Məhkəmə qərarları › İş №2(040)-115/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-115/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-115/2023 03.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Cavabdeh və nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 834,69 manat (səkkiz yüz otuz dörd manat-69 qəpik) əsas borcun və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" QSC (bundan sonra təşkilat) arasında xx.xx.2020-ci il tarixli BO0010609-2020 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2 bəndlərinə əsasən, “İstehlak” məqsədi ilə borcluya 12 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə olmaqla 1123 (bir min bir yüz iyirmi üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 288,31 manat (iki yüz səksən səkkiz manat 31 qəpik), müqavilənin 3.5-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 989,74 (doqquz yüz səksən doqquz manat 74 qəpik) manat və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 334,95 manat (üç yüz otuz dörd manat- 95 qəpik) olmaqla, cəmi 1613 (bir min altı yüz on üç manat 13 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 834,69 manat (səkkiz yüz otuz dörd manat 69 qəpik) məbləğində əsas məbləğ borcu vardır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(040)-1071/2022 saylı qərardadı ilə iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Muxtar Musayev 28 fevral 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə göndərərək qeyd etmişdir ki, Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını xx.xx.2020-ci il tarixli, SG-BO00 10609-2020 saylı “Saxlanc girov müqaviləsi” əsasında iddiaçı təşkilata girov qoymuşdur. Girov qızıl-zinət əşyalarının qiyməti tərəflər arasında razılaşdırılmış qaydada likvid olaraq 1158,4 manat qiymətləndirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, cavabdeh müqavilə üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Bu səbəbdən də cavabdehin girov qoyduğu qızıl-zinət əşyaları məhkəmədən kənar qaydada, qanunvericiliyin tələbinə əsasən, qabaqcadan tərəflərin qarşılıqlı razılaşdırılmış likvid qiyməti 1158,4 manata deyil, daha baha, yəni 1313 manata satılaraq, kredit borcuna silinmişdir. Hazırda, Cavabdeh iddiaçı "xxxx" QSC-yə 834,69 manat məbləğində əsas borcu qalmaqdadır. Cavabdeh nümayəndəsi X3 12 aprel 2023-cü ildə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul etməyərək mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(040)-115/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 03 avqust 2023-cü ilə təyin edilmişdir. İddiaçı BOKT "xxxx" QSC nümayəndəsi məhkəməyə ərizə göndərərək, 03 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 03 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, ekspert rəyində göstərilən 487,76 manat (dörd yüz səksən yeddi manat-76 qəpik) əsas borcu imkanı olduqca ödəməyə razı olduğunu, qalan hissədə iddianı qəbul etmədiyini, habelə girov qoyduğu qızıl əşyalarını iddiaçıdan ayrıca tələb edəcəyini bildirmiş və bunları nəzərə almasını xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). Cavabdehin nümayəndəsi (anası) X3 03 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, ekspert rəyində göstərilən 487,76 manat (dörd yüz səksən yeddi manat-76 qəpik) əsas borc hissədə iddianı qəbul etdiklərini, qalan hissədə iddianı qəbul etmədiklərini bildirmişdir. İş materiallarında olan: 04 noyabr 2020-ci il tarixli “BO0010609-2020” saylı kredit müqaviləsindən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, kreditor tərəfindən borcalana 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 1123 manat məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 30 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 04 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 288,31 (iki yüz səksən səkkiz manat 31 qəpik) manat, faiz borcu üzrə 989,74 (doqquz yüz səksən doqquz manat 74 qəpik) manat və cərimə borcu üzrə 334,95 (üç yüz otuz dörd manat 95 qəpik) manat olmaqla, cəmi 1613 (bir min altı yüz on üç manat 13 qəpik) manat ödəniş etmiş, onun 834,69 manat borcu yaranmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 9/3346 saylı ekspert rəyindən görünür ki, 04 noyabr 2020-ci il tarixli “BO0010609-2020” saylı kredit müqaviləsi üzrə Cavabdeh 30 sentyabr 2022-ci il tarixə BOKT "xxxx" QSC-yə olan borcu: 487,76 manat (dörd yüz səksən yeddi manat 76 qəpik) əsas, 21,46 manat (iyirmi bir manat 46 qəpik) faiz olmaqla cəmi 509,22 manat (beş yüz doqquz manat 22 qəpik) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan: 30 sentyabr 2021-ci il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıqdan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən-487,76 manat (dörd yüz səksən yeddi manat 76 qəpik) əsas borc və 30 (otuz) manat dövlət rüsumunun tələbinə dair hissədə qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və buna görə borcu yaranmışdır. Lakin iddia ərizəsində cavabdehin əsas borcu 834,69 manat göstərilsə də, ekspert rəyində 04 noyabr 2020-ci il tarixli “BO0010609-2020” saylı kredit müqaviləsi üzrə əsas borcu 487,76 manat (dörd yüz səksən yeddi manat 76 qəpik) məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiada tələb edilən yalnız əsas borc olduğundan və ekspert rəyinə uyğun olaraq cavabdehin əsas borcun məbləği 487,76 manat (dörd yüz səksən yeddi manat 76 qəpik) məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehdən 487,76 manat (dörd yüz səksən yeddi manat 76 qəpik) əsas borc və məhkəmədə iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan 346,93 manat borc tələbi hissəsində əsassız olduğundan rədd edilməlidir. Həmçinin ekspertiza xərci olaraq tərəflərdən müştərək qaydada 100 (yüz) manat (iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 487,76 manat (dörd yüz səksən yeddi manat 76 qəpik) əsas borc, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 517,76 manat (beş yüz on yeddi manat-76 qəpik) tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərci olaraq tərəflərdən müştərək qaydada 100 (yüz) manat (iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin “Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************” nömrəli hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar