Məhkəmə qərarları › İş №2(040)-1023/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1023/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1023/2023 07.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 24 iyun 2021-ci il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 1045 manat ödənilməmiş hissə, 104 manat cərimə, 24 iyun 2021-ci il tarixli ikinci müqaviləyə əsasən Samsung Galaxy A12 markalı telefon üçün 184 manat ödənilməmiş hissə, 18 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1351 manat borcun və 33,51 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 24 iyun 2021-ci il və 24 iyun 2021-ci il tarixli iki müqaviləyə əsasən, Samsung Led TV və Samsung Galaxy A12 markalı telefon almış və cəmi 1351 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh, müqavilələrin şərtlərini pozmuş və nəticədə cavabdehin: 1) 24 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1998 manat olan (ilkin ödəniş 66 manat etməklə, 24 ay müddətində hər ay 80,5 manat ödəmək şərti ilə) Samsung Led TV üçün 1045 manat ödənilməmiş hissə, 104 manat cərimə, 2) 24 iyun 2021-ci il tarixli ikinci müqaviləyə əsasən, alqı-satqı qiyməti 477 manat olan (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 26,5 manat ödəmək şərti ilə) Samsung Galaxy A12 markalı telefon üçün 184 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 1246 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəliklərini icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(040)-1023/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək, iki müqavilə üzrə yaranmış 1229 manat əsas borcu imkanı olduqca ödəməyə razı olduğunu cəriməni isə ödəməyə imkanı olmadığını bildirmiş və növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 24 iyun 2021-ci il tarixli 23164982 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1998 manat olan Samsung Led TV əldə edərək, ilkin ödəniş 66 manat etməklə, 24 ay müddətində hər ay 80,5 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 24 iyun 2021-ci il tarixli 23165029 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 477 manat olan Samsung Galaxy A12 markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 26,5 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə cəmi 1246 manat ödəniş etmiş, onun 24 iyun 2021-ci il tarixli müqavilə üzrə 1045 manat əsas, 104 manat cərimə, 24 iyun 2021-ci il tarixli ikinci müqavilə üzrə 184 manat əsas, 18 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 1351 manat (1229 manat əsas, 122 manat cərimə) borcu vardır. İş materiallarında olan: 24 iyun 2021-ci il və 24 iyun 2021-ci il tarixli əşyaların təhviltəslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung Led TV və Samsung Galaxy A12 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 19 iyun 2023-cü il tarixdə ünvanlanmış məktubun surətindən (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 1229 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə (dəbbə pulu) hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə- 122 manat cərimə borcunun tələbinə dair hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hesablanmış 122 manat cərimənin yaranması əsasları barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33,51 manat dövlət rüsumunun 32,29 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 24 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 1045 (min qırx beş) manat əsas borc, 24 iyun 2021-ci il tarixli ikinci müqaviləyə əsasən 184 (yüz səksən dörd) manat əsas borc olmaqla cəmi iki müqavilə üzrə 1229 (min iki yüz iyirmi doqquz) manat borc, həmçinin ödənilmiş 32,29 manat (otuz iki manat 29 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə - 122 manat cərimə borcu hissəsində əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 1045 (min qırx beş) manat əsas borc, 24 iyun 2021-ci il tarixli ikinci müqaviləyə əsasən 184 (yüz səksən dörd) manat əsas borc olmaqla cəmi iki müqavilə üzrə 1229 (min iki yüz iyirmi doqquz) manat borc, həmçinin ödənilmiş 32,29 manat (otuz iki manat 29 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar