Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-391/2024 18.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat əsas borcun və 40 (qırx) manat dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 09 oktyabr 2023-cü il tarixdə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən, o, 4000 (dörd min) manat məbləğində pulu cavabdehə borc vermişdir. Müqavilənin şərtlrinə əsasən, verilmiş borc 2 (iki) ay ərzində geri ödənilməli idi. Lakin cavabdeh bugünə qədər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Hazırda cavabdehi tapmaq mümkün deyildir. Onun rəsmi qeydiyyatda olduğu ünvan işğaldan azad edilmiş ərazidə yerləşir. Faktiki ünvanı isə məlum deyildir. Ofis kimi istifadə etdiyi ünvan isə artıq bağlıdır. Belə görünür ki, cavabdeh məqsədyönlü şəkildə borcunu ödəməkdən yayınır. Bu isə onun hüquqlarını kobud şəkildə pozur. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər 18 iyul 2024-cü il tarixli məhkəmə iclasına gəlməmişlər. İddiaçı 17 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, səhhəti və ailə vəziyyəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə heç bir məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 09 oktyabr 2023-cü ildə borcverən İddiaçı və borcalan Cavabdeh tərəfindən imzalanmış və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən notarial qaydada təsdiq edilmiş (ryestr № 3M-325) “Kredit müqaviləsi”ndən görünür ki, Cavabdeh 09 oktyabr 2023-cü il tarixdə İddiaçı 4000 (dörd min) manat borc pul almış, borcu 09 dekabr 2023-cü il tarixədək, yəni 2 (iki) ay müddətində borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 4000 (dörd min) manat pul verilməsi iş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 4000 (dörd min) manat məbləğində əsas borc və 40 (qırx) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 (min) manatdan 10000 (on min) manatadək olduqda 30 (otuz) manat + 1000 (min) manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda, hazırkı mülki iş üzrə ödənilməli olan dövlət rüsumunun 20 (iyirmi) manat kəsir hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində əsas borc, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun pul əvəzi, cəmi 4040 (dörd min qırx) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh əlavə olaraq 20 (iyirmi) manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-391/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-391/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver