Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1245/2025 02.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs-"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mülkiyyətində olan Gəncə şəhəri 3-cü mikrorayon, Hüseyn Arif küçəsində yerləşən fərdi yaşayış evinin yanması nəticəsində ona dəymiş 230454,40 AZN (iki yüz otuz min dörd yüz əlli dörd manat-40 qəpik) məbləğdə maddi ziyanın və evin yanması nəticəsində onun keçirdiyi mənəvi sarsıntıya görə 20000 AZN (iyirmi min manat) məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayon Hüseyn Arif küçəsində yerləşən və özünə məxsus olan fərdi yaşayış evini 2013-cü ildə inşa edərək həmin evdə yaşamışdır. 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində evin yataq otağında pəncərənin şüşəsinin partlaması nəticəsində yuxudan oyanmış və evin yanmasının şahidi olmuşdur. Yanğın nəticəsində ev və içərisində olan əşyalar yanaraq yararsız hala düşmüşdür. Yanğına səbəb cavabdehin yol verdiyi səhlənkarlıq olmuşdur. Belə ki, onun evinin elektrik xətləri cavabdeh tərəfindən çəkilmişdir. Ekspertiza rəyinə əsasən, yanğının baş verməsinə səbəb cavabdehin qanunsuz hərəkətləri olmuşdur. O, hesab edir ki, onun evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. Onun evində olan kamera çəkilişlərinə diqqət yetirdikdə yanğının məhz elektrik qısaqapanması nəticəsində baş verməsi aydın görünür. Elektrik şəbəkəsinin işçisi Gülər Sadıqova ifadəsində bildirmişdir ki, yanğının elektrik enerjisi ilə heç bir bağlılığı yoxdur. Gülər Sadıqovanın ifadəsində qeyd edilir ki, o, Gülər Sadıqovadan smart kart ilə bağlı olan müqavilə tələb etmiş, lakin ərazidə olduğundan Gülər Sadıqova müqaviləni aparıb verə bilməmişdir. Sonra ünvanı soruşmuş lakin ünvanı ona deməmişdir. Sonradan müqaviləni imzalatdırmağa gedən zaman yanğının olmasının şahidi olmuşdur. Bu ifadədə olan ziddiyyətlər onu deməyə əsas verir ki, elektrik enerjisində baş verən qüsur zamanı yanğın baş vermişdir. Belə ki, ifadəyə diqqət yetirdikdə o özü tələb edir ki, gətirin müqaviləni verin, gətirmirlər; bildirirlər ki, ünvanı demədi; necə olur, özü çağırır ancaq ünvanı demir? Sonda necə oldu ünvanı tapa bildi? Bütün bunlar hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsasən, yanğının baş verməsinə səbəb elektrik naqillərində baş verən yüklənmə olmuşdur. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi Dövlər yanğın nəzarəti xidmətinin Gəncə regional döblət yanğın nəzarəti idarəsinin 03 noyabr 2022-ci il tarixli yanğın haqqında aktında göstərilmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri 3-cü mikrarayon H.Arif küçəsində yerləşən, İddiaçı məxsus yaşayış evində baş vermiş yanğına səbəb qonşunun kamera görüntülərinə əsasən, elektrik paylayıcı qutusunda qisaqapanmanının yaranmasından baş verdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli rəyinə əsasən, yanğın nəticəsində ona əmtəə üzrə dəymiş ziyanın məbləği 142940 AZN (yüz qırx iki min doqquz yüz qırx manat) olduğu müəyyən edilmişdir. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli rəyə əsasən, mənzilin təmir-tikinti, usta-fəhlə pulu ilə birlikdə evin əvvəlki vəziyyətə gətirilməsi üçün 87984,40 AZN (səksən yeddi min doqquz yüz səksən dörd manat-40 qəpik) tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 mart 2023-cü il tarixli 10/7989 nömrəli yanğın texniki ekspertiza rəyində qeyd edilmişdir ki, evdə baş verən yanğına görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətləri çəkən şəxs tərəfindən pozulmuşdur. İş üzrə məhkəmə hazırlıq iclası 15 oktyabr 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 17 noyabr, 15 dekabr 2025-ci il və 15 yanvar 2026-cı il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 02 fevral 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehin ərizəsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, evin elektrik xəttini Faiq çəkib, ondan sonra heç bir dəyiklik olmamışdır. Evdə elektriklə bağlı hər hansı problem olduqda yenə də Faiqi çağırırdı. Əvvəl mağaza kimi nəzərdə tutduğu tikilini sonradan otaq edərkən elektrik xətti çəkdirməmişdir; əvvəlki xəttlər yerində qalmışdır. Sayğac elektrik xətləri çəkildikdən sonra quraşdırılmış, bu barədə müqavilə verilməmişdir. Cavabdehlə aralarında elektrik xəttinin çəkilməsi ilə bağlı hər hansı şifahi razılaşma və ya yazılı müqavilə olmamışdır. Faiqin elektrik xətlərinin çəkilməsi üçün xüsusi təhsilinin olmadığını da əvvəlcədən bilmişdir. Bununla belə, ona dəymiş ziyana görə Faiq təqsirlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yanğın hadisəsi baş vermiş evin elektrik xəttini 2014-cü ildə o çəkmişdir, lakin ondan sonra evdə dəyişikliklər olmuşdur: belə ki, bir otaq və bir hamam artırılmışdır; onun işlədiyi müddətdə həmin otaq və hamam olmamışdır. Bundan başqa, evə elektrik sayğacını o quraşdırmamışdır; məhkəmə icraatında tədqiq edilmiş qısa videomaterialdan görünür ki, qısaqapanma binadan çöldə- elektrik sayğacında baş vermişdir. O, evin yanmasında özünü təqsirli hesab etmir. Bundan başqa, ekspertiza keçirilərkən o dəvət olunmamış, ekspertizanın keçirilməsində iştirak etməmişdir. Divar olan yerlərdə elektrik xətti divarın içi ilə, tavan hissədə isə tavanın üstü ilə çəkilmişdir. Yanğın sayğacdan başlamışdır, evin daxilindən başlamamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs-"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti sayğaca gələn enerjiyə qədər məsuliyyət daşıyır, belə ki, müsbət, mənfini müəyyən edir, küçədə sayğacı quraşdırır. Sayğacdan sonra yaranmış hər hansı nasazlığa görə abonent məsuliyyət daşıyır. Həmçinin, yanğın evin daxilində qısaqapanma nəticəsində baş vermişdir. Əgər yanğın sayğacdan başlasaydı, sayğac yanıb kül olardı. Bu məsələ ilə bağlı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı da iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə belə qənatə gəlmişdir ki, yanğın hadisəsinin baş verməsində "xxxx" təqsirli deyildir. Bundan başqa, onun şəxsi mülahizəsinə görə, yanğın qanunsuz kənar xəttin qoşulması səbəbindən də baş verə bilər. Belə ki, yanğın 2022-ci ildə baş vermiş, 2020-ci ildə iddiaçı elektrik xəttindən kənar xətt istifadə etdiyinə görə 3587 manat məbləğində cərimə edilmişdir. Əlavə olaraq bildirir ki, sayğacda hər hansı nasazlıq olsaydı, quraşdırıldığı an enerji paylanmazdı. Odur ki, yanğın hadisəsinin baş verməsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin heç bir məsuliyyəti yoxdur. Videogörüntülərin məhkəmə iclasında tədqiqi: Cavabdehin məhkəməyə təqdim etdiyi elektron daşıyıcıda (diskdə) olan vidogörüntülərə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, evin xaricində quraşdırılmış sayğacda qığılcım yaranır, daha sonra yanğın baş verir. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(125)-2896/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi ziyana və mənəvi zərərə görə pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2025-ci il tarixli 2(104)-427/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(102)-1784/2025 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-427/2025 nömrəli 3 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07 mart 2023-cü il tarixli 10/7986 nömrəli ekspert rəyinin surətindən görünür ki, Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 18161 (on səkkiz min bir üz altmış bir) manat təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26 may 2023-cü il tarixli 9/3251 nömrəli ekspert rəyinin surətindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza tədqiqatına təqdim edilmiş məlumatda (cədvəldə) göstərilən 40 adda malların zədələnməmişdən əvvəl, normal vəziyyətdə ayrı-ayrılıqda orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 11870 (on bir min səkkiz yüz yetmiş) manat müəyyən edilir. Digər məlumatda (cədvəldə) qeyd edilən 71 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, sayı, ölçüləri, istismar müddəti və digər texniki göstəriciləri) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07 mart 2023-cü il tarixli 10/7989 nömrəli ekspert rəyinin surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi evin girişində talvarın tavan hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Yoxlama materiallarında fərdi yaşayış evinə kənar müdaxilə hallarının qeydə alınmadığı, yanğından sonrakı qalıqların üzərində tez alışan neft məhsulları izlərinin aşkar edilmədiyini nəzərə alaraq, yanğın, 25 noyabr 2022-ci il tarixli 573 nömrəli müayinə protokolunda qeyd edildiyi kimi, elektrik xətlərində yaranmış qəza (qısaqapanma, artıq yüklənmə, yüksək keçid müqaviməti) halından baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7, 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri pozulmuşdur. Fərdi yaşayış evinin elektrik xəttlərinin mövcud norma və qaydaların tələblərinə uyğun olmayan, yəni yanar materialların birbaşa üzəri ilə çəkdiyinə, eləcə də xətlər bir-birinə soyuqburma üsulu ilə birləşdiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28 iyul 2023-cü il tarixli 10/4144 nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş smeta xərclərinə əsasən, Gəncə şəhəri 3cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus ikimərtəbəli fərdi yaşayış evinin əvvəlki vəziyyətinə gətirilməsi üçün təmir-tikinti işlərinin usta-fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin 87984,40 (səksən yeddi min doqquz yüz səksən dörd manat-40 qəpik) məbləğində olduğu müəyyən olunur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12 iyul 2023-cü il tarixli 9/4322 nömrəli ekspert rəyinin surətindən görünür ki, 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən yaşayış evində baş vermiş yanğın nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği 142470 (bir yüz qırx iki min dörd yüz yetmiş) manatvmüəyyən edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 09 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6146 nömrəli ekspert rəyinin surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin girişində yerləşən talvarda olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Hazırki iş üzrə təyin edilmiş ilkin ekspertiza rəyi verildikdən sonra təhqiqat tərəfindən müəyyən edilmiş halları, yanğından sonrakı qalıqların üzərində tez alışan neft məhsulları izlərinin aşkar edilmədiyini, hadisə yerindən nümunə kimi götürülmüş elektrik qurğularının üzərində elektrik təbiətli qəza izlərinin (artıq dövrə yüklənməsi) yaranmasını nəzərə aldıqda, yanğın-talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Fərdi yaşayış evinin elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin təhqiqatçısı, leytenant X1 icraatında olan 1591 saylı material üzrə qəbul etdiyi 30 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın üurətindən görünür ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yanğın baş vermiş və alov yayılaraq X3 məxsus fərdi yaşayış evinə keçmiş, nəticədə İddiaçı məxsus fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə, X3 məxsus fərdi yaşayış evinin çardağı və tavanı yanaraq yararsız vəziyyətə düşmüşdür. Yoxlama zamanı izahatı alınmış İddiaçı ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, özünə məxsus fərdi yaşayış evini 2013-cü ildə inşa etdirərək ailə üzvləri ilə həmin evdə yaşayır. 29 oktyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində evdə yanğın iyisinin olduğunu hiss edərək evin birinci mərtəbəsinin yataq otağının pəncərəsinin çatlaması səsinə yuxudan oyanmış və dərhal otağın qapısını açaraq “naves”in altında yanğın hadisəsinin baş verdiyini görmüşdür. Ailə üzvlərini yuxudan oyadaraq və nəvələrini götürüb eyvandan çölə çıxmışlar. Qonşularını köməyə çağıraraq onlarla birlikdə yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Yanğınsöndürmə xidmətinə zəng edərək məlumat vermiş və bir müddətdən sonra gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. Xəsarət alan olmamış, yanğından əvvəl “Ariston” markalı su qızdırıcı və soyuducu elektrik şəbəkəsinə qoşulu olmuşdur. Yanğın nəticəsində özünə məxsus fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə, qonşusu X3 məxsus fərdi yaşayış evinin çardağı və tavanı yanaraq yararsız vəziyyətə düşmüşdür. Xəsarət alan olmamış, evin elektrik sayğacı X2 işçiləri tərəfindən dəyişdirilmiş, hər-hansısa təhvil-təslim aktı tərtib olunmamışdır. X2 rəhbərliyindən və işçilərindən şikayətçidir. Belə ki, onların səhlənkarlıqlarından evində yanğın baş vermiş, fərdi yaşayış evi isə sığortalanmamışdır. Qonşunun evinin kamerasındakı görüntülərindən göründüyü kimi elektrik enerjisinin verilişində gərginliyin artıb-azalmasından evin çöl hissəsinə çəkilmiş elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir. Dəymiş maddi ziyanın "xxxx" ASC tərəfindən ödənilməsini xahiş edir. Yanğın hadisəsi nəticəsində tikinti və əmtəə üzrə ona ümumilikdə 200000 manat maddi ziyan dəymişdir. Təxminən 2014-cü ildə özünə məxsus fərdi yaşayış evinin daxili elektrik xətləri Cavabdeh tərəfindən çəkilmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında Cavabdeh tərəfindən elektrik yuvası dəyişdirilmişdir. Yoxlama zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı 2009-cu ildən tanıyır. Tanışlıqları ünvan 1 ünvanda yerləşən ünvan 2 işini bəyəndiyindən ünvan 1 ünvanda yerləşən özünə məxsus 62 saylı mənzildə görüləcək təmir işlərini ona həvalə etmişdir. 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar məlumatı vardır. Həmin evdə bütün təmir və elektrik işlərini özü görmüşdür. Bununla əlaqədar aralarında hər hansı rəsmi müqavilə olmamış, şifahi razılıq əsasında işləri görmüşdür. Gördüyü təmir işləri müqabilində İddiaçı tərəfindən ona 17000 manat pul verilmişdir. Gördüyü təmir-bərpa və elektrik xətlərinin çəkilməsinə dair heç bir təhsili yoxdur. Evin elektrik xətləri mis materialından olmaqla suvaq altı çəkmişdir. Gərginliyin artıb-azalması zamanı yarana biləcək fəsadların qarşısını almaq üçün evin bütün otaqlarında 25 amperlik qoruyucular quraşdırmışdır. Gördüyü təmir işlərini bitirdikdən sonra İddiaçı ilə aralarında təhvil-təslimə dair hər hansı rəsmi sənədləşmə olmamışdır. Özünün məsləhəti ilə İddiaçı ilə birlikdə təmir zamanı lazım olacaq elektrik kabel və xətlərini almışlar. Yanğına səbəb evin divarına Gəncə şəhər elektrik şəbəkəsinin işçiləri tərəfindən quraşdırılmış elektrik sayğacında gərginliyin artıb-azalması nəticəsində elektrik naqillərində yaranmış qısaqapanma olmuşdur. Yanğın hadisəsindən 5 ay əvvəl İddiaçı müraciəti əsasında evin 2-ci mərtəbəsində yerləşən mətbəx otağında elektrik “rozetka”sını dəyişmişdir. Qərarın nəticə hissəsində: 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı və Zakir Rzayevə məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, tərəflərə maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. . “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -774-сü maddəsinə əsasən, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan normaları): -1.1-ci bəndindən görünür ki, bu Qaydalar istehlakçıların (sifarişçilərin) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarını və onlara dair tələbləri müəyyən edir; -1.2.1-ci bəndindən görünür ki, texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; -1.2.6-ci bəndindən görünür ki, tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğulardır; -2.1-ci bəndinə əsasən, sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM (enerji təchizatı müəssisəsi) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (bu normadan görünür ki, məhkəməyəqədərki cinayət təqibi üzrə ibtidai istintaq orqanının qəbul etdiyi hər hansı qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşımır-hakimin qeydi). -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə mülki iş üzrə proses iştirakçılarının izahatlarını mülki iş materiallarında olan sübutlarla birlikdə araşdırmaqla hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehin ona 230454,40 AZN (iki yüz otuz min dörd yüz əlli dörd manat-40 qəpik) məbləğində maddi ziyan, mənzilin yanması nəticəsində onun keçirdiyi mənəvi sarsıntıya görə 20000 AZN (iyirmi min manat) məbləğində mənəvi ziyan vurduğunu iddia etsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin iddiasının dəlillərini təsdiq edən sübut iş materiallarında aşkar olunmamışdır; cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir; cavabdehin iddiaçıya maddi və mənəvi ziyan vurması məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin bu işlə bağlı müvafiq rəylərini Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən, hazırki halda mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, cavabdeh yanğının baş verdiyi evdə 2014-cü ildə işləmiş, tərəflər arasında hər hansı yazılı müqavilə olmamış, cavabdeh podratçı olaraq gördüyü işə hər hansı qarantiya verməmişdir (Mülki Məcəllənin 774-cü maddəsinin tələbi). Bundan başqa, cavabdeh özü məhkəmə iclasında etiraf etmişdir ki, o, 2020-ci ildə qanunsuz kənar xəttdən istifadə etdiyinə görə cərimələnmişdir- belə olan halda iddianın predmeti olan fərdi yaşayış evində cavabdehin işləməsindən sonrakı müddətdə elektrik xətlərində digər şəxs tərəfindən də əlavə işlərin görülməsi istisna oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1245/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1245/2025
02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver