Məhkəmə qərarları › İş №2(040)-1272/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1272/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1272/2025 08.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “Kia Cerato” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh törətdiyi əməl nəticəsində vurulan ziyanın sığorta təşkilatı tərəfindən ödənilməyən 2502 (iki min beş yüz iki) manat olan hissəsinin, qəza nəticəsində əmlakının bazar dəyərinin aşağı düşməsinə görə 6500 (altı min beş yüz) manat, o cümlədən dövlət rüsumu olaraq ödənilmiş 111 (yüz on bir) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 21 may 2025-ci il tarixində idarə etdiyi **-DV- *** dövlət nömrə nişanlı "Kia Cerato" markalı nəqliyyat vasitəsini “ünvan 1 ünvanında yerləşən 8-ci Polis Bölməsinin qarşısında saxlayaraq park etmişdir. Daha sonra 21 may 2025-ci il tarixində saat təxminən 15:15 radələrində Cavabdeh "xxxx" MMC şirkətindən icarəyə götürərək etibarnamə əsasında idarə etdiyi "Porsche Cayenne" markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək onun parkanmış halda dayanmış avtomobili ilə toqquşaraq qəza keçirmişdir. Hadisədən sonra qəza yerinə yol-patrul xidmətinin və sığorta şirkətinin əməkdaşları gəlmiş və müəyyən aktlaşdırmalar həyata keçirmişlər. Səbail Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq maddələrinin tələblərini pozmuşdur. Qəza nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, uzun müddət avtomobilsiz qalmaqla və avtomobilin təmirinə xərclər çəkməklə ciddi ziyana düşmüşdür. Vurulan ziyan sığorta təşkilatı tərəfindən qanunun yol verdiyi miqdarda ödənilmişdir. Lakin Cavabdeh törətdiyi əməl nəticəsində vurulan ziyan sığorta təşkilatı tərəfindən ödənilən sığorta ödənişini aşır. Bu halda Azərbaycan Respublikası qanunvericilyinin tələbinə müvafiq olaraq əmlakına zərər vurulmuş şəxs müstəqil formada zərərvurandan vurulmuş zərərin sığorta ödənişini aşan hissesini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 ve 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına müvafiq olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari siğorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Belə ki, artıq Səbail Rayon Polis İdarəsinin Cavabdeh barəsində 21 may 2025-ci il tarixində saat 15:50-də tərtib olunmuş İXP ******* nömrəli protokolu ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə protokol tərtib olunmuşdur. Bu da sığorta hadisənin baş verdiyini, o cümlədən baş verən hadisənin məhz Cavabdeh təqsiri səbəbindən baş verdiyini müəyyən edir. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbinə də əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan Səbail Rayon Polis İdarəsində inzibati xəta üzrə başlanan icraatla vurulan zərərin ödənilməsinə dair iş üzrə preyudisial xarakter daşımalıdır. Bundan əlavə, avtomobilə vurulan ziyanın ümumi məbləğini təyin etmək üçün "xxxx" MMC avtoservisində müayinələr aparılmaqla qüsur aktı tərtib olunmuşdur. Belə ki qüsur aktında avtomobiliə dəymiş ziyan yekun olaraq 4809 (dörd min səkkiz yüz doqquz) manat miqdarında qiymətləndirilmiş, onun 2307 (iki min üç yüz yeddi) manat olan hissəsi sığorta təşkilatı tərəfindən qanunun tələbinə müvafiq olaraq ödənilməli olan məbləğdə və formada ödənilmişdir. Lakin vurulan ziyanın ödənilməyən hissəsi ödənilən hissəsindən çoxluq təşkil edir. Bu baxım qanunvericiliyin də tələbinə müvafiq olaraq avtomobilin mülkiyyətçisinin vurulan ziyanın sığorta təşkilatı tərəfindən ödənilməyən hissəsinin zərərvuran şəxsdən tələb etmək hüququ vardır. Nəqliyyat vasitəsinin bazar dəyəri qəzadan sonra kəskin surətdə düşmüş, faktiki olaraq qəza nəticəsində bu səbəbdən zərər etmişdir. Avtomobilinin bazar dəyəri 15000 (on beş min) manat olduğu halda hazırki vəziyyətdə 8500 (səkkiz min beş yüz) manatla ölçülür. Burada qəza nəticəsində əmlakının bazar dəyərinin 6500 (altı min beş yüz) manat aşağı düşməsindən də zərərə düşmüşdür. Hesab edir ki, mülkiyyətində olan "Kia Cerato" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh törətdiyi əməl nəticəsində vurulan ziyanın sığorta təşkilatı tərəfindən ödənilməyən 2502 (iki min beş yüz iki) manat olan hissəsinin, qəza nəticəsində əmlakının bazar dəyərinin aşağı düşməsinə görə 6500 (altı min beş yüz) manat, o cümlədən dövlət rüsumu olaraq ödənilmiş 111 (yüz on bir) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməlidir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 23 oktyabr 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 14 noyabr 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 08 dekabr 2025-ci il tarixə təyin edilmidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Sabail Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisəsi inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 21 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 22 may 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Porsche Cayenne minik” markalı “**-JO-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmuş, nəticə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli İAS251117 nömrəli “Sığorta ödənişi aktı”nın surətindən görünür ki, 21 may 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində manevretmə qaydasının pozulması nəticəsində “Kia Cerato” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4809 manat manat təşkil edir; 2307 manat sığorta ödənişi İddiaçı ödənilmişdir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 25 may 2025-ci il tarixli “Qüsur aktı”nın surətindən görünür ki, “Kia Cerato” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə görülən işlərin xərci və ehtiyyat hissələrinin qiyməti ümumilikdə 4809 manat manat təşkil edir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə hesabatdan görünür ki, “Kia Cerato” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə görülən işlər üzrə orta bazar dəyəri 2759 manat, ehtiyyat hissələrinin və materialların orta bazar dəyəri 2050 manat olmaqla, cəmi 4809 manat təşkil edir. İş materiallarında olan: 10 sentyabr 2025-ci il tarixli “Birbank” ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 111 (yüz on bir) manat dövlət rüsumu ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən, ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir; -1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir; -1.3-cü maddəsinə əsasən, bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir; -1.4-cü maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. -2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. -15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. -15.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. -16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir; zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. -16.3-cü maddəsinə əsasən, sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən- avtomobilə dəymiş zərərə görə ödənilməmiş qalan 2502 (iki min beş yüz iki) manat, həmçinin ödənilmiş dövlət rüsumunun 45,02 AZN (qırx beş manat-02 qəpik) hissəsinin pul əvəzi, cəmi 2547,02 (iki min beş yüz qırx yeddi manat-02 qəpik) məbləğdə pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta hadisəsi hesab olunan yol-nəqliyyat hadisəsində yeganə təqsirli şəxs Cavabdehdur və "xxxx" ASC tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli İAS251117 nömrəli “Sığorta ödənişi aktı”nın surətindən görünür ki, 21 may 2025-ci il tarixdə Bakı şəhərinin Səbail rayonunun Əhəd Yaqubov küçəsində cavabdehin təqsirli hərəkətləri nəticəsində “Kia Cerato” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4809 manat təşkil edir; 2307 manat sığorta ödənişi İddiaçı ödənilmişdir. Belə olan halda İddiaçı dəymiş 4809 (dörd min səkkiz yüz doqquz) manat həcmində maddi zərərin 2502 (iki min beş yüz iki) manat hissəsi ödənilməmiş qalır və həmin 2502 (iki min beş yüz iki) manat həcmində ziyanın əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 111 (yüz on bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 45,02 AZN (qırx beş manat-02 qəpik) hissəsi Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə- qəza nəticəsində əmlakının bazar dəyərinin aşağı düşməsinə görə tələb olunan 6500 (altı min beş yüz) manat hissədə əsassız olduğundan, yəni həmin hissədə iddianın əsaslılığı öz təsdiqini tapmadığından, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, vurulmuş maddi ziyanın əvəzi olaraq 2502 (iki min beş yüz iki) manat, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 45,02 AZN (qırx beş manat-02 qəpik) hissəsinin pul əvəzi, cəmi 2547,02 (iki min beş yüz qırx yeddi manat- 02 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar