Məhkəmə qərarları › İş №2(040)-111/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-111/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-111/2024 19.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 2021-ci ilin noyabr ayının əvvəlində Cavabdeh verilmiş düyünün ümumi dəyərini, yəni, 3600 (üç min altı yüz) manat pul məbləğinin və ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 20 dekabr 2021-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, 2021-ci ilin noyabr ayının əvvəlində Cavabdeh ondan ümumi dəyəri 3600 (üç min altı yüz) manat olan 2 ton düyü alaraq həmin düyünün pulunu 10 gün müddətində ödəyəcəyinə söz verdiyini, lakin daha sonra vədinə əməl etməyərək qeyd edilən məbləği geri qaytarmadığını bildirmişdir. Məhz bu müraciət üzrə toplanmış material Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mikayıl Bayramov tərəfindən 30 dekabr 2021-ci il tarixində aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, 15 yanvar 2022-ci il tarixində isə Nəsimi RPİ İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Kənan Kərimlinin icraatına həvalə edilmişdir. Həmin icraat materiallarında da təsbit edildiyi kimi, 2021-ci ilin oktyabr ayının sonlarında bizneslə məşğul olmağa və Ucar rayonundan ucuz qiymətə düyü alaraq həmin düyüləri Bakı şəhərində mağazalara satmağa başlamağını, Bakı şəhərində yerləşən ərzaq mağazalarına daxil olaraq düyülər təklif etməyini, 2021-ci ilin noyabr ayının əvvəlində Z.Bünyadov prospektində yerləşən ucuzluq marketə daxil olaraq həmin marketi icarə əsaslarla işlədən Cavabdeh Ucar rayonundan gətirdiyi sözügedən düyüləri təklif etmiş olmağını, Eldəniz adlı şəxsin onun təklifi ilə razılaşaraq çəkisi 50 kq olan, bir kisə düyünü nisyə olaraq almasını, bu hadisədən təqribən 2 gün sonra Cavabdeh onunla telefon vasitəsilə əlaqə saxlayaraq 2 ton düyü almaq istədiyini bildirməsini və həmin düyünün pulunu 10 gün müddətində qayataracağına söz vermiş olmasını, 2 gün keçdikdən sonra vədəyə uyğun olaraq, Cavabdeh təqribən 5 nəfər tanımadığı şəxslə anbar kimi istifadə etdiyi ünvan 1 ünvanına gəlməsini və yuxarıda qeyd edilmiş 5 nəfər şəxsdən birinə məxsus olan avtomobilə istədiyi 2 ton düyünü yükləyərək getmiş olmasını, bundan sonra Cavabdeh vəd etdiyi pulu ödəmədiyini və yalan vədlərlə onu gözlətməyə başlamış olmasını bildirmişdir. Bu bildirdiklərinin bir təsdiqi olaraq müvafiq araşdırma zamanı Cavabdeh özü tərəfindən verilmiş izahat da göstərilə bilər ki, həmin izahatda Cavabdeh Kənana olan 3600 manat pul öhdəliyini vaxtında icra edə bilmədiyini bildirmişdir. Müvafiq araşdırma ilə əlaqədar bildirmək lazımdır ki, müəyyən əsaslı səbəblərlə "cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 yanvar 2022-ci il tarixində çıxarılmış qərarda da göstərilmişdir ki, bu kimi hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, 19 mart 2024-cü il tarixdə məhkəməyə bildiriş (sms) göndərərək, İddiaçı 3600 (üç min altı yüz) manat dəyərində yumru düyü aldığını, həmin məbləğin 2900 (iki min doqquz yüz) manatını ödədiyini, hazırda 700 (yeddi yüz) manat borcunun olduğunu təsdiq etdiyini bildirmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 2021-ci ilin noyabr ayında ondan dəyəri 3600 (üç min altı yüz) manat olan 2 ton düyü almışdır. Həmin vaxt düyünün 1 kiloqramının qiyməti 1 manat 80 qəpik olmuşdur, hazırda isə 3 manat 30 qəpikdir. Cavabdeh onun kartına 1400 (min dörd yüz) manat, onun qardaşı isə 1500 (min beş yüz) manat pul ödəyib. Cavabdeh tərəfindən ona 2900 (iki min doqquz yüz) manat pul ödənilsə də 2 il ərzində pulunu vaxtında qaytarmadığına görə hazırkı tələbi 3600 (üç min altı yüz) manatdır. Belə ki, hazırda düyünün qiyməti iki il bundan qabaqkı qiymətindən tam fərqlidir. Ona görə də 3600 (üç min altı yüz) manat məbləğində pulun, 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən 25 yanvar 2022-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində Nəsimi RPİ-yə ərizə ilə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 700 (yeddi yüz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə 3600 (üç min altı yüz) manat dəyərində düyü satdığını, cavabdeh tərəfindən 2900 (iki min doqquz yüz) manat pulun qaytarıldığını, 700 (yeddi yüz) manat borcunun qaldığını bildirmiş, lakin cavabdeh öhdəliyini vaxtında yerinə yetirmədiyindən və düyünün hazırkı bazar qiyməti qalxdığından hazırda cavabdehdən 3600 (üç min altı yüz) manat pul tələb etdiyini bildirsə də məhkəməyə iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi bildirişdə (sms) qeyd etdiyi izahatı ilə iddiaçıya 700 (yeddi yüz) manat borcunun olduğunu etiraf etmişdir. Bununla da, cavabdehin iddiaçıya 700 (yeddi on) manat borcunun olması təsdiq olunur. Belə olan halda Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində əsas borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 730 (yeddi yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar