Məhkəmə qərarları › İş №2(040)-371/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-371/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-371/2025 07.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində borc pulun və 49 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh yaxın rəfiqəsi Aynurun vasitəsilə tanımışdır. Aynur 2024-cü ilin avqust ayında ona zəng edərək Aytənin övladının xəstə olduğunu, onun vəziyyətinin pis olduğunu, ona təcili 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. O, Aytəni yaxından tanımadığına görə əvvəlcə razılaşmamış, lakin Aynur Aytənin övladının ağır olduğunu, anasının onların qonşuluğunda yaşadığını, çox yaxşı adam olduğunu və pulu aldırıb verəcəyini bildirdikdən sonra nəhayət razılaşmalı olmuşdur. Avqust ayının 15-də Aynurun yaşadığı, həm də Aytənin anası Çiçəyin yaşadığı evin yaxınlığında Aytənə əvvəlcə 500 (beş yüz) manat, sentyabr ayının 20-də isə Aytənin yaşadığı şəhərin Ş.İ.Xətai küçəsində “Tam Store” mağazasının yanında 2500 (iki min beş yüz) manat borc pul vermişdir. Aytən oktyabr ayının sonunda borcunu tam şəkildə qaytaracağını bildirmiş, lakin buna baxmayaraq, o, oktyabr ayında cəmi 100 (yüz) manat qaytarmış, qalan pulu isə yaxın gündə verəcəyini desə də, daha sonra zənglərinə cavab verməmişdir. Cavabdeh üzərinə düşən borc müqaviləsindən irəli gələn öhdəliyi vaxtında yerinə yetirmək istəmir. O, məcburiyyət qarşısında qalaraq, Kəlbəcər Rayon Məhkəməsində cavabdehdə qarşı pul tələbinə dair iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh sözlərinə inanaraq cavabdehin uşağının müalicəsi üçün borc olaraq ona əvvəlcə 500 (beş yüz) manat, daha sonra 2500 (iki min beş yüz) manat pul vermişdir. Daha sonra ona aydın olmuşdur ki, cavabdeh onu aldadır. Cavabdeh ona olan borcundan cəmi 100 (yüz) manatını qaytarmışdır. Hazırda cavabdehin ona 2900 (iki min doqquz yüz) manat borcu qalmaqdadır. Cavabdehin özü də ona pul borclu olduğunu etiraf etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 04 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan həqiqətən borca 3000 (üç min) manat pul götürmüşdür. Borcundan 100 (yüz) manatını ödəmişdir. İddiaçıya olan 2900 (iki min doqquz yüz) manat borcunu qəbul edir, imkanı olduqca hissə-hissə ödəyəcəkdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Mingəçevir şəhər X1 bölməsinin təhqiqatçısı, polis mayoru Anar Qədimov tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh və İddiaçı müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh və İddiaçı əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 2900 (iki min doqquz yüz) manat pul borclu olduğunu bildirmiş, cavabdeh iddiaçıya 2900 (iki min doqquz yüz) manat borclu olduğunu etiraf etmişdir. Belə olan halda, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar