Məhkəmə qərarları › İş №2(040)-42/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-42/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-42/2025 08.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı nümayəndəsi (rəisi) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə 2277,40 manat vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 1(125)-107/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ile təqsirli bilinərək, 01 (bir) il 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə "ATTENTİ" markalı sadə elektron qolbağ tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu sındıraraq yararsız vəziyyətə salmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna görə "ATTENTİ" markalı sadə elektron nəzarət vasitəsinin cəmi 2277,40 AZN təşkil edir. Cavabdeh dəyərin ödənilməsi təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (rəisi) Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(125)-107/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırkı hökmlə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılması və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 03 ay 27 gün müddətin hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün, həmçinin Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 13 günü hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 08 ay 11 gün çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Cavabdeh yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, Cavabdeh barəsində seçilmiş "həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə dəyişdirilməsi və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmişdir. İş materiallarında olan: 28 noyabr 2022-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə” Protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(125)-107/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddə ilə təqsirli bilinib, 01 (bir) il 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir: 1. Sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerii qida mənbəyini dəstəkləyən cihazla)-2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat. İş materiallarında olan: 28 noyabr 2022-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” Protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1(125)-107/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddə ilə təqsirli bilinib, 01 (bir) il 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh ayağına sadə elektron qolbağ bağlanılmış (078CE17328), 01 ədəd mobil nəzarət qurğusu (********), 03 ədəd ev siqnal ötürücüsü və 01 ədəd poverbank məhkuma təhvil verilmişdir. İş materiallarında olan: İddiaçı Cavabdeh ünvanladığı 30 oktyabr 2024-cü il tarixli rəsmi xəbərdarlıqdan görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilən zaman mobil nəzarət qurğusunun zədələndiyi və yararsız hala düşdüyü müəyyən edilmişdir. Elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) təşkil edir. Cavabdeh qısa müddət ərzində vurulmuş ziyanı bank vasitəsilə Ədliyyə Nazirliyinin hesabına ödəyib bunu təsdiq edən qəbzi şöbəyə təqdim etməsi, əks halda vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə mülki iddia veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi tərəfindən yoxlanmış “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəydən görünür ki, İddiaçı tərəfindən Cavabdeh bağlanmış "Attenti V6" mobil nəzarət qurğusunun texniki baxışının nəticəsi: ana platada və elementlərdə korroziya müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsız” qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməlihüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinə, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki,İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən vurulmuş 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat -40 qəpik) maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sənədlərlə tam sübut olunmuşdur. Ona görə də, Cavabdeh 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat -40 qəpik) maddi ziyanın əvəzi alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat - 40 qəpik) məbləğdə pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına (B-1. Emitent bank; X1; Kodu-210005; VÖEN **********; Müxbir hesab- AZ41NABZO**********000003944; S.W.İ.F.T CTREAZ22; B-2. Bakı Şəhər Maliyyə İdarəsi; Hesab nömrəsi: AZ66CTRE-********************; VÖEN **********; Büdcə səviyyə kodu: 1; İqtisadi təsnifat-142330; Təyinat: qolbağa dəymiş ziyan) ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar