğuna görə onun dərslərinə köməklik edir və uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh faktiki olaraq özəl firmada sürücü işləyir və 220 manat vəsaiti ödəmək iqtidarındadır. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyildir. Hesab edir ki, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisəni həll etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlməmişdir. Mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, birgə nikahlarından olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ikinci dəfə ailə qurmuşdur. Belə ki, 15 mart 2022-ci ildə X2 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 26 mart 2022-ci ildə X3 adlı bir övladı doğulmuşdur. O, ilkin iddia tələbini qəbul etmir. Onun 220 (iki yüz iyirmi) manat aliment ödəmək imkanı yoxdur. Belə ki, hazırda heç bir yerdə işləmir, maddi imkanı çox aşağıdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimenti belə ödəmək imkanı yoxdur. Lakin o, bir ata kimi dərk edir ki, öz övladını saxlamalıdır və ona maddi cəhətdən köməklik etməlidir. Onun övladına görə hər ay 100 manat alliment ödəməyə imkanı çatır. Hesab edir ki, işə baxılarkən bütün bunlar nəzərə alınmalıdır. Onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmayıb. Əksinə maddi vəziyyəti daha da ağırlaşıb. Həmçinin, ailə qurmuş və bir övladı da olmuşdur. Ona görə də alimentin artırılmasına heç bir zərurət yoxdur. Əksinə alimentin azaldılması daha məqsədəmüvafiq olardı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 18 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ilkin iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etməmiş, bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Uşaq böyüyür, tələbatları artır. O, özü hazırda heç yerdə işləmir, uşaq azyaşlı olduğuna görə onun dərslərinə köməklik edir və uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh faktiki olaraq özəl firmada sürücü işləyir. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyildir. Hal-hazırda aldığı aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı çox aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 220 (iki yüz iyirmi) manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməsini xahiş edir. İş materiallarında olan: Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 04 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 996486 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X5 14 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 14 iyun 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(104)-3487/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli MŞG/1-03512 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 14 iyun 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 (yüz altmış) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki halda alimentin azaldılması üçün heç bir əsas yoxdur. Cavabdeh ikinci uşağının doğulması digər uşağa çəkilən xərcin azaldılmasını tələb etməyə əsas vermir. Cavabdeh bir valideyn kimi uşaqlarına baxmağa və onları saxlamağa borcludur. Cavabdeh tələb etdiyi qaydada 100 (yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi alimentin miqdarının kəskin azalmasına səbəb olar, nəticədə uşağın hüquq və mənafeyinə xələl gətirmiş olar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manatın pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İlkin iddia təmin edilsin. 14 iyun 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarı artırılsın, 14 iyun 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. İlkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manatın pul əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar