Məhkəmə qərarları › İş №2(040)-167/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-167/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-167/2024 27.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) manat pulun və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təxmini 1 il olar ki, Cavabdeh ondan borca 1500 (min beş yüz) manat pul almışdır. Xəstə anasının müalicəsi üçün aldığı məbləği qısa müddət ərzində qaytaracağına söz vermişdir. Dəfələrlə pulunun qaytarılmasını istəsə də cavabdeh yalan vədlər verərək onu aldatmışdır. Cavabdeh borca götürdüyü 1500 (min beş yüz) manat məbləği danmır, lakin ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Onu da qeyd edir ki, maddi sübut kimi cavabdeh Gəncə Apellyasiya Məhkəməsində öz ifadəsində təsdiq etmişdir və 1 nəfər də şahidi vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə borc olaraq 1500 (min beş yüz) manat pul vermişdir. Cavabdeh aldığı pulu qısa müddət ərzində qaytaracağına söz vermişdir. Dəfələrlə pulunun qaytarılmasını istəsə də cavabdeh yalan vədlər verərək onu aldatmışdır. Gəncə Apellyasiya Məhkəməsində cavabdeh öz izahatında ondan 1500 (min beş yüz) manat pul almasını özü etiraf etmişdir. Hazırda pulunu cavabdehdən tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında şifahi borc müqaviləsinin yarandığının iddia edildiyi vaxt (2023-cü il) qüvvədə olan mətninin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 09 yanvar 2023-cü il tarixdə qəbul edilmiş 2(104)-251/2023 saylı qətnaməsini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehə 1500 (min beş yüz) manat pul verdiyini bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “1500 (min beş yüz) manat pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar