Məhkəmə qərarları › İş №2(040)-129/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-129/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-129/2024 19.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızı Elyanə Bəxtiyarova Cavabdeh ilə 29 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Qızı ilə evli olan vaxtlarda 2021-ci ilin mart ayında kürəkəni Vəfadar ondan 3000 manat borc pul istədi ki, özünə məxsus mağazasını genişlədib artırmaq istəyir, borcunu isə 2 aya qaytaracaqdır. O da kürəkəni olduğundan ona bir qayınata kimi dəstək durmaq üçün, etibar edib pulu verməyə razılaşmışdır. Lakin bildirmişdir ki, özündə 3000 manat pul yoxdur. Digər qızı Əfsanənin həyat yoldaşı şəhid olmuşdur, ona verilən şəhid pulunu qızından borc alaraq kürəkəni Vəfadara vermişdir. Həmin 3000 manat pulu 2021-ci ilin mart ayının əvvəllərində Vəfadar özü və tanışları olan Fəxrəddin ilə birlikdə gəlib yaşadıqları evdən götürdü. Lakin bir neçə gün sonra Vəfadar ona zəng edərək bildirdi ki, əlavə olaraq 2000 manat pul da lazımdır, o yenə də qızı Əfsanədən 2000 manatı da almış, ancaq Vəfadar işdə olduğu üçün özü gəlib pulu götürə bilməyəcəyini, pulu Fəxrəddinə verməyini demişdir. O da 2000 manatı Fəxrəddinə vermişdir. Vəfadar kürəkəni olduğu üçün ona pulu verdikdə heç bir sənədə imza etdirməmişdir, ancaq sonradan bilmişdir ki, Vəfadar onun etibarından sui-istifadə edərək elə onu aldatmaq istəyirmiş. Dəfələrlə pulu qaytarmasını istəsə də, Vəfadar pulu qaytarmayacağını, ümumiyyətlə ona pul verdiyini sübut edə bilməyəcəyini bildirib, sonda isə “pulu Fəxrəddinə vermisən, get ondan da istə” deyərək, pulu qaytarmaqdan boyun qaçırmışdır. Fəxrəddindən pulu tələb etdikdə isə o pulu Vəfadara verdiyini bildirərək, ondan pulu tələb etməyini, lazım gələrsə bununla bağlı şahidlik də edəcəyini bildirmişdir. Vəfadar heç bir halda pulu qaytarmayacağını bildirir. Ona görə də o, məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 28 dekabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı onun keçmiş qayınatasıdır. Ramizin qızı Elyanə ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdular. Birgə nikahlarından iki övladları doğulmuşdur. Ramizin qızı Elyanə Bəxtiyarova ailəli olduqları vaxt əxlaqsızlıq edərək başqa şəxslə əlaqədə olduğu üçün Kəlbəcər Rayon Məhkəməsinin müvafiq qətnaməsilə aralarında olan nikah akt qeydi ləğv edilmişdir. Bundan sonra İddiaçı mütamadi olaraq qızının əxlaqsızlıq hərəkətlərini aşkar etdiyi üçün onu və ailəsini ölümlə hədələməyə, şər və böhtanlar atmağa başlamış və hazırda da öz qeyri-insani hərəkətlərini davam etdirir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edərək guya ona 3000 manat və Fəxrəddinin vasitəsilə isə 2000 (iki min) manat pul verdiyini bildirmişdir. Həmçinin bildirmişdir guya həmin pulu qızı Əfsanın şəhid olmuş ərinə verilmiş puldan götürərək vermişdir. İddiaçının qeyd etdiklərinə istinadən məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, (bunu fikrini iddiaçının tələbinə qarşı sübut olaraq məhkəməyə bildirir) hazırki iş üzrə İddiaçı və onun qızı Əfsanə mərhum şəhid Əfsanənin əri Sərxana şəhid olduqdan sonra dövlət tərəfindən ödənilən ümumilikdə 30000 (otuz min) manat pulu mənimsəyərək mərhumun yas mərasiminin keçirilməsinə və mərhumun qəbir daşının götürülməsinə sərf etməmişdirlər və bu səbəblərə görədə İddiaçı mərhum şəhidin il mərasiminə qoymadılar. Yuxarıda qeyd etdiyi faktlardan sonra iş böyüyərək polis şöbəsinə qədər getdi və bundan sonra mərhum şəhid Sərxanın valideyinlərinin təkidi ilə şəhid adına verilmiş 30000 (otuz min) manat pul şəhidin övladının gələcəyi üçün Ramizin qızı Əfsanənin adına açılmış hesabla Yevlax rayonunda fəaliyyət göstərən “Bank Respublika”-ya qoyulmuşdur. Belə olan halda şəhidin öz qan pulunu onun yas mərasimini keçirmək üçün və qəbir üstünün götürülməsi üçün verməyən birinin həmin pulun 5000 manatını ona və ya onun dostuna verməsi ağlabatan deyildir. İddiaçı hazırkı iddiası şər və böhtandır. Ona görə də sadaladığı faktları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, keçmiş kürəkəni - Cavabdeh etibar edib 2021-ci ilin mart ayında 3000 (üç min) manat pul vermişdir. Pulu verəndə kürəkəni olduğundan və ona etibar etdiyindən heç bir sənədə imza etdirməmişdir. Lakin sonradan qızı ilə münasibətləri korlandığından onların nikahı pozulmuşdur. Cavabdehdən pulunu geri tələb etsə də cavabdeh onun pulunu qaytarmamışdır. Hazırda cavabdehin ona 3000 (üç min) manat borcu vardır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. 2021-ci ilin mart ayında gedib qızı Əfsanədən pul alaraq gətirib əri Ramizə vermişdir. Ramiz də həmin pulu keçmiş kürəkəni Cavabdeh vermiş və Vəfadar pulu 2 aya qaytaracağını bildirmişdir. İddiaçı Vəfadara 5000 (beş min) manat pul vermişdir. Pulu Vəfadara verəndə o da yanında olmuşdur. Cavabdehin iddiaçıya borclu olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında şifahi borc müqaviləsinin yarandığının iddia edildiyi vaxt (2021-ci il) qüvvədə olan mətninin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehə 3000 (üç min) manat pul verdiyini bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Məhkəmə hazırki halda şahid ifadəsini mülki işin həqiqi hallarını tam aşkar etməyə yetərli olmadığı qənaətinə gəlir və həmin ifadəni mötəbər sübut kimi qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “3000 (üç min) manat pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar