Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-567/2024 05.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-560/2019 nömrəli 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 23 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 aprel 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının ¼ (dörddə biri) hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli 2(040)-638/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan (boşanmadan) sonra, birgə nikahdan 23 oktyabr 2014-cü ildə doğulmuş X1 onun yanında saxlanılması, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh uşağın saxlanması üçün heç bir maddi kömək göstərməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2019cu il tarixli 2(040)-560/2019 saylı qətnaməsi ilə 23 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli 2(040)-638/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehdən hər ay 110 (yüz on) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda Renadın 10 yaşı var. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Həmin qətnamə çıxarıldıqdan bəri uşaqların saxlanması üçün minimum xərc, eləcə də gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vəsitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Onu da qeyd edir ki, cavabdeh ümumiyyətlə övladı ilə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtında ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını o, özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, uşaq böyüdükcə maddi tələbatları da artır. Uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh işləməklə kifayət qədər yüksək əmək haqqı alır. Ona görə alimentin cavabdehin qazancının dörddə biri hissəsi miqdarında müəyyən edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı özü də işləyir. Ona görə də alimentin onun əmək haqqının dörddə biri hissəsi miqdarında müəyyən edilməsinə razı deyildir. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh əmək müqaviləsinin müddəti 15 iyul 2024cü il tarixdə bitir. Əmək müqaviləsinin müddəti qurtardıqdan sonra cavabdeh ödəniş edə bilməyəcəkdir. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 noyabr 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 oktyabr 2014-cü ildə Gəncə şəhərində doğulmuşdur, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyul 2015-ci il tarixli 2(040)-638/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 19 oktyabr 2013-cü il tarixdə 976 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 23 oktyabr 2014cü il tarixdə doğulmuş X1 anası - İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından 23 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110,0 (yüz on) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 iyun 2019-cu il tarixli 2(040)-560/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 23 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli 2(040)-638/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehdən hər ay 110 (yüz on) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 00509 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(040)-560/2019 saylı qətnaməsi ilə təyin edilmiş, 23 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanması üçün əlverişli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin miqdarının hesablanması dəyişdirilməli, cavabdehin qazancının və başqa gəlirlərinin dörddə biri hissəsi miqdarında müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(040)-560/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 23 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən tutulacaq aylıq aliment cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(040)-560/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin hesablanma qaydası dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 23 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bütün qazancının dörddə biri hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulsın. Bu qətnamə əsasında alimentin ödənilməsi bu qətnamənin qüvvəyə mindiyi vaxtdan hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-567/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-567/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver