Məhkəmə qərarları › İş №2(040)-264/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-264/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-264/2025 12.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi, 5200 (beş min iki yüz) manat məbləğdə əsas borcun, 400 (dörd yüz) manat məbləğdə faiz borcunun və 300 (üç yüz) manat vəkil xərcinin, cəmi 5900 (beş min doqquz yüz) manat məbləğdə pul vəasitinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında 15 avqust 2024-cü il tarixdə bağlamış olduqları kredit müqaviləsinin cavabdeh tərəfindən vaxtında icra edilmədiyinə görə ləğv edilməsi, Cavabdeh kredit müqaviləsində göstərilən 5200 (beş min iki yüz) manat pulun və həmin pulu 5 (beş) ay özündə qanunsuz saxladığına görə Mərkəzi Bankın uçot dərəcəsi ilə gecikdirilmiş uçot dərəcəsi faizi olan 400 (dörd yüz) manat pulun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 15 avqust 2024-cü il tarixdə ondan 5200 (beş min iki yüz) manat məbləğində borc pul alaraq 15 avqust 2025-ci il tarixədək qaytaracağına vəd vermiş, lakin bugünədək ona bir manat da olsa pul ödəməmişdir. Cavabdeh müqavilədə göstərilən borcunu ödəməmiş və müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Həmin borc müqaviləsi Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən rəsmiləşdirilmişdir. Cavabdeh bugünədək üzərinə götürdüyü öhdəliyi icra etməmiş və onun pulunu qaytarmamışdır. Hal-hazırda Cavabdeh ona 5200 (beş min iki yüz) manat məbləğində borcu mövcuddur. Pulun geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə 11 fevral 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, iddianın tam həcmdə təmin edilməsini və əlavə olaraq 300 (üç yüz) manat vəkil xidmət haqqının da cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 28 yanvar 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı təxirə salınaraq 11 fevral 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 12 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 15 avqust 2024-cü il tarixdə ondan 5200 (beş min iki yüz) manat məbləğində borc pul alaraq borcunu hər ay 433 (dörd yüz otuz üç) manat olmaqla, sonuncu ay isə 437 (dörd yüz otuz yeddi) manat olmaqla 15 avqust 2025-ci il tarixədək qaytaracağına vəd vermişdir. Həmin borc müqaviləsi Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, bugünədək ona bir manat da olsa pul ödəməmişdir. Hal-hazırda Cavabdeh ona 5200 (beş min iki yüz) manat məbləğində borcu mövcuddur. Pulun geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona görə də Cavabdeh ilə aralarında 15 avqust 2024-cü il tarixdə bağlamış olduqları kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsində göstərilən 5200 (beş min iki yüz) manat pulun, həmin pulu 5 ay özündə qanunsuz saxladığına görə Mərkəzi Bankın uçot dərəcəsi ilə gecikdirilmiş uçot dərəcəsi faizi olan 400 (dörd yüz) manat pulun və 300 (üç yüz) manat vəkil xidmət haqqının da alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan başqa, o, hazırki iddia ilə bağlı hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamış və müqavilə üçün 300 (üç yüz) manat pul ödəmişdir, həmin vəsait də cavabdehdən onun xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmədə iddianı müdafiə edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: 15 avqust 2024-cü ildə borcverən İddiaçı və borcalan Cavabdeh tərəfindən imzalanmış və Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən notarial qaydada təsdiq edilmiş (reyestr № 3M-972) “Kredit müqaviləsi”ndən (borc müqaviləsi) görünür ki, Cavabdeh 15 avqust 2024-cü il tarixdə İddiaçı 5200 (beş min iki yüz) manat borc pul almış, borcu 15 avqust 2025-ci il tarixədək hər ay 433 (dörd yüz otuz üç) manat olmaqla, sonuncu ay isə 437 (dörd yüz otuz yeddi) manat olmaqla notariusun bankda olan depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən – tərəflər arasında bağlanmış 15 avqust 2024-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 5200 (beş min iki yüz) manat əsas borc və 300 (üç yüz) manat vəkil xidmət haqqı tələbi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 5200 (beş min iki yüz) manat pul verilməsi iş materiallarında olan 15 avqust 2024-cü il tarixli borc müqaviləsi ilə öz təsdiqini tapmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, İddiaçı ilə Cavabdeh arasında 15 avqust 2024-cü il tarixdə bağlanmış və Bərdə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən “3M-972” nömrəli reyestrə daxil edilməklə təsdiq edilmiş borc müqaviləsi vaxtından əvvəl ləğv edilməli, Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində əsas borc alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat xərcin pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə - gecikdirilmiş borca görə 400 (dörd yüz) manat faiz borcunun ödənilməsi tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı gecikmə faizinin hesablanmasının əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 15 avqust 2024-cü il tarixdə bağlanmış və Bərdə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən “3M- 972” nömrəli reyestrə daxil edilməklə təsdiq edilmiş borc müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı xeyrinə 5200 (beş min iki yüz) manat məbləğdə əsas borc və 300 (üç yüz) manat vəkil xərcinin pul əvəzi, cəmi 5500 (beş min beş yüz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar