Məhkəmə qərarları › İş №2(040)-240/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-240/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-240/2024 04.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc kimi 9411 (doqquz min dörd yüz on bir) ABŞ dolları, əlavə cərimə məbləği kimi 5000 (beş min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 153 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə cavabdeh keçmiş dostudur. 2018-ci ildə həmin vaxt əlində olan biznesini böyütmək üçün cavabdeh onun işinə şərik olmasını təklif etmişdir. Həmin zaman o şampun ve sabun biznesi ilə məşğul idi. Xaricdən topdan alaraq məhsulları Bakıya gətirərək burada yerli məhsul kimi yeni qablaşdırma edərək yeni ad ilə bazara çıxarırdı. O, cavabdehə bu kimi biznesdə anlayışı və təcrübəsi olmadığını bildirib onunla şərik ola bilməyəcəyini demişdir. Cavabdeh isə əslində ona şərik yox biznesini böyütmək üçün pul lazım olduğunu bildirmişdir. Həmin dövrdə cavabdehin ona bu təklifi etməsi də boş deyildi. O yaxşı bilirdi ki, Turalın şərik təklif etdiyi məbləği o, bir necə həftə ərzində tapıb onunla şərik ola bilər. O, Turala 2018-ci ilin sonu və 2019-cu ildə 10 (on) min dollar pulu düzəldib borc olaraq vermişdir. Tural ona bu pulu ən geci 6 ay ərzində qaytaracağına söz vermişdir. İlk bir necə ay görüşüb ona hər həftə ***-**** dollar vermək istədiyini bildirsə də ona pulu tam yığıb daha böyük məbləğ olaraq verməsini bildirmişdir. O isə heç bir problem olmadığını demişdir. İlkin olaraq ona verdiyi pulu 6 ayın tamamında görüşüb ona qaytarmaq istədiyini demişdir. Onlar görüşmüş, cavabdeh ona əgər təcili pula ehtiyacı yoxdursa 6 ay daha əlində qalmasını xahiş etmişdir. O, həmin puldan 1000 (min) dollar pulu ondan alıb qalan 9000 (doqquz min) dollar pulu yenidən 6 ay cavabdehin əlində qalmasına razılıq vermişdir. 6 ay ərzində bu şəxs hər zaman olduğu kimi telefonlara cavab verir və onların dost-tanışla görüşlərində gəlib iştirak edirdi. 6 ayın tamamına yaxın ərəfələrdə Turalın atası qəfildən rəhmətə getmişdir. O və digər dost-tanışlar onun atasının dəfnində və yas mərasimində iştirak etmişlər. 6-cı ayın tamamında atasının yas mərasiminə təsadüf etdiyi üçün onun üzü gəlməmişdir bu adamdan pulunu istəsin. Atasının qırx məclisindən sonra istəmişdir ki, bir qədər vaxt keçsin onunla pul barədə danışsın. Bu ərəfələrdə cavabdeh onun telefonlarına cavab verməməyə başlamışdır. Beləlikə artıq Turalı bir müddət sonra tapa bilməmişdir. Turalı tapa bilmədiyindən, qardaşı da borcdan çox az məbləğ qaytardığına görə əlacsız qalıb onun barəsində yaşadığı Nizami rayonu, 24-cü polis bölməsinə şikayət etmişdir. Nizami rayon RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Əzizova Pərvanə Saday qızı tərəfindən hər birinin izahatları alınaraq araşdırma aparıb belə qənaətə gəlmişdir ki, onun şikayət ərizəsinə əsasən Cavabdeh əməlində dələduzluq faktı yoxdur. Nizami rayon RPİ-nin 24-cü PŞ-nin təhqiqatşısı, polis mayoru X1 07 noyabr 2023-cü il tarixli "cinayət işinin rədd edilməsi haqqında" qərar qəbul edib və ərizənin mülki xarakterli mühabisə olmasını əsas gətirərək öz həllini məhkəmədə tapmalı olduğunu qərarında göstərmişdir. Cavabdeh onunla olan dostluq münasibətlərinə dəyər verməyib onun etimadından sui-istifadə etmişdir. Cavabdeh 6 ay ərzində borcundan ona cəmi 1000 (min) manat pul qaytarmışdır. Hazırda cavabdeh aldığı pulu vaxtında və lazımı qaydada qaytarmadığına görə ona əlavə maddi ziyan vurmuşdur. Bu baxımdan hesab edir ki, pulun qaytarılmadığı hər il üçün əsas məbləğə əlavə olaraq 1000 (min) manat olmaqla, cəmi 5000 (beş min) manat pul cavabdehdən tutulmalıdır. İddiaçı 12 mart 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən 8000 (səkkiz min) manat məbləğində əsas borcun və 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı 12 mart 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 12 mart 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq 10000 (on min) ABŞ dolları pul vermişdir. Cavabdehin özü də polis şöbəsində verdiyi izahatında ondan 10000 (on min) ABŞ dolları borc aldığını, borcundan bir hissəsini qaytardığını, lakin 8000 (səkkiz min) manatını ödəyə bilmədiyini etiraf etmişdir. Hazırda cavabdehin ona 8000 (səkkiz min) manat borcu ödənilməmiş qalır. Ona görə də Cavabdeh 8000 (səkkiz min) manat pulun və 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən göndərilmiş materiallara əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, “Araşdırma zamanı izahatı alınmış xx xxxxxx 1984-cü il tarixində Kəlbəcər rayonunda doğulmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi yeni tikilidə yaşayan Cavabdeh bildirmişdir ki, o uzun illərdir ki, yuyucu vasitələrin alışı və satışı ilə məşğuldur. 2018-ci ildə işini böyütmək üçün Çin Xalq Respublikasından mallar gətirtmək qərarına gəlmiş, bu məqsədlə çoxdan tanıdığı İddiaçı ilə bu barədə danışmış, əlində bir qədər pul vəsaiti olduğunu demiş, Vüsalın da bu işə 10000 (on min) ABŞ dolları pul qoyub qazanılacaq pulu yarı bölməyi təklif etmişdir. Vüsal onunla razılaşmış, 2018-ci ilin noyabr ayında Vüsaldan 10000 ABŞ dolları pulu borc götürmüş, Çin Xalq Respublikasından lazım olan yuyucu vasitələri sifariş vermiş, iki ay sonra sifarişi qəbul etmiş, həmin sifariş etdiyi malların 65000 manat dəyərində olan hissəsini Sədərək bazarında çoxdan tanıdığı Anar adlı şəxsə vermiş, Anar bir aya malların pulunu verəcəyini vəd etmiş, lakin bir ayın tamamında Anar müflis olduğunu deyərək pulu ona qaytarmamışdır. Sonradan o Anar barəsində Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Bundan sonra o Vüsala olan borcunun 9000 manatını hissə-hissə qaytarmış, son iki ildə işlərinin pis olması ilǝ əlaqədar Vüsala pul ödəyə bilməmişdir. O bu səbəbdən Vüsala yerdə qalan 8000 manat borcunu ödəyə bilməmişdir. Cavabdeh İddiaçı olan 8000 (səkkiz min) manat borcunu tez bir zamanda ödəyəcəyini bildirmişdir”. İddiaçı müraciətində qeyd etdiyi xüsusatlar cinayət xarakterli deyil, mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsinin pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsinin pul əvəzi, cəmi 8100 (səkkiz min yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar