Məhkəmə qərarları › İş №2(040)-1505/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1505/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1505/2025 14.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9 (doqquz) il müddətində ona dəyən 20000 (iyirmi min) manat maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılamsını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ikinci dərəcəli Qarabağ müharibəsi əlilidir. 2016-cı ildə Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidən 3250 (üç min iki yüz əlli) manata iki sot torpaq sahəsi almış, yalnız sonradan məlum olmuşdur ki, torpaq sahəsi ayrı bir şəxsə məxsus imiş və o, səhhəti ilə bağlı Tərtər rayonundan Bakı şəhərinə tez-tez gəlib-gede bilmədiyinə görə həmin şəxs onun torpaq sahəsini dələduzluq edib verməmiş və etibarnamə üzrə nümayəndəsi təyin etdiyi oğlu işi ilə əlaqədar Bakı şəhərində Albalılıq ərazisində yaşamağa getdikdən sonra həmin şəxsdən torpaq sahəsini təleb etmiş ve hemin şəxs- Cavabdeh Bakı şəhəri Xəzər rayonu Albalılıq ərazisindən 2025-ci ildə iki sot torpaq sahəsi vermiş, yalnız vəd etdiyi kimi hasara alınmış şəkildə deyil, hasarsız şəkildə vermişdir. Sonra məlum olmuşdur ki, torpaq sahəsinin bir qismini yenə də öz tanışı Ramid adlı şəxsə satıb və bu şəxslər tanış olduqları üçün torpaq sahəsini ümumi ələ keçirmək istəyirlər. Yalnız torpaq sahəsinin bir qismi də neft fondunun ərazisidir və üstəlik torpağa aid verdiyi sənəd də saxta sənəddir. Oğlu Baş Prokurorluğa ərizə ilə müraciət etmiş, prokurorluq isə ərizəni Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə işə baxılması və araşdırılması üçün yönləndirmişdir. Lakin həmin qurumda işə baxılmır, nə də ki araşdırılmır. Bu səbəbdən ikinci dərəcəli Qarabağ əlili kimi məhkəməyə müraciət edir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 15 dekabr 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 14 yanvar 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər; iddiaçı nümayəndəsi və vəkili vasitəsilə təmsil olunmuşdur; cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə danışıqlar aparılmış, o, pulu ödəməkdən imtina etmiş, buna baxmayaq, 15 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında 3250 (üç min iki yüz əlli) manat aldığını etiraf etmişdir. Torpağın alınması üçün 2016-cı ildə ödəniş edilmiş, indiyədək həmin torpaqdan istifadə edilməmişdir. Buna görə də dəymiş ziyana görə cavabdehdən 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tələb edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh 15 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, altı sot torpaq sahəsini hər biri iki sot olmaqla hissə hissə satmışdır. Lakin iddiaçıya torpaq satmayıb; torpağı İsmayıl İsmayılovun xalası ərinə-Bəxtiyara satmışdır. Bunun müqabilində cəmi 3250 (üç min iki yüz əlli) manat pul almışdır. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: 25 noyabr 2016-cı il tarixli TT2355110 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı Cavabdeh hesabına 1008 (min səkkiz) manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan: Bakı şəhəri Xəzər Rayon Prokurorluğu tərəfindən Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisinə ünvanlanmış 20 iyun 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh aldığı torpaq sahəsinin digər şəxsə satılması barədə Bakı Şəhər Prokurorluğuna daxil olmuş müraciəti Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan: Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 21 fevral 2005-ci il tarixli 024 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin ərazisində 1200 kvadratmetr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün vətəndaş Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan: 08 fevral 2025-ci il tarixli 7E-1601 reyestr nömrəli etibarnamədən görünür ki, etibarnamə üzrə Cavabdeh İddiaçı faktiki istifadəsində olan Buzovna qəsəbəsi ərazisində yerləşən 1200 kvadratmetr torpaq sahəsinin 200 kvadrat metrsahəsindən təyinatı üzrə istifadə etməyi, təyinatını dəyişdirməyi və s. hərəkətlər etməyi etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən- 4712,50 (dörd min yeddi yüz on iki manat-50 qəpik) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, yəni həmin hissədə- 2016-cı ildə iddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pulun alınması və həmin pulun keçən müddət ərzində cavabdehdə olması ilə bağlı hissədə iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 20000 (iyirmi min) manat məbləğində maddi ziyan vurduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim etməmişdir. Bununla belə, Cavabdeh iddiaçıya qeyrirəsmi satdığı torpaq sahəsinin müqabilində iddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pul aldığını etiraf etmişdir. Belə olan halda Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq İddiaçı xeyrinə 3250 (üç min iki yüz əlli) manat, həmçinin iddiaçıya məxsus 3250 (üç min iki yüz əlli) manat pul vəsaitini doqquz il ərzində qanunsuz əldə saxlamağa görə (Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbi) 1462,50 (bir min dörd yüz altmış iki manat- 50 qəpik) manat, cəmi 4712,50 (dörd min yeddi yüz on iki manat-50 qəpik) manat məbləğdə pul vəsaiti tutulmalıdır. Belə ki, iddiaçıya məxsus 3250 (üç min iki yüz əlli) manat pul vəsaitini doqquz il ərzində qanunsuz əldə saxlamağa görə, hər ilə görə əsassız əldə saxlanmış 3250 (üç min iki yüz əlli) manat pul vəsaitinin 5 (beş) faizi həddində (hər ilə görə 162,50 manat) olmaqla, (doqquz ilə görə 1462,50 manat) əsas borca faizlər qismində əlavə edilməlidir. İddia qalan hissədə - 15287,50 (on beş min iki yüz səksən yeddi manat- 50 qəpik) məbləğində maddi ziyan tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddianın əsası sübutlarla təsdiq olunmadığından, həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq İddiaçı xeyrinə 3250 (üç min iki yüz əlli) manat, həmçinin iddiaçıya məxsus pul vəsaitini doqquz il ərzində qanunsuz əldə saxlamağa görə 1462,50 manat, cəmi 4712,50 (dörd min yeddi yüz on iki manat-50 qəpik) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar