Məhkəmə qərarları › İş №2(040)-239/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-239/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-239/2024 24.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində pulun və ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, aralarında olan razılaşmaya əsasən Cavabdeh ona 4300 (dörd min üç yüz) manat borcu yaranmışdır. Cavabdeh 08 noyabr 2022-ci il tarixdə öz xətti və imzası ilə yazmış olduğu qəbzdə almış olduğu borcu hər ayın 27-də ödəyəcəyini və qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra 2022-ci ilin dekabr ayında borcundan 50 (əlli) manat ödəmiş, sonradan isə borcunun qalan hissəsini qaytarmaqdan yayınmışdır. Hazırda Cavabdeh ona 4250 (dörd min iki yüz əlli) manat borcu qalmışdır. O, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmaqdan imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ona 4300 (dörd min üç yüz) manat borcu yaranmışdır. Cavabdeh 08 noyabr 2022-ci il tarixdə öz xətti və imzası ilə qəbz yazaraq almış olduğu borcu hər ayın 27-də 50 manat olmaqla ödəyəcəyini və borcunu tam qaytaracağını öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra 2022-ci ilin dekabr ayında borcundan 50 (əlli) manat ödəmiş, sonradan isə borcunun qalan hissəsini qaytarmaqdan yayınmışdır. Cavabdehin özü də ona pul borclu olduğunu etiraf edir, lakin müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Hazırda Cavabdeh ona 4250 (dörd min iki yüz əlli) manat borcu qalmışdır. Ona görə də Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat pulun və ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: 08 noyabr 2022-ci il tarixdə Cavabdeh adından yazılmış qəbzdən görünür ki, “Kəlbəcər qəsəbəsi, bina 13, mənzil 30-da yaşayan Cavabdeh Kəkliyə (İddiaçı) 4300 manat pul borcunun qaldığını, borcunu hər ayın 27-də ara vermədən 50 manatdan ödəyəcəyini öhdəsinə götürdüyünü, borcundan dekabr ayında 50 manat verdiyini” qeyd etmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 4250 (dörd min iki yüz əlli) manat borcunun olduğu təsdiq olunmuşdur. Belə olan halda, Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 63 (altmış üç) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat borc pul və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun pul əvəzi, cəmi 4313 (dörd min üç yüz on üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar