Məhkəmə qərarları › İş №2(040)-145/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-145/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-145/2024 12.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" KB ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 15 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsini və cavabdehlərdən birgə qaydada 4671,41 əsas, 1157,19 manat faiz, 159,31 manat cərimə, cəmi 5987,91 manat kredit borcunun və ödənilmiş 0,40 manat xidmət haqqının və 79,88 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" KB ASC arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcluya 36 ay müddətinə, 14 noyabr 2024-cü ilə kimi, illik 26 faiz olmaqla 6000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinin şərtinə görə, borcverən müqavilədə göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASC-yə 09 oktyabr 2023-cü il tarixinə 4671,41 əsas, 1157,19 manat faiz, 159,31 manat cərimə, cəmi 5987,91 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, o borcu qəbul edir lakin ödəməyə imkanı yoxdur. Oğlu Cavabdeh2 qazidir, onunda ödəməyə imkanı yoxdur. İmkanı olduqca ödəyəcəkdir. İş materiallarında olan: iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh (borcalan) Cavabdeh2 bağlanmış 15 noyabr 2021-ci il tarixli 2163nkGNDJ/21 saylı kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh2 36 ay müddətinə, 14 noyabr 2024-cü ilə kimi, illik 26 faiz olmaqla 6000 manat məbləğində kreditin verilməsini, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndindən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan: "xxxx" KB ASC-nin 09 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 15 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4671,41 manat əsas, 1157,19 manat faiz, 159,31 manat cərimə borcu olmaqla, cəmi 5987,91 manat kredit borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş 14 aprel 2023-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və buna görə borcu yaranmışdır. Odur ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda, iddia tələbinin digər Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlərə hesablanmış 159,31 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehlərin üzərində 9,31 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 150 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 79,88 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi- 78,38 manat (yetmiş səkkiz manat 38 qəpik) hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" KB ASC ilə cavabdehlər arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 2163nkGNDJ/21 saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 4671,41 (dörd min altı yüz yetmiş bir manat 41 qəpik) əsas, 1157,19 manat (min yüz əlli yeddi manat 19 qəpik) faiz, 9,31 manat (doqquz manat 31 qəpik) cərimə olmaqla, cəmi 5837,91 manat (beş min səkkiz yüz otuz yeddi manat 91 qəpik) kredit borcu, 0,40 manat xidmət haqqının və 78,38 manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 2163nkGNDJ/21 saylı kredit müqaviləinə xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 4671,41 (dörd min altı yüz yetmiş bir manat 41 qəpik) əsas, 1157,19 manat (min yüz əlli yeddi manat 19 qəpik) faiz, 9,31 manat (doqquz manat 31 qəpik) cərimə olmaqla, cəmi 5837,91 manat (beş min səkkiz yüz otuz yeddi manat 91 qəpik) kredit borcu və ödənilmiş 0,40 manat xidmət haqqının və 78,38 manat (yetmiş səkkiz manat 38 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar