Məhkəmə qərarları › İş №2(040)-462/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-462/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-462/2024 23.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5377,04 manat (beş min üç yüz yetmiş yeddi manat 04 qəpik) pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 9000 (doqquz min) manat pul almışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı pulu ödəmir. Cavabdehə pul verməsi barədə sənəd və qəbzlər vardır. Bundan əlavə cavabdeh onu məhkəməyə verərək onun Mahirəyə 9000 (doqquz min) manat borcunun olmasını demişdir. X4 Məhkəməsi onun Mahirəyə 3622,96 manat pul ödəməsi barədə qətnamə çıxarmışdır. Təəssüf ki, o cavabdehə 9000 (doqquz min) manat pul vermişdir və əlində bunu təsdiq edən kifayət qədər sənəd vardır. Məhkəmə onun cavabdehə 3622,96 manat pul ödəməsi barədə qətnamə çıxardıb, deməli 9000 (doqquz min) manatdan 3622,96 manatı (üç min altı yüz iyirmi iki manat 96 qəpik) çıxanda hesab edir ki, cavabdehin ona 5377,04 manat (beş min üç yüz yetmiş yeddi manat 04 qəpik) ödəməli olduğu borcu qalmışdır. Həmin pulun ödənilməsini dəfələrlə tələb etsə də cavabdeh buna əhəmiyyət verməmişdir. Ona görə də o, məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 22 aprel 2024-cü il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, odur ki, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 22 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o Cavabdeh 9000 (doqquz min) manat pul almışdır. Sonra o Mahirəyə olan borcunu ödəyə bilməyəndə Mahirə ona demişdir ki, “borcu ödəyə bilmirsənsə, mənim banka olan kreditimi ödə”. O da Mahirənin kreditini ödəmişdir. Hazırda Mahirənin ona 5377,04 manat (beş min üç yüz yetmiş yeddi manat 04 qəpik) ödəməli olduğu borcu qalmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi 22 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının əri qəza törədəndə Şəlalə onun yanına gələrək ona bir maşın olduğunu, həmin maşını almağı təklif etmişdir. O da Şəlaləyə pul vermiş, Şəlalə də həmin pulu ödəyəcəyi barədə qəbz vermişdir. Onun Şəlaləyə borcu yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(039)- 1191/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı 6012,20 manat pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan: Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(107)-1258/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(039)-1191/2023 saylı qətnaməsinin qismən, iddianın təmin edilməyən 04 noyabr 2020-ci il tarixli GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434,78 manat və 04 noyabr 2020-ci il tarixli GTR3225390A180 saylı kredit üzrə 2188,18 manata aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, 04 noyabr 2020-ci il tarixli GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434,78 manat və 04 noyabr 2020-ci il tarixli GTR3225390A180 saylı kredit üzrə 2188,18 manat, cəmi 3622,96 manatın cavabdeh İddiaçı alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında şifahi borc müqaviləsinin yarandığının iddia edildiyi vaxt (2021-ci il) qüvvədə olan mətninin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 5377,04 manat (beş min üç yüz yetmiş yeddi manat 04 qəpik) pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “5377,04 manat (beş min üç yüz yetmiş yeddi manat 04 qəpik) pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar