Məhkəmə qərarları › İş №2(040)-1225/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1225/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1225/2024 19.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(045)-602/2021 saylı qətnaməsi ilə 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(045)-602/2021 saylı qətnaməsi ilə 04 mart 2021-ci il tarixindən başlayaraq 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda uşaq böyümüş, 11 yaşı vardır, orta məktəbdə 5-ci sinifdə oxuyur. Uşaq böyüdükcə tələbatları da artır. O, özü heç yerdə işləmir. Oğlunu saxlamaqda maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə uşağa alimentdən başqa heç bir köməklik göstərmir. Alimentin artırılmasına zərurət yaranmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 03 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən aylıq 100 (yüz) manat aliment tələb etdiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 03 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 03 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Goranboy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(045)-602/2021 saylı qətnaməsi ilə 04 mart 2021-ci il tarixindən başlayaraq 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 100 (yüz) manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi 03 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, uşağın saxlanması üçün hər ay 100 (yüz) manat aliment ödəməyə razıdır. Həmin məbləğdən artıq aliment ödəməyə imkanı çatmır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 aprel 2013cü il tarixdə verilmiş AZ-İİİ № 090506 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 31 mart 2013-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2021-ci il tarixli 2(045)-602/2021 saylı qətnaməsinin surətindən görünür ki, 31 mart 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 mart 2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 40 (qırx) manat sabit pul məbləğində aylıq alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli MŞG/MT/032-2024-00715 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 40 (qırx) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(045)-602/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 40 (qırx) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Goranboy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(045)-602/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı artırılsın. 31 mart 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. Bu qətnamə əsasında alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar