Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1140/2024 27.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(040)-533/2019 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan cəmi 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki nikahdan 18 aprel 2017-ci il tarixdə Rəşad adlı bir övladı doğulmuşdur. Cavabdehlə aralarında narazılıq olduğundan ayrılmışlar. Kəlbəcər Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(040)-533/2019 saylı qətnaməsi ilə 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Uşaq böyüdükcə tələbatları da artır. Oğlunu saxlamaqda maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə uşağa alimentdən başqa heç bir köməklik göstərmir. Alimentin artırılmasına zərurət yaranmışdır. Bunun üçün mediasiya şurasına müraciət etmiş, cavabdehlə mediasiya prosesində razılığa gələ bilməmişdir. Bu barədə Goranboy 1 saylı Mediasiya təşkilatının 10 oktyabr 2024-cü il tarixli arayışını məhkəməyə təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 18 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 18 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(040)-533/2019 saylı qətnaməsi ilə övladı Rəşadın saxlanması üçün cavabdehdən hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 235 (iki yüz otuz beş) manat aliment ödəməyə cavabdehin imkanı çatır. Həmçinin, alimentin 200 (iki yüz) manat məbləğində təyin edilməsinə də etiraz etmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi 18 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı çatmır. Uşağın saxlanması üçün hər ay 200 (iki yüz) manat aliment ödəməyə razıdır. İddianın qismən təmin edilməsini xahiş etmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 28 aprel 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 922222 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 18 aprel 2017-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2019-cu il tarixli 2(040)-533/2019 saylı qətnaməsinin surətindən görünür ki, 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aylıq alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli MŞG/MT/032-2024-00697 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 (yüz otuz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(040)-533/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 200 (iki yüz) manatdan artıq olan 35 (otuz beş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(040)-533/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı artırılsın. 18 aprel 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə əsasında alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1140/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1140/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver