Məhkəmə qərarları › İş №2(040)-183/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-183/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-183/2024 20.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 31 mart 2021-ci il tarixli 617nkKPZ/21 saylı kredit müqaviləsinə xitam verilməsini, cavabdehdən 6381,55 manat əsas, 397,97 manat faiz, 59,36 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6838,88 manat borcun, 0,40 manat xidmət haqqının və ödənilmiş 88,39 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci bəndinin şərtinə görə, borcverən müqavilədə göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx"KB ASC-yə 25 oktyabr 2023-cü il tarixinə 6381,55 manat əsas, 397,97 manat faiz, 59,36 manat cərimə olmaqla, cəmi 6838,88 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, 20 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək 6381,55 manat əsas, 397,97 manat faiz, 59,36 manat cərimə, cəmi 6838,88 manat kredit borcunu və 88,39 manat dövlət rüsumunu hissə-hissə iddiaçıya ödəməyə razı olduğunu bildirmiş və növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 31 mart 2021-ci il tarixli “617nkKPZ/21” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) tərəfindən cavabdehə (Borc alana) illik 25 faiz ödəmək şərtilə 60 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “617nkKPZ/21” saylı kredit müqaviləsi üzrə 6381,55 manat əsas, 397,97 manat faiz, 59,36 manat cərimə olmaqla, cəmi 6838,88 manat borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 17 may 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 739cu maddəsindən görünür ki: 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 88,39 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, 31 mart 2021-ci il tarixli “617nkKPZ/21” nömrəli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 6381,55 manat (altı min üç yüz səksən bir manat 55 qəpik) əsas, 397,97 manat (üç yüz doxsan yeddi manat 97 qəpik) faiz, 59,36 manat (əlli doqquz manat 36 qəpik) cərimə olmaqla, cəmi 6838,88 manat (altı min səkkiz yüz otuz səkkiz manat 88 qəpik) kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən dövlət büdcəsinə ödənilmiş 88,39 manat (səksən səkkiz manat 39 qəpik) dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli “617nkKPZ/21”nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 6381,55 manat (altı min üç yüz səksən bir manat 55 qəpik) əsas, 397,97 manat (üç yüz doxsan yeddi manat 97 qəpik) faiz, 59,36 manat (əlli doqquz manat 36 qəpik) cərimə olmaqla, cəmi 6838,88 manat (altı min səkkiz yüz otuz səkkiz manat 88 qəpik) kredit borcu, həmçinin ödənilmiş 88,39 manat (səksən səkkiz manat 39 qəpik) dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar