Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-143/2024 19.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızı Elyanə Bəxtiyarova Cavabdeh ilə 29 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Qızı ilə evli olan vaxtlarda 2021-ci ilin mart ayında kürəkəni Vəfadar ondan 3000 manat borc pul istədi ki, özünə məxsus mağazasını genişlədib artırmaq istəyir, borcunu isə 2 aya qaytaracaqdır. O da kürəkəni olduğundan ona bir qayınata kimi dəstək durmaq üçün, etibar edib pulu verməyə razılaşmışdır. Lakin bildirmişdir ki, özündə 3000 manat pul yoxdur. Digər qızı Əfsanənin həyat yoldaşı şəhid olmuşdur, ona verilən şəhid pulunu qızından borc alaraq kürəkəni Vəfadara vermişdir. Həmin 3000 manat pulu 2021-ci ilin mart ayının əvvəllərində Vəfadar özü və tanışları olan Fəxrəddin ilə birlikdə gəlib yaşadıqları evdən götürdü. Lakin bir neçə gün sonra Vəfadar ona zəng edərək bildirdi ki, əlavə olaraq 2000 manat pul da lazımdır, o yenə də qızı Əfsanədən 2000 manatı da almış, ancaq Vəfadar işdə olduğu üçün özü gəlib pulu götürə bilməyəcəyini, pulu Fəxrəddinə verməyini demişdir. O da 2000 manatı Fəxrəddinə vermişdir. Dəfələrlə Vəfadardan pulu qaytarmasını tələb etsə də o “pulu Fəxrəddinə vermisən, Fəxrəddin mənə pul verməyib, get pulunu ondan da istə” deyərək, pulu qaytarmaqdan boyun qaçırmışdır. Fəxrəddindən pulu tələb etdikdə isə o pulu Vəfadara verdiyini bildirmişdir. Ona görə də o, pulu Fəxrəddinə verdiyinə görə məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 12 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, o, İddiaçı dostu Vəfadarın keçmiş qayınatası kimi tanımışdır. Belə ki, Vəfadar bir neçə dəfə onu qayınatası Ramizin evinə aparmağını xahiş edib və onun vasitəsilə Ramizin evinə getmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya qızı Əfsanədən 2000 (iki min) manat pul götürərək Vəfadara çatdırmaq üçün ona vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, Vəfadarı keçmiş qayınatası Ramizin evinə aparan zaman həmişə Vəfadarı Ramizin qapısında düşürüb qayıtmışdır. Həmçinin, Ramizin qapısından götürüb gətirmişdir. Yəni, ümumiyyətlə, o, Ramizin evinə tək getməmişdir. Hər dəfə Vəfadarın xahişi ilə Vəfadarı avtomobili ilə aparmış və Vəfadarın özü də onun yanında olmuşdur. İddiaçı keçmiş kürəkəni Vəfadarla aralarında yaranmış narazılıqlara görə onun adını hallandırmasını və bu işdə qızı Əfsanənin şəhid ailəsi olmasından sui-istifadə etməsi başa düşülən deyildir. O Vəfadarla uzun illərdir ki, dostluq edir. X3 pul istəməsini və ya Ramizin bir başa Vəfadarın özünə və ya onun vasitəsilə pul verməsini görməmiş və Vəfadardan da eşitməmişdir. İddiaçı keçmiş kürəkəni Vəfadarla aralarında olan ədavət səbəbindən belə bir addım atmışdır kı, bütün bunlarda şər və böhtandır. İddiaçı həqiqətəndə Vəfadara çatdırılması üçün ona pul vermişdirsə həmin pulun ona verilməsi barədə hər hansı bir sübut təqdim etməlidir ki, belə bir sübutunun olmasını iddia ərizəsində qeyd etməmişdir. Belə ki, əgər iddia ərizəsində göstərildiyi kimi həqiqətən də Ramiz ona 2000 (iki min) manat pul vermiş olsaydı belə, həmin pulun verilməsi üçün Vəfadarla aralarında olan hər hansı bir faktı məhkəməyə təqdim etməlidir ki, bu kimi faktlar hər hansı bir telefon danışığı və ya yazışması, həmçinin üçüncü şəxsin vasitəsilə ola bilərdi. Ümumiyyətlə, İddiaçılə onun arasında Vəfadara 2000 manat pul verilməsi barədə hər hansı bir söhbət olmamışdır. İddiaçı iddia ərizəsində göstərdikləri tamamilə şər və böhtandan ibarətdir. Ona görə də sadaladığı faktları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, keçmiş kürəkəni - Cavabdeh ona pul lazım olduğunu bildirərək ondan 3000 (üç min) manat istəmiş, o da Vəfadara etibar edib 2021-ci ilin mart ayında 3000 (üç min) manat pul vermişdir. Pulu verəndə kürəkəni olduğundan və ona etibar etdiyindən heç bir sənədə imza etdirməmişdir. Daha sonra Vəfadar ona zəng edərək əlavə 2000 (iki min) manat da lazım olduğunu bildirmiş, o da qızı Əfsanədən 2000 (iki min) manat pul götürmüş, lakin Vəfadar işdə olduğundan pulu özü götürə bilməyəcəyini, pulu Fəxrəddinə verməyini demişdir. O da 2000 (iki min) manat pulu Fəxrəddinə vermişdir. Sonradan qızı ilə Vəfadarın münasibətləri korlandığından onların nikahı pozulmuşdur. Bundan sonra dəfələrlə Vəfadardan pulu qaytarmasını tələb etsə də o “pulu Fəxrəddinə vermisən, Fəxrəddin mənə pul verməyib, get pulunu ondan da istə” deyərək, pulu qaytarmaqdan boyun qaçırmışdır. Fəxrəddindən pulu tələb etdikdə isə o pulu Vəfadara verdiyini bildirmişdir. O, 2000 (iki min) manat pulu Fəxrəddinə verdiyindən hazırda da pulunu ondan tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. 2021-ci ilin mart ayında gedib qızı Əfsanədən 2000 (iki min) manat pul alaraq gətirib əri Ramizə vermişdir. Ramiz də həmin pulu keçmiş kürəkəni Vəfadar Bəxtiyarova vermək üçün Fəxrəddinə vermişdir. Cavabdehin iddiaçıya borclu olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında şifahi borc müqaviləsinin yarandığının iddia edildiyi vaxt (2021-ci il) qüvvədə olan mətninin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehə 2000 (iki min) manat pul verdiyini bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Məhkəmə hazırki halda şahid ifadəsini mülki işin həqiqi hallarını tam aşkar etməyə yetərli olmadığı qənaətinə gəlir və həmin ifadəni mötəbər sübut kimi qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “2000 (iki min) manat pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-143/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-143/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver