Məhkəmə qərarları › İş №2(040)-1155/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1155/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1155/2023 28.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 (on min) manat pulun və 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayon sakini, Kəlbəcər rayonunun Bağlıpəyə kəndində qeydiyyatda olub Bərdə rayon Şorəlli kəndində yaşayan, əvvəllər tanıdığı, münasibəti olan Cavabdeh onun yaşadığı ünvana gələrək, 10000 (on min) manat pul istəmiş, ancaq ona 10000 (on min) manat verməyə tərəddüt etmişdir. Sonra onun yalvarışlarına inanıb 10 avqust 2021-ci il tarixdə 10000 (on min) manat pulu Cavabdeh vermişdir. Sevinc ona demişdir ki, banka olan borcunu bağlayıb bugün və ya sabah pul götürüb pulunu qaytaracaqdır. Həmin vaxtdan bu günə qədər pulunu ala bilmir. Sonradan aldığı məlumata görə Cavabdeh ondan aldığı 10000 (on min) manatı hansısa tanışına vermiş, həmin şəxs isə qumarda uduzmuşdur. O, bununla bağlı aidiyyəti qurumlara, Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, ancaq bir nəticəsi olmamışdır. Ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, Cavabdeh 10000 (on min) manat və dövlət rüsumuna ödənilmiş 120 (yüz iyirmi) manat pulun alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnamasinə ehtiyacı vardır. Cavabdeh könüllü olaraq onun pulunu qaytarmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 25 oktyabr 2023-cü il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 28 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 16 noyabr 2023-cü il tarixdə məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək, iddia tələbini qəbul etmədiyini, iddiaçının yalan və böhtan dediyini, ona pul vermədiyini, iddiaçının ondan aldığı 6200 manat pula görə Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(021)-2851/2021 saylı qətnaməsi qəbul edildiyinə görə iddiaçı böhtan deməklə qərəzli iddia qaldırdığını qeyd etmişdir. Ona görə də iddia qərəzli və əsassız olduğundan işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Kəlbəcər rayonunun Bağlıpəyə kəndində qeydiyyatda olub Bərdə rayon Şorəlli kəndində yaşayan, əvvəllər tanıdığı və münasibəti olan Cavabdeh onun yaşadığı ünvana gələrək, 10000 (on min) manat pul istəmiş, ancaq ona 10000 (on min) manat verməyə tərəddüt etmişdir. Sonra onun yalvarışlarına inanıb 10 avqust 2021-ci il tarixdə 10000 (on min) manat pulu Cavabdeh vermişdir. Sevinc ona demişdir ki, banka olan borcunu bağlayıb bugün və ya sabah pul götürüb pulunu qaytaracaqdır. Həmin vaxtdan bu günə qədər pulunu ala bilmir. Sonradan aldığı məlumata görə Cavabdeh ondan aldığı 10000 (on min) manatı hansısa tanışına vermiş, həmin şəxs isə qumarda uduzmuşdur. O, bununla bağlı aidiyyəti qurumlara, Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, ancaq bir nəticəsi olmamışdır. Ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh könüllü olaraq onun pulunu qaytarmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun əlində sübut kimi cavabdehlə olan səs yazıları vardır. Cavabdehə borc pul verərkən bu barədə cavabdehdən yazılı qəbz almamış, həmçinin bu barədə şahidləri yoxdur. Cavabdeh ona olan 10000 (on min) manat borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 10000 (on min) manat pulun və 120 (yüz iyirmi) manat dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Bərdə Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10 yanvar 2022-ci il tarixli 49733 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh pulun alınması tələbinə dair aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehə 10000 (on min) manat pul verdiyini izahatında bildirmiş, lakin məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır. Cavabdeh tərəfindən də iddia qəbul edilməmiş, cavabdehin iddiaçıya borclu olduğu öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “10000 (on min) manat pul və 120 (yüz iyirmi) manat dövlət rüsumunun pul əvəzi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar