Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-348/2025 07.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “1860 manat ziyan, 3059 manat əldən çıxmış fayda, 69,19 manat dövlət rüsumu olmaqla, cəmi 4988,19 manat pul vəsaitinin ödənilməsi tələbinə dair” ilk iddiası və Cavabdeh ilk İddiaçı qarşı “3740 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 1860 (min səkkiz yüz altmış) manat (avtomobilə dəymiş ziyan) və 3059 (üç min əlli doqquz) manat (avtomobilin 23 gün işləməməsinə görə ziyan), cəmi 4919 (dörd min doqquz yüz on doqquz) manat və dövlət rüsumu kimi ödədiyi 69,19 manat (altmış doqquz manat 19 qəpik) məbləğində pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (ilk iddia). İddia onunla əsaslandırılmışdır ki, "X4 mikroavtobus" markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir, həmin avtomobili etibarnaməyə əsasən qohumu X2 idarə etmişdir. X6 13 noyabr 2024-cü il tarixdə saat 18:00 radələrində onun mülkiyyətində olan "X4 mikroavtobus" markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili üzü Bakı istiqamətində idarə edərkən yolun əks istiqamətindən X6un hərəkətdə olan zolağına qəflətən çoxlu sayda xırdabuynuzlu heyvanlar çıxmış, Oruc İbrahimov avtomobilin əyləcinə (tormoza) basmasına baxmayaraq, avtomobil heyvanlarla toqquşmuş və nəticədə mülkiyyətində olan "X4 mikroavtobus" markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1860 (bir min səkkiz yüz altmış) manat ziyan dəymişdir. Həmin vaxt hadisə yerinə yol-patrul xidməti əməkdaşları gəlmiş və günah heyvanların sahibi Cavabdeh olduğundan, Cavabdeh yol hərəkəti qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 338.5.1 vǝ 338.5.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 40 (qırx) manat cərimə edilmişdir. O, dəfələrlə Cavabdeh ona dəymiş 1860 (min səkkiz yüz altmış) manat ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ziyanı ödəməkdən imtina edir, onu get-gələ salır, ona dəymiş ziyanın cüzi hissəsini ödəmək istəyir. Bundan başqa, həmin avtomobil Daşkəsən rayonunun Çovdar kəndində yerləşən qızıl mədəni ilə rəsmi müqavilələrə əsasən işçilərin daşınması ilə məşğul olmuş və ayda müqavilələrə əsasən 4000 (dörd min) manat gəlir verirdi. Cavabdeh tərəfindən yol hərəkət qaydaları pozulduğundan, o, 23 (iyirmi üç) gündür ki, həmin avtomobili istifadə edə bilmir və hesab edir ki, Cavabdeh 23 (iyirmi üç) günə görə ona 3059 (üç min əlli doqquz) manat (23x133=3059) ziyan vurmuşdur. Odur ki, hesab edir ki, həmin ziyanı da Cavabdeh ödəməlidir. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(066)-185/2025 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası 05 mart 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh İddiaçı qarşı 21 fevral 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, vurduğu maddi ziyana görə İddiaçı 3740 (üç min yeddi yüz qırx) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, onun təsərrüfatında xırdabuynuzlu heyvanlar vardır və həmin heyvanları o özü otarır. Bakı-Qazax avtomobil yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində heyvanların keçidi üçün körpü düzəldilib, heyvanları hamişə həmin keçiddən keçirirlər. Avtomobil yolunun tən ortasından ikitərəfli dəmir hasar çəkilib, ona görə də heyvanları yoldan keçirmək qeyri-mümkündür. 13 noyabr 2024-cü il tarixdə axşam saat 18 radələrində Göygöl rayonunun Üçtəpə kəndi ərazisində heyvanları örüşdən qaytarararkən qeyd olunan keçidə çatana yaxın heyvanları it hürkütdüyünə görə heyvanlar qaçmış və o, heyvanları saxlaya bilməmiş, heyvanlar qaçaraq avtomobil yoluna çıxmış, yolda dəmir arakəsmə olduğuna görə heyvanlar dayanmış və bu zaman "Mercedes-Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək ona məxsus 10 (on) baş heyvanı vuraraq öldürmüşdür. Günah “Mercedes- Sprinter" markalı avtomobilin sürücüsündə olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddasi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Halbuki qeyd olunan hadisənin səbəbkarı "Mercedes-Sprinter” markalı avtomobilin sürücüsü olmuşdur. Qeyd etdiyi heyvanları it hürkütməsi səbəbindən qaçmış və o, heyvanları saxlaya bilməmiş, ona görə də heyvanlar avtomobil yoluna tərəf qaçmışlar. Həmin vaxt oğlu Şahid2 avtomobillə yoldan keçərkən onu görərək avtomobili saxlayaraq qəza işıqlarını yandırmış və eyni zamanda da telefonun işığını yandıraraq qəza şəraitinin olduğunu bildirmiş, buna baxmayaraq, "Mercedes-Sprinter" markalı **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək heyvanları vuraraq 10 (on) başını öldürmüşdür. Həmin heyvanlardan 8 (səkkiz) başı üç-dörd qarın bala vermiş və boğaz olan “qaraqulaq” sort ana qoyunun bazar qiyməti hər biri 400 (dörd yüz) manat, 2 (iki) baş “qaraqulaq” sortu diri çəkisi 30-35 kiloqram olan toğlunun hər birinin bazar qiyməti isə 270 (iki yüz yetmiş) manat olmuşdur. Təqsirin “Mercedes Sprinter” markalı avtomobilin sürücüsündə olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.5.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və nəticədə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. O, qeyd olunan protokol və qərardan şikayət vermiş, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati icraata xitam verilmişdir. Göründüyü kimi törədilmiş hadisədə onun heç bir günahı yoxdur. Əksinə olaraq ilkin iddiaçı ona maddi ziyan vuraraq 10 (on) baş xırdabuynuzlu heyvanını (8 başı üç-dörd qarın bala vermiş və boğaz olan “qaraqulaq” sort ana qoyunun bazar qiyməti 400 (dörd yüz) manat, 2 baş “qaraqulaq” sortu diri çəkisi 30-35 kiloqram olan toğlu) öldürmüş və ona 3740 (üç min yeddi yüz qırx) manat məbləğdə ziyan vurmuşdur. İddiaçı məhkəmə baxış iclasında ilk iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiq edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehin təqsirli hərəkətlərinə görə onun avtomobilinə ziyan dəymişdir, həmin ziyan ödənilməlidir. Qarşılıqlı iddia əsassızdır, belə ki, yol-nəqliyyat hadisəsi zamanı o özü sükan arxasında olmamış, qarşı tərəfə ziyan vuran hər hansı hərəkətlərə yol verməmişdir. İlk iddianın, yəni onun iddiasının tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ilk iddia əsassızdır. Belə ki, əslində iddiaçının təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun 10 (on baş) xırdabuynuzlu heyvanları tələf olmuş, nəticədə ona 3740 (üç min yeddi yüz qırx) manat məbləğdə ziyan dəymişdir. Bununla bağlı şahidləri də vardır. İddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Tofiqlə qonşudurlar. 2024-cü ilin noyabr ayının 13-də qonşular bildirmişlər ki, Tofiqin heyvanlarını avtomobil vuraraq öldürmüşdür. Onun evindən hadisənin baş verdiyi yola təxminən 700-800 metr olar; qonşularla birlikdə gedib görmüşdür ki, Tofiqin 10 (on) baş qoyununu “Sprinter” vurmuşdur və qoyunlar asfalta səpələnmişdir. Ölən qoyunların qiyməti təxminən 3500 (üç min beş yüz) manat pul edərdi. O, təsdiq edir ki, hadisə nəticəsində Tofiqə həqiqətən 10 (on) baş qoyun dəyərində maddi ziyan dəymişdir. Şahid qismində məhkəmə iclasında dindirilən (könüllü ifadə verən) Şahid2 Əlinağı oğlu ifadəsində bildirmişdir ki, o, Cavabdeh oğludur. 2024-cü ilin noyabr ayının 13-də onların heyvanlarını avtomobil vuraraq öldürmüşdür. Hadisə nəticəsində onların 10 (on) baş heyvanı tələf olmuşdur; tələf olmuş heyvanların cəmi dəyəri təxminən 3000-4000 (üç min-dörd min) manat olardı. İş materiallarında olan: Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş 13 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.5.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirləndirilir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 3(040)-230/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Vİİİ Tağımının yol-patrul xidməti inspektoru polis serjantı X1 İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Cavabdeh barəsində qəbul etdiyi 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissədə ləğv edilməsi və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi, 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissəsinin qanuni hesab edilməklə dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 3(104)-20/2025 saylı qərarının surətindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh BDYPİ-in 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin qismən təmin edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 3(040)- 230/2024 nömrəli qərarın şikayətin təmin edilməmiş hissəsində ləğv olunması, BDYPİ-in 13 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissəsində ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissəsində əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (həmin qərardan görünür ki, Cavabdeh 13 noyabr 2024-cü il tarixdə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Üçtəpə kəndi yaxınlığından keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsində tam təqsirsizdir; eyni zamanda həmin qərardan o da görünür ki, qərarda baş vermiş yol-nəqliyyat hadisəsində hər hansı digər şəxsin təqsirli olması da əks olunmamışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -ilk iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir, belə ki, İddiaçı ona dəymiş ziyanın Cavabdeh təqsirli və hüquqazidd hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması nəticəsində də bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə icraatında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 3(104)-20/2025 saylı qərarı ilə 13 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh tam təqsirsiz olmuşdur. -qarşılıqlı iddia tələbi də qanunsuz və əsassız olduğundan rədd edilməlidir, belə ki, Cavabdeh öz qarşılıqlı tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi mübahisəli halları sübut etməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir; 13 noyabr 2024-cü il tarixdə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Üçtəpə kəndi yaxınlığından keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsində "Mercedes-Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirli olmasına dair sübutlar mülki məhkəmə icraatında aşkar edilməmiş, o cümlədən Kəlbəcər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 3(040)-230/2024 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 3(104)-20/2025 saylı qərarlarında İddiaçı, yol-nəqliyyat hadisəsi zamanı "Mercedes-Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuş Oruc İbrahimov və ya hər hansı digər şəxsin təqsirli olmasına dair müddəalar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69,19 AZN (altmış doqquz manat-19 qəpik) dövlət rüsumu özünə aid edilməklə dövlət büdcəsində saxlansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-348/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-348/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver