Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1250/2023 05.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 20 fevral 2021-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh fərdi əməklə məşğul olur, artıq əvvəlki kimi hərbi qulluqçu deyildir. Cavabdeh əvvəllər işlədiyi müddətdə qazancının dörddə biri hissəsi miqdarında aliment tutulub ona verilmişdir. Hazırda cavabdeh hərbidə işləmədiyinə görə ondan tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Hal-hazırda cvabdeh uşağın saxlanılması üçün heç bir köməklik etmir; uşaq böyüyür, tələbatları artır. Alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq əvvəlcə mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehdən uşağın üç yaşına çatanadək özünün maddi ehtiyaclarının qarşılanması üçün aliment tələb etmir. Yeganə xahişi odur ki, uşağı normal saxlayıb qidalandırmaq üçün dövlət tərəfindən müəyyən edilmiş 220 (iki yüz iyirmi) manat məbləğində alimentin ödənilməsi müəyyən edilsin. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, o, iddiaçı ilə qeyri-rəsmi münasibətdə olmuş, bir neçə vaxt keçdikdən sonra iddiaçı ona hamilə olduğunu bildirmiş, o, isə buna qəti etirazını bildirmişdir. Bu zaman iddiaçının anası bildirmişdir ki, əgər uşağa atalıq verməsə kənddə biabır olacaqlar, əgər atalıq verərsə, ondan heç bir tələbləri olmayacaqdır. Həmin vaxt qarşı tərəfin səmimiyyətinə inanaraq uşağa atalıq vermişdir. Lakin bu yaxınlarda uşağı görəndə ona heç bir oxşarlığının olmamasını görüb şübhələnməyə başlamışdır; həmin uşağın atası olmasına şübhəli qalmışdır. O, kiminsə övladına səbəbsiz şəkildə və şərlənməsinin nəticəsi olaraq aliment ödəyə bilməz. Ona görə də uşağın atalığının dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Ekspertiza Mərkəzinin rəyinin alınması üçün qərardad çıxarılmasını xahiş edir. Mülki iş üzrə hazırlıq iclası 14 noyabr 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 28 noyabr 2023-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 05 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə 2019-cu ildə qeyri-rəsmi münasibətdə olmuş, bir neçə vaxt keçdikdən sonra iddiaçı ondan hamilə olduğunu bildirmiş, o isə buna qəti etirazını bildirmişdir. 20 fevral 2021-ci il tarixdə iddiaçıdan bir uşaq-X3 doğulmuşdur. Bu zaman iddiaçının anası bildirmişdir ki, əgər uşağa atalıq verməsə, kənddə biabır olacaqlar, əgər atalıq verərsə, ondan heç bir tələbləri olmayacaqdır. Həmin vaxt qarşı tərəfin səmimiyyətinə inanaraq uşağa atalıq vermişdir: uşağın doğulmasından sonra, o, Kəlbəcər Rayon Qeydiyyat Şöbəsinə ərizə təqdim edərək uşağın atası olduğunu rəsmi etiraf etmiş və bundan sonra uşağın atası kimi qeydə alınmışdır. Sonradan iddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin bu yaxınlarda uşağı görəndə ona heç bir oxşarlığının olmamasını görüb şübhələnməyə başlamışdır; həmin uşağın atası olmasına şübhəli qalmışdır. O, kiminsə övladına səbəbsiz şəkildə və şərlənməsinin nəticəsi olaraq aliment ödəyə bilməz, yəni başqasının uşağına aliment ödəmək istəmir. İddiaçı iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə 2019-cu ildə qeyri-rəsmi nikahda olmuş, birgə nikahdan 20 fevral 2021-ci il tarixdə X3 doğulmuşdur. Uşağın doğulmasından sonra cavabdeh Kəlbəcər Rayon Məhkəməsində ərizə təqdim edərək uşağın atası olduğunu rəsmi etiraf etmiş və bundan sonra uşağın atası kimi qeydə alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh əvvəlllər müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etmiş, hazırda isə işləmir, sabit qazancı yoxdur. Ona görə də alimentin sabit pul məbləğində tutulmasına zərurət vardır. Uşaq böyüdükcə, uşaöın maddi ehtiyacları da artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə uşağın tələbatını ödəməkdə çətinlik çəkir; heç yerdə işləmir, maddi imkanı çox aşağıdır. Bu səbəbdən alimentin sabit pul məbləğində hesablanması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X3 20 fevral 2021-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən dilmişdir ki, Cavabdeh 20 fevral 2021-ci ildə doğulmuş X2 atası olması ilə bağlı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli 131 saylı arayışdan görünür ki, Cavabdeh üzvi (açıq kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələr və intihar cəhdləri ilə F07.0” diaqnozu təyin olunmuşdur. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00382) X4 tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 03181 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə təyin edilmiş, 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanması üçün əlverişli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin miqdarının hesablanması dəyişdirilməli, sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər ay sabit pul məbləğində 190 (yüz doxsan) manat müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin 190 (yüz doxsan) manatdan artıq olan 30 (otuz) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tələb edilən alimentin həmin məbləğdə tutulmasının əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin atalıqla bağlı şübhələrinin olması və buna görə məhkəmə-bioloji ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətinə qiymət verərək bildirir ki, atalıq cavabdeh tərəfindən rəsmi iddia (qarşılıqlı iddia) ilə mübahisələndirilmədiyindən, hazırki halda uşağın mənşəyinin müəyyən edilməsi üçün hər hansı ekspertizanın təyin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında tutulan aliment dəyişdirilsin, 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1250/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1250/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver