Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-631/2023 24.06.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə qeyri-rəsmi nikahlarından 31 dekabr 2015-ci ildə doğulmuş X4 və 24 oktyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü il tarixdə rəsmi nikah qeyd etdirmədən faktiki ailə qurmuş, birgə münasibətlərindən 31 dekabr 2015-ci ildə Hüseyn və 24 oktyabr 2017-ci ildə Aynur adlı iki övladları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır, uşaqlar böyüdükcə maddi ehtiyacları artır, indiki bahalaşma dövründə bu alimentlə uşaq saxlamaq mümkün deyildir. Maddi vəziyyətinə görə uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Bu il respublikada uşaqlar üçün minimum yaşayış xərci 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını tələb edir. Mülki iş üzrə hazırlıq iclası 05 iyun 2023-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 07 iyun 2023-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 24 iyun 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2014-cü il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, birgə münasibətlərindən 31 dekabr 2015-ci ildə X4 və 24 oktyabr 2017-ci ildə X5 adlarında iki övladları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır, uşaqlar böyüdükcə maddi ehtiyacları artır, indiki bahalaşma dövründə bu alimentlə uşaq saxlamaq mümkün deyildir. Maddi vəziyyətinə görə uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Bu il respublikada uşaqlar üçün minimum yaşayış xərci 220 manat müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını tələb edir. Hazırda aldığı aliment uşaqlarının tələbatını ödəmir. Uşağın əməliyyata da ehtiyacı vardır. Uşaqları hələ azyaşlı olduqlarından, özü işləyə də bilmir. Bu səbəbdən alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, gündəlik işlərə gedir. Təyin edilən alimenti güclə ödəyir. Bu, onun ikinci evliliyi olmuşdur, birinci ailəsindən olan uşaqlara da 160 (yüz altmış) manat aylıq aliment ödəyir. Artıq aliment ödəməyə maddi imkanı çatmır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 aprel 2023-cü il tarixdə verilmiş AZ-İV № 845037 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 31 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 aprel 2023-cü il tarixdə verilmiş AZ-İV № 874453 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 24 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası-Cavabdeh, anası-X6r. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 yanvar 2019-cu il tarixli 2(040)-141/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı 31 dekabr 2015-ci ildə doğulmuş Hüseyn və 24 oktyabr 2017-ci ildə doğulmuş Aynur adlı uşaqların atasının Cavabdeh olmasının müəyyən edilməsi və uşaqların atası kimi tanınması, 31 dekabr 2015-ci il tarixdə doğulmuş X2 doğum aktı qeydində uşağın soyadı, adı və ata adının “X4”; аtа qrafasında «Cavabdeh»; аnа qrafasında «İddiaçı», 24 oktyabr 2017-ci ildə doğulmuş X3 doğum aktı qeydində uşağın soyadı, adı və ata adının “X5”; ata qrafasında «Cavabdeh»; ana qrafasında «İddiaçı» qeyd edilməsi, 31 dekabr 2015-ci ildə doğulmuş X4 və 24 oktyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı xeyrinə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2(104)-1772/2019 saylı qətnaməsinin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(040)-141/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(040)-141/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00382) X7 tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli MŞG/1-571 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 31 dekabr 2015-ci ildə doğulmuş X4 və 24 oktyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeləri nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilkdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(040)-141/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə 150 (yüz əlli) manatdan artıq olan 70 (yetmiş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı hər uşağa görə tələb edilən aylıq 220 (iki yüz iyirmi) manat alimentin aylıq 70 (yetmiş) manat sabit pul məbləğində hissəsinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (Dövlət rüsumu haqqında Qanunun 9.1.2 maddəsi) və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini (Mediasiya haqqında Qanunun 36.5-ci maddəsi) nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50(əlli) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 31 dekabr 2015-ci ildə doğulmuş X4 və 24 oktyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(040)-141/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 100 (yüz) manat tutulan alimentin miqdarı artırılsın, 31 dekabr 2015-ci ildə doğulmuş X4 və 24 oktyabr 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə aylıq 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-631/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-631/2023
24.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver