Məhkəmə qərarları › İş №2(040)-486/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-486/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-486/2023 01.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Xxx Ramiq Sahib oğluna qarşı“kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Xxx Ramiq Sahib oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1196,42 manat əsas, 99,31 manat faiz, 179,46 manat cərimə olmaqla cəmi 1475,19 manat kredit borcunun və ərizəyə görə ödənilmiş 35,15 manat dövlət rüsumunun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Xxx Ramiq Sahib oğlu arasında bağlanmış 25 noyabr 2021ci il tarixli “445-EUR-0328-21” saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə 1660 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh Xxx Ramiq Sahib oğlu kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə düşən öhdəlikləri icra etməmişdir. Tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir. 21 fevral 2023-cü il tarixinə cavabdehin BOKT “Embafinans“ QSC-yə olan borcunun məbləği: 1196,42 manat əsas, 99,31 manat faiz, 179,46 manat cərimə olmaqla, ümumilikdə 1475,19 manat təşkil edir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(040)-486/2023 saylı qərardadı ilə iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Xxx Ramiq Sahib oğluna qarşı “kredit borcu” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı BOKT "xxxx" QSC nümayəndəsi məhkəməyə ərizə göndərərək, 01 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Xxx Ramiq Sahib oğlu məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi teleqramda iddia tələbini qismən qəbul edərək əsas borcu ödəməyə razı olduğunu, cəriməni isə ödəməyə imkanı olmadığını bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 25 noyabr 2021-ci il tarixli “445-EUR-0328-21” saylı kredit müqaviləsindən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Xxx Ramiq Sahib oğlu arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, kreditor tərəfindən borcalana 18 ay müddətinə 34 faiz dərəcəsini tətbiq etməklə 1660 manat məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, cavabdeh Xxx Ramiq Sahib oğlu 25 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 955 manat ödəniş etmiş, onun 1196,42 manat əsas, 99,31 manat faiz, 179,46 manat cərimə olmaqla, ümumilikdə 1475,19 manat borcu yaranmışdır. İş materiallarında olan: 06 oktyabr 2022-ci il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıqdan görünür ki, Xxx Ramiq Sahib oğluna borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh Xxx Ramiq Sahib oğlu kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 179,46 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 10 (on) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 169,46 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,75 manat dövlət rüsumunun 33,05 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1196,42 manat (min yüz doxsan altı manat 42 qəpik) əsas borc, 99,31 manat (doxsan doqquz manat 31 qəpik) faiz, 10 (on) manat cərimə olmaqla cəmi 1305,73 manat (min üç yüz beş manat 73 qəpik) kredit borcu, həmçinin ödənilmiş 33,05 manat (otuz üç manat 05 qəpik) dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Xxx Ramiq Sahib oğlundan 1196,42 manat (min yüz doxsan altı manat 42 qəpik) əsas borc, 99,31 manat (doxsan doqquz manat 31 qəpik) faiz, 10 (on) manat cərimə olmaqla cəmi 1305,73 manat (min üç yüz beş manat 73 qəpik) kredit borcu, həmçinin ödənilmiş 33,05 manat (otuz üç manat 05 qəpik) dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar