Məhkəmə qərarları › İş №2(040)-1078/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1078/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1078/2023 14.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11734,17 manat əsas, 1151,55 manat faiz olmaqla, cəmi 12885,72 manat kredit borcunun və ödənilmiş 128,66 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 09 mart 2023-cü il tarixli, RGTK0107771B249 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, borcalan (cavabdeh) Banka olan borcunu ödəməmişdir. Nəticədə 25 avqust 2023-cü il tarixə cavabdehin 11734,17 manat əsas, 1151,55 manat faiz olmaqla, cəmi 12885,72 manat məbləğində borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək, İddiaçı ASC-yə olan 11734,17 manat əsas, 1151,55 manat faiz olmaqla, cəmi 12885,72 manat kredit borcunu və 128,66 manat dövlət rüsumunu ödəyəcəyini bildirmiş və məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 09 mart 2023-cü il tarixli RGTK0107771B249 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11734,17 manat kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: Maliyyə arayışından görünür ki, Cavabdeh 09 mart 2023-cü il tarixli RGTK0107771B249 saylı kredit müqaviləsi üzrə 25 avqust 2023-cü il tarixə borcu - 11734,17 manat əsas, 1151,55 manat faiz olmaqla, cəmi 12885,72 manat təşkil edir. İş materiallarında olan: 09 mart 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh Kapital Bank” ASC tərəfindən 11734,17 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 31 may 2023ci il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 11734,17 manat (on bir min yeddi yüz otuz dörd manat 17 qəpik) əsas, 1151,55 manat (min yüz əlli bir manat 55 qəpik) faiz olmaqla, cəmi 12885,72 manat (on iki min səkkiz yüz səksən beş manat 72 qəpik) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 128,66 manat (yüz iyirmi səkkiz manat 66 qəpik) dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11734,17 manat (on bir min yeddi yüz otuz dörd manat 17 qəpik) əsas, 1151,55 manat (min yüz əlli bir manat 55 qəpik) faiz olmaqla, cəmi 12885,72 manat (on iki min səkkiz yüz səksən beş manat 72 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 128,66 manat (yüz iyirmi səkkiz manat 66 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar