Məhkəmə qərarları › İş №2(040)-195/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-195/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-195/2024 06.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bir uşağa görə əvvəl təyin edilmiş alimentin miqdarının artırılması və digər bir uşağa görə aliment təyin edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 18 iyul 2008-ci il təvəllüdlü X12 və 27 oktyabr 2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq ona verilməsi, ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manatın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 sentyabr 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 18 iyul 2008-ci ildə X12 və 27 oktyabr 2009-cu ildə X9 adlı iki uşaqları doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli qətnaməsi ilə 18 iyul 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyildir. Hesab edir ki, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Mülki iş üzrə hazırlıq iclası 23 yanvar 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 06 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 13 sentyabr 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 18 iyul 2008-ci ildə X12 və 27 oktyabr 2009-cu ildə X9 adlı iki uşaqları doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli qətnaməsi ilə 18 iyul 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Digər övladı 27 oktyabr 2009-cu ildə doğulmuş X6 isə aliment təyin edilməmişdir. Cavabdeh ona bir uşağa görə ödədiyi aylıq 20 (iyirmi) manat aliment pulundan başqa uşaqların saxlanılması üçün heç bir köməklik etmir. Uşaqlar böyüyür, tələbatları artır. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyildir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşaqların ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı çox aşağıdır. Cavabdehlə mediasiya prosesində hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat aliment ödənilməsi ilə bağlı razılığa gəlsələr də, cavabdeh barışıq sazişinin tələblərini yerinə yetirməyərək aliment ödəməkdən imtina etmişdir. Bu səbəbdən X10 təyin edilmiş alimentin artırılması, X6 isə aylıq 100 (yüz) manat sabit pul məbləğində aliment təyin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, hər ay hər uşağa görə 100 (yüz) manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 avqust 2008ci il tarixdə verilmiş AZ-İİ № 118638 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır -hakimin qeydi) görünür ki, X12 18 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 fevral 2015-ci il tarixdə təkrar verilmiş AZ-İİİ № 468084 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır -hakimin qeydi) görünür ki, X9 27 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 aprel 2009-cu il tarixli 2(045)-129/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, 18 iyul 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında bağlanmış Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X11 tərəfindən təsdiq edilmiş 05 sentyabr 2022-ci il tarixli 04557 nömrəli “barışıq sazişi”ndən görünür ki, Cavabdeh övladlarının saxlanılması üçün 01 sentyabr tarixindən başlamaqla hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 18 iyul 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 (iyirmi) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Həmçinin, 27 oktyabr 2009-cu ildə doğulmuş X3 da yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 18 iyul 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 06 aprel 2009-cu il tarixli 2(045)-129/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 20 (iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda, 27 oktyabr 2009-cu ildə doğulmuş X3 da yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, bu qətnamə əsasında alimentin ödənilməsi 18 iyul 2008-ci il tarixdə doğulmuş X10 münasibətdə - qətnamənin qanuni qüvvəyə mindiyi gündən, 27 oktyabr 2009-cu ildə doğulmuş X6 münasibətdə - bu barədə iddia ərizəsinin məhkəməyə daxil olduğu 15 dekabr 2023-cü il tarixdən hesablanmaqla icra edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə 27 oktyabr 2009-cu ildə doğulmuş X6 münasibətdə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 18 iyul 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 06 aprel 2009-cu il tarixli 2(045)-129/2009 saylı qətnaməsi ilə aylıq 20 (iyirmi) manat təyin edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılmaqla aylıq 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilsin, 27 oktyabr 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment təyin edilsin – iki uşağa görə aylıq cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bu qətnamə əsasında alimentin ödənilməsi: 18 iyul 2008-ci il tarixdə doğulmuş X10 münasibətdə - qətnamənin qanuni qüvvəyə mindiyi gündən, 27 oktyabr 2009-cu ildə doğulmuş X6 münasibətdə - bu barədə iddia ərizəsinin məhkəməyə daxil olduğu 15 dekabr 2023-cü il tarixdən hesablanmaqla icra edilsin. X2 görə aliment ödənilməsi hissəsi dərhal icraya yönəldilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar