Məhkəmə qərarları › İş №2(040)-1156/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1156/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1156/2025 13.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “cinayət əməli nəticəsində cavabdehin ona vurduğu maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 23 fevral 2024-cü il tarixdə saat 07:00 radələrində avtomobil yolunun Bakı şəhəri Nizami rayonu, ünvan ünvanda yerləşən "Arzu Hall" şadlıq sarayının qarşısında dördzolaqlı hərəkət yolunun sağ tərəfindən birinci hərəkət zolağında 49 saylı sərnişin avtobusundan düşüb nisbətən qaranlıq havada olmaqla elektrik işığı ilə işıqlandırma şəraitində və çiskinli havada Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi istiqamətindən üzü şəhərin mərkəzi istiqamətində olmaqla avtomobil yolunu adi yerişlə sağdan sola keçməyə başlamışdır. Şəhərin mərkəzi istiqaməti üzrə dörd zolaqlı avtomobil yolunun sol tərəfdən birinci zolağına daxil olanda gözləmədiyi anda eyni istiqamət üzrə həmin zolaqda hərəkətdə olan sonradan tanıdığı Cavabdeh idarə etdiyi “Mercedes Benz E220 CDİ minik" markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ona çırpıldığından, yol-nəqliyyat hadisəsi baş vermiş, o, yerə yıxılıb xəsaratlər almışdır. Həmin vaxt o, huşunu itirmiş, bundan sonra heç nə xatırlamamış və ayılanda X1mağı ona aydın olmuşdur. Nicat Məmmədovun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xasarətlərə görə ona göstərilmiş tibbi xidmətlərin 200 (iki yüz) manat xərcini sonuncu qarşılasa da, digər tibbi və başqa xərclərini qaytarmamışdır. Hazırki vaxtadək ev şəraitində müalicəsi davam etsə də, Nicat Məmmədov onunla maraqlanmamışdır. Məlum yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər almağı ilə əlaqədar ona ümumilikdə 5000 (beş min) manat ziyan dəymişdir. Cinayət işi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olarkən Cavabdeh ona cəmi 3000 (üç min) manat ödəyə biləcəyini demiş və ona dəymiş ziyanın 2000 (iki min) manatını ödəmiş, qalan 1000 (bir min) manatını isə üç ay ərzində ödəyəcəyinə dair razılaşma ərizəsi yazmışdır. Məhkəmədə isə ondan cavabdehə qarşı heç bir şikayəti olmaması baradə ərizə alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 1(007)-477/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin ikinci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qərarından sonra Cavabdeh ona 1000 (bir min) manat məbləğində pulu vermir və telefonunu da götürmür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 18 sentyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul etdiyini, iddiaçının tələb etdiyi pulu hissəhissə ödəyəcəyini bildirmişdir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2024-cü il tarixli 1(007)-477/2024 saylı qərarının surətindən görünür ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Cavabdeh zərərçəkmiş şəxs İddiaçı ilə barışmışdır, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Qərarın nəticə hissəsində: Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: 20 sentyabr 2024-cü il tarixdə əlyazma ilə yazılaraq Cavabdeh və İddiaçı imzaları ilə təsdiq edilmiş “Razılaşma”dan görünür ki, təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı vurduğu zərərin əvəzi olaraq 2000 (iki min) manat vəsait ödəmiş, əlavə olaraq 3 ay müddətinə, yəni 20 dekabr 2024-cü il tarixədək 1000 (bir min) manat ödəyəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.4-cü maddəsində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat əsas borc, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 1030 (bir min otuz) manat məbləğdə pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat əsas borc, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 1030 (bir min otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar