Məhkəmə qərarları › İş №2(040)-441/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-441/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-441/2025 21.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi – Goranboy rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) vəsaitin alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 1(045)-69/2022 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş 03 oktyabr 2022-ci il tarixdə Goranboy rayon icra və probasiya şöbəsinə daxil olmuş (böyük icra məmuru Nümayəndə), məhkum E. Rəsulov 04 oktyabr 2022-ci il tarixdə qeydiyyata götürülmüş, 12 oktyabr 2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə “Attenti” markalı bir ədəd 35650224 nömrəli mobil nəzarət qurğusu təhvil verilmiş, 22 dekabr 2023cü il tarixdə isə bu qurğu 35654815 nömrəli mobil nəzarət qurğusu ilə əvəz edilmiş, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbağ məhkuma işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən təhkim olunmuş cihazların işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan (Cavabdeh) tutulacağı barədə xəbərdarlıq edilmiş və bu barədə böyük icra məmuru Nümayəndə tərəfindən müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq, sözügedən elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat-40 qəpik) təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkum Cavabdeh bildiriş göndərilərək elektron nəzarət vasitəsinin dəyərinin- 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) məbləğində pulun müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hal-hazıradək vurulmuş zərərin əvəzi ödənilməmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi – Goranboy rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, o, elektron nəzarət vasitəsindən düzgün istifadə etmiş və həmin cihazlara lazımı qaydada qulluq etmiş, cihazları salamat saxlamışdır. O, elektron nəzarət vasitəsinə heç bir müdaxilə etməmiş, elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşməsində onun təqsiri olmamışdır- buna tam əmindir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 1(045)-69/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan: 12 oktyabr 2022-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə Protokol”un surətindən görünür ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh “Attenti” markalı (mobil qurğu 35650224; qolbaq – CE50776) elektron nəzarət vasitəsi tətbiq olunmuş, elektron nəzarət vasitələrindən istifadə qaydaları və cəzasının icrası qaydaları Cavabdeh izah olunmuşdur. İş materiallarında olan: Goranboy Rayon İcra və X1 Elşad Elbrus oğluna ünvanladığı 19 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh cəzası bitdikdən sonra təhvil alınmış “Attenti” markalı (mobil qurğu-35654815, qolbaq-37651) elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi səbəbindən qolbağla əlaqə saxlayan antena pinləri qopardılması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi, vurulmuş ziyanın ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan: Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən Probasiya xidmətinin rəisinə ünvanlanmış 18 iyun 2021-ci il tarixli 21/3-1149 nömrəli məktubda “Attenti” markalı elektron nəzarət qurğusunun dəyərinin 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi tərəfindən yoxlanmış “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” mütəxəssis rəyindən görünür ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh bağlanmış "Attenti V6" mobil nəzarət qurğusunun texniki baxışının nəticəsi: “qolbaq ilə əlaqə saxlayan antena pinləri qopardılmışdır; istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır, təmiri mümkün deyil, istifadəyə tam yararsız” qiymətləndirilmişdir. İş materiallarında olan: Goranboy Rayon İcra və Probasiya Şöbəsində 04 oktyabr 2024cü il tarixdə tərtib olunmuş və müvafiq qaydada imzalanmış “Akt”da göstərilir ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Cavabdeh cəza müddəti bitdiyinə görə, “Attenti” markalı (mobil qurğu-35654815, qolbağ-37651) elektron nəzarət dəsti Cavabdeh təhvil alınmış, elektron nəzarət vasitələri təhvil alınarkən heç bir zədə və ya müdaxilə aşkar olunmamışdır; aktda son olaraq “lakin mobil qurğu enerji yığmır” qeydi vardır (Akt təhvil verən-Cavabdeh və təhvil alan-Goranboy Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən imzalanmışdır). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməlihüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinə, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf elektron nəzarət qurğusunun Cavabdeh təqsirli hərəkətləri nəticəsində zədələnməsini və ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması nəticəsində də bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsində 04 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş və müvafiq qaydada imzalanmış “Akt”dan görünür ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Cavabdeh cəza müddəti bitdiyinə görə “Attenti” markalı (mobil qurğu-35654815, qolbağ-37651) elektron nəzarət dəsti Cavabdeh təhvil alınarkən elektron nəzarət vasitələrinin üzərində heç bir zədə və ya müdaxilə aşkar olunmamışdır. İddia olunan ziyanla bağlı sonradan və maraqlı tərəfin iştirakı olmayan şəraitdə aşkar olunmuş mübahisəli hallar hazırki mülki işin həllində mötəbər sübut kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar