Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1270/2025 20.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh və nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş ziyana görə 2500 (iki min beş yüz) manat pulun cavbdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1993-cü ildən, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmışdır. O və ailəsi təsərrüfatla-maldarlıqla məşğul olur və onun və ailəsinin başqa məşğuliyyətləri yoxdur. Dolanacaqq mənbələri də yalnız maldarlıqdandır. Ona və qəsəbə sakinlərinə məxsus iribuynuzlu malları çoban kimi cavabdeh otarır və hər ayda hər mala görə 17 (on yeddi) manat alır. 2025-ci ilin yaz aylarında malları otarmaq üçün cavabdehə vermişdim və aylıq da 17 (on yeddi) manat ödəmişdir. 2025-ci ilin avqust ayının 14-də axşam ona məxsus inək gəlməmişdir. O, cavabdehə bu barədə bildirmiş, cavabdeh inəyin harada qalmasını bilməmişdir. O, ailə üzvləri və digər şəxslər inəyi axtarmış və dörd gündən sonra inəyin leşini tapmışlar. İnəyi axtaranda başqa bir şəxs ona bildirilmişdir ki, cavabdeh malları yiyəsiz qoyub və mallara baxmayıb, ona görə də ona məxsus inək çöldə qalaraq qapısına gəlməyib. Onların razılaşmasına görə cavabdeh inəkləri otararaq və hər axşam gətirərək onlara təhvil verməli idi, onlar da hər ay cavabdehə hər mala görə 17 (on yeddi) manat ödəməli idi. Buna baxmayaraq, cavabdeh ona məxsus inəyi örüşdə qoymuş, nəticədə inəyi vəhşi heyvan parçalamışdır. Cavabdeh ona məxsus bir baş inəyi oldürməklə ona 2500 (iki min beş yüz) manat dəyərində maddi ziyan vurmuşdur. Mülki iş üzrə hazırlıq iclası 23 oktyabr 2025-ci il tarixə təyin edilmiş, prosesual zərurətlə bağlı olaraq 06 noyabr və 13 noyabr 2025-ci il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 20 noyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, maldarlıqdan başqa gəlir yeri yoxdur. Artıq ikinci mövsümdür ki, mal-qaranı otarmaq üçün Samirin heyvanına qatırdı. Bununla bağlı aralarında hər hansı razılaşma olmayıb. Səhər Samir heyvanları aparır, axşam da təhvil verirdi. 24 avqust 2025-ci il tarixdə axşam heyvanları təhvil verərkən inəklərdən biri əskik gəlmişdir. Samir gecə inəyi axtarmaq üçün getmək istədiyini bildirdikdə, o, gec olduğunu başına bir iş gələ biləcəyini, sabah axtaracaqlarını bildirmişdir. O, inəyi axtarmış, meyitini tapmışdır. Samir heyvanlara nəzarət etməmiş, buna görə də inək ölmüşdür. İddianı müdafiə edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, birinci dərəcəli əlildir; maddi ehtiyaclarının təmin edilməsi üçün heyvan sahibləri ilə qarşılıqlı razılıq əsasında naxırçılıq edir. O cümlədən iddiaçı ilə qarşılıqlı razılıq əsasında iddiaçıya məxsus heyvanları naxıra otarmışdır; iddiaçı ilə aralarında rəsmi müqavilə olmamışdır. 24 avqust 2025-ci il tarixdə iddiaçının oğlu ona inəklərinin gəlmədiyini bildirmiş, daha sonra iddiaçı özü ona zəng edərək inəyin gəlmədiyini bildirmişdir. O, malı axtarmaq üçün yenidən örüşə getmiş, Göygöl rayonunun Mollacəlilli kənd qəbirstanlığının yaxınlığında iddiaçı ona zəng edərək artıq gec olduğunu, onun başına hər hansı xoşagəlməz iş gələrsə peşmançılıq olacağını deyərək, qayıtmasını və ertəsi gün birlikdə axtarmalarını bildirmişdir. İnəyin ölməsinin onunla heç bir əlaqəsi yoxdur, ölmüş heyvandan ödəniş almırlar. O, iddiaçının mal-qarasını otarsa da, onlar arasında heç bir müqavilə olmayıb. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək və iddianı əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Heyvan bazarının idarəçisi, fərdi sahibkar X1 (VÖEN: **********) tərəfindən Göygöl Rayon Vəkil Bürosuna verilmiş arayışdan görünür ki, 1(bir) baş boz ağqulaq-şives, yerli sort 4 qarın bala vermiş 4 aylıq yanı balalı, diri çəkisi 550-600 kiloqram olan ana inəyin hazırki bazar qiyməti təxminin 2700-3000 (iki min yeddi yüz-üç min) manatdır. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının İstibulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə təsərrüfatına məxsus 25 (iyirmi beş) baş iribuynuzlu malqarası var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehin ona 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin iddiasının dəlillərini təsdiq edən sübut iş materiallarında aşkar olunmamışdır; cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir; cavabdehin iddiaçıya maddi ziyan vurması məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1270/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1270/2025
20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver