Məhkəmə qərarları › İş №2(040)-62/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-62/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-62/2024 22.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə təxminən 2 il əvvəl tanış olmuşdur. Cavabdeh onun arvadı ilə eyni sinifdə oxumuşdur. Onunla söhbətində cavabdeh yaxşı imkanları olduğunu, müxtəlif vəzifələrə insanların istəyi əsasında işə düzəldə biləcəyini bildirmişdir. Cavabdehin səmimi olduğuna inanmış və həqiqətən də belə bir imkanı olduğu qənaətinə gəlmişdir. Sonra cavabdeh onun arvadını da Gəncə şəhərindəki uşaq bağçalarının birinə müəllimə vəzifəsinə düzəldəcəyini və bunun müqabilində 2500 (iki min beş yüz) manat pul veriləcəyini bildirmişdir. O, cavabdehlə razılaşmışdır. 2021-ci ilin noyabr ayında Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayının yaxınlığında cavabdehə həyat yoldaşını bağçaların birinə müəllimə vəzifəsinə düzəltməsi üçün 2500 (iki min beş yüz) manat vermişdir. Cavabdeh bir həftə ərzində verdiyi sözə əməl edərək həyat yoldaşını işə düzəldəcəyini bildirmişdir. Xeyli müddət keçdikdən sonra cavabdehdən xəbər olmadığını nəzərə alaraq onun istifadəsində olan telefonlara zəng etmiş, lakin cavabdeh telefon zənglərinə cavab verməmişdir. Onunla əlaqə saxlamaq üçün mövcud olan imkanlardan istifadə etməyinə baxmayaraq bu mümkün olmamışdır. Nəhayət cavabdeh onunla telefon əlaqəsi yaradaraq Türkiyə Respublikasında olduğunu bildirmişdir. 29 dekabr 2022-ci il tarixdə cavabdeh evinə qayıtmışdır. Ancaq onunla yenə əlaqə saxlaya bilməmişdir. Bu barədə aidiyyəti üzrə müvafiq orqanlara müraciət etmişdir. Sonra ona məlum olmuşdur ki, cavabdeh etibardan sui-istifadə etməklə aldatma yolu ilə başqa şəxslərdən də müxtəlif vədlər verərək pul almışdır. Şikayətlər əsasında cavabdehin barəsində cinayət işi başlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək ittiham aktı tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-324/2023 saylı 14 avqust 2023-cü il tarixli hökmünə əsasən (hakim Orxan Cəfərli) Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu müddət ərzində cavabdeh ondan aldatma yolu ilə aldığı 2500 (iki min beş yüz) manatdan 700 (yeddi yüz) manat qaytarmış, 1800 (bir min səkkiz yüz) manat məbləğində pulu qaytarmağı öhdəsinə götürməyinə baxmayaraq, hələ də qaytarmamışdır. Hesab edir ki, cavabdeh onun 1800 (bir min səkkiz yüz) manat pulunu qaytarmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayında ondan arvadını işə düzəltmək adı ilə 2500 (iki min beş yüz) manat pul almışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-324/2023 saylı 14 avqust 2023-cü il tarixli hökmünə əsasən (hakim Orxan Cəfərli) Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu müddət ərzində cavabdeh ondan aldatma yolu ilə aldığı 2500 (iki min beş yüz) manatdan 700 (yeddi yüz) manatını qaytarmış, 1800 (bir min səkkiz yüz) manat məbləğində pulu qaytarmağı öhdəsinə götürməyinə baxmayaraq, hələ də qaytarmamışdır. Ona görə də Cavabdeh 1800 (bir min səkkiz yüz) manat pulun və ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(125)-324/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 14 dekabr 2022-ci il tarixədək müvəqqəti saxlama yerində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşırılması cəzasının saxlanılması hökm edilmişdir. Hökmdə qeyd edilmişdir ki, Nəsibov X2 rayonu 8 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyərkən öz qulluq mövqeyindən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib tanışı İddiaçı, sonuncunun arvadı X1 Gəncə şəhəri ərazisində fəaliyyət göstərən uşaq bağçalarının birinə işə düzəltməyə köməklik göstərəcəyinə inandıraraq etibarını qazanmış, heç bir real imkana və səlahiyyətə mülik olmadığı halda 2021-ci ilin noyabr ayının sonlarında Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayının qarşısında yerləşən qab-qacaq satılan mağazanın qarşısında İddiaçı 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh vurduğu 1800 (min səkkiz yüz) manat məbləğində ziyanın əvəzi alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 38 (otuz səkkiz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurduğu 1800 (min səkkiz yüz) manat məbləğdə ziyanın və iddiaçı tərəfindən ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar