Məhkəmə qərarları › İş №2(040)-1356/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1356/2023

30.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1356/2023 30.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından 29 mart 2010-cu ildə doğulmuş X4 və 26 iyun 2015ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(040)-460/2019 saylı məhkəmə əmri ilə müəyyən edilmiş, cavabdehdən hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində təyin edilən alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində müəyyən edilərək cavabdehdən alınıb ona verilməsi, eyni zamanda, mediasiya xərci kimi ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, nikahlarını 08 iyul 2009-cu ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan 29 mart 2010-cu ildə X4 adlı uşaqları doğulmuşdur. Nikahları Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(040)-32/2013 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin 2014-cü ildə cavabdehlə barışıb birlikdə yaşamışlar, ancaq rəsmi nikaha daxil olmamışlar. Birgə yaşadıqları dövrdə 26 iyun 2015-ci ildə X3 adlı daha bir övladları doğulmuşdur. Aralarında yaranan narazılıqlardan sonra ayrılmışlar və Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(040)- 460/2019 saylı məhkəmə əmri ilə birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər bir uşaq üçün 50 manat, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hazırda cavabdehin verdiyi alimentlə uşaqları saxlamaq çox çətindir, aldığı alliment uşaqların tələbatını ödəmir. O, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etsə də cavabdehlə mediasiya prosesində razılığa gələ bilməmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə hazırlıq iclası 11 dekabr 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 30 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. O, 30 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini müdafiə etdiyini, uşaqları xəstə olduğuna görə məhkəmə baxış iclasına gələ bilməyəcəyini, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. O, hər uşağa görə ayda 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə aylıq cəmi 340 (üç yüz qırx) manat aliment ödəməyə razıdır. İddianın qismən təmin edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2010-cu il tarixdə verilmiş AZ-İİ № 411183 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 mart 2010-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh,anası-X2r. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 oktyabr 2016cı il tarixdə verilmiş AZ-İİİ № 688917 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh,anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 mart 2019-cu il tarixli 2(040)-460/2019 saylı məhkəmə əmrinin surətindən görünür ki, 29 mart 2010-cu ildə doğulmuş X4 və 26 iyun 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi əmr edilmişdir. İş materiallarında olan: “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən götürülmüş məlumatdan görünür ki, Cavabdeh müəllim işləməklə aylıq əmək haqqı 1076,0 (min yetmiş altı) manat təşkil edir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya təşkilatının Mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00216) X5 tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli MŞG/MT007/2023-03705 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 29 mart 2010-cu ildə doğulmuş X4 və 26 iyun 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iki uşağa görə cəmi 100 (yüz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeləri nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilkdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(040)-460/2019 saylı məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə 170 (yüz yetmiş) manatdan artıq olan 80 (səksən) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Məhkəmə hazırki iş üzrə tərəflərin dövlət rüsumunu ödəməkdən azad edildiyini (Dövlət rüsumu haqqında Qanunun 9.1.2 və 9.1.20-ci maddəsi), eyni zamanda iddiaçı tərəfindən 55 manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin 27,50 manat (iyirmi yeddi manat 50 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 29 mart 2010-cu ildə doğulmuş X4 və 26 iyun 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(040)-460/2019 saylı məhkəmə əmri ilə müəyyən edilmiş hər uşağa görə aylıq 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılsın, 29 mart 2010-cu ildə doğulmuş X4 və 26 iyun 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə aylıq 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh həmçinin, mediasiya xərcinin yarısı - 27,50 manat (iyirmi yeddi manat 50 qəpik) pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar