Məhkəmə qərarları › İş №2(040)-194/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-194/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-194/2024 29.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5180 (beş min yüz səksən) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonunun Qiyaslı kəndində doğulmuşdur, məcburi köçkündür, hazırda Yevlax şəhəri, 32-ci məhəllə, bina 4, mənzil 5də yaşayır. Cavabdeh tanıyır. 2022-ci ilin yay aylarında cavabdehə 4400 (dörd min dörd yüz) manat pul vermişdir. Cavabdeh bu barədə öz xətti ilə qəbz yazaraq imzalamışdır. Qəbzin məzmunu belədir: “Cavabdeh mən bunu yazıram ki, İddiaçı götürdüyüm 4400 manata görə 520 manatlıq kartı verdim. Pul qurtarana kimi kart Samirdə qalacaq. Özüm yazdım. İmza”. Cavabdeh həmin qəbzi Şahin Həsənovun yanında yazmışdır və Şahin Həsənov da qəbzin arxasında öz imza və xətti ilə buna şahid olduğunu bildirmişdir. Bundan başqa, o, 2022-ci ilin dekabr ayında Bərdə-Ağcabədi yolunun üzərində yerləşən “Muğan-məkan” kafesində Cavabdeh əlavə olaraq 1300 (min üç yüz) manat borc vermişdir. Həmin pulu verən zaman da Şahin Həsənov onların yanında olmuş və pulun verilməsində şahidlik etmişdir. Ümumilikdə, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul vermişdir. Cavabdeh ona verdiyi kartdan cəmi 1 ay bir dəfəyə 520 (beş yüz iyirmi) manat pul çıxartmışdır. Bundan sonra cavabdeh kartın qarşısını bağlatdırdığına görə pul çıxarda bilməmişdir. Hazırda Cavabdeh ona 5180 (beş min yüz səksən) manat borcu qalmışdır. O, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmaqdan imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iştirak etdiyi 23 yanvar 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, İddiaçı 5180 (beş min yüz səksən) manat borcu olduğunu, maddi imkanı aşağı olduğuna görə borcunu qaytara bilmədiyini, borcunu imkanı olduqca az-az qaytaracağını qeyd edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq 5700 (beş min yeddi yüz) manat pul vermişdir. Cavabdeh ona verdiyi kartdan cəmi 1 ay bir dəfəyə 520 (beş yüz iyirmi) manat pul çıxartmışdır. Bundan sonra cavabdeh kartın qarşısını bağlatdırdığına görə pul çıxarda bilməmişdir. Hazırda Cavabdeh ona 5180 (beş min yüz səksən) manat borcu qalmışdır. Cavabdehin özü də ona 5180 (beş min yüz səksən) manat pul borclu olduğunu etiraf edir. Ona görə də Cavabdeh 5180 (beş min yüz səksən) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq edilmiş, cavabdeh iddiaçıya hazırda 5180 (beş min yüz səksən) manat borcunun olduğunu etiraf etmişdir. Belə olan halda, Cavabdeh 5180 (beş min yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5180 (beş min yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar