Məhkəmə qərarları › İş №2(040)-278/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-278/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-278/2025 19.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu , İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlərdən birgə qaydada 2554,20 manat əsas, 24,26 manat faiz olmaqla cəmi 2578,46 manat borcun və ödənilmiş 46,40 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq bağlanmış 07 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcluya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə (12 ay möhlətlə) 3785,87 manat məbləğində güzəştli kredit verilmişdir. Borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 ilə 07 oktyabr 2079-cu il tarixli MN-00032634 saylı və 07 oktyabr 2019-cu il tarixli MN-00027712 saylı müqavilə bağlanmışdır, bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin Cavabdeh1 kredit müqaviləsi bağlandıqdan sonra 1231,67 manat əsas, 136,33 manat faiz borcu olmaqla, cəmi 1368 manat ödəniş etmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 2554,20 manat əsas, 24,26 manat faiz olmaqla cəmi 2578,46 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan 07 oktyabr 2019-cu il tarixli L-MN-0048301-F nömrəli kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə ( 12 ay möhlətlə) 3785,87 manat məbləğində güzəştli kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 07 oktyabr 2019-cu il tarixli MN-00032634 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 07 oktyabr 2019-cu il tarixli L-MN-0048301- F nömrəli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan: 07 oktyabr 2019-cu il tarixli MN-00027712 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 07 oktyabr 2019-cu il tarixli L-MN-0048301- F nömrəli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan: 26 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “L-MN-0048301-F” nömrəli kredit müqaviləsi üzrə 1368 manat ödəniş etmiş, onun həmin tarixə borcu- 2554,20 manat əsas, 24,26 manat faiz olmaqla cəmi 2578,46 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin digər cavabdehlər (zamin) Cavabdeh2, Cavabdeh3 qarşı olan hissəsini də araşdıraraq hesab edirəm ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də iddiaçı qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 46,40 (qırx altı manat 40 qəpik) manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Hakim hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli L-MN-0048301-F nömrəli kredit müqaviləsi, 07 oktyabr 2019-cu il tarixli MN-00032634 nömrəli Zaminlik müqaviləsi, 07 oktyabr 2019-cu il tarixli MN-00027712 nömrəli Zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlərdən birgə qaydada 2554,20 manat (iki min beş yüz əlli dörd manat 20 qəpik) əsas borc, 24,26 manat (iyirmi dörd manat 26 qəpik) faiz olmaqla, cəmi 2578,46 manat (iki min beş yüz yetmiş səkkiz manat 46 qəpik) kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 46,40 (qırx altı manat 40) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 2554,20 manat (iki min beş yüz əlli dörd manat 20 qəpik) əsas borc, 24,26 manat (iyirmi dörd manat 26 qəpik) faiz olmaqla, cəmi 2578,46 manat (iki min beş yüz yetmiş səkkiz manat 46 qəpik) kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 46,40 (qırx altı manat 40 qəpik) manat dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar