Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-632/2024 10.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı X3 nümayəndəsi (atası) Nümayəndə1, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası, Cavabdeh iddiaçı X5 qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X9 (iddia ərizəsində iddiaçının soyadı “Əhmədova” qeyd edilsə də hazırki soyadı “Məmişova”dır) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 29 noyabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması və ilkin mediasiya prosesində iştiraka görə ödədiyi 65 (altmış beş) manat mediasiya xərci və iddia ərizəsinin tərtib edilməsi üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2021ci il tarixli 2(040)-683/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında 22 fevral 2020-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 401 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 29 noyabr 2020-ci ildə doğulmuş X1 anası- iddiaçı X2 yanında saxlanılması, 29 noyabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 30 iyun 2021-ci il tarixdən hesablanmaqla 160 (yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Uşaq böyüyür, tələbatları artır, 160 manat aliment məbləği ilə 5 yaşlı uşağın maddi təminatını təmin etmək qeyri-mümkündür. Hesab edir ki, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisəni həll etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və mediasiya ilə bağlı arayışı iddia ərizəsinə əlavə etmişdir. Azyaşlı Zeynəbin mənafeyini nəzərə alıb aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı Cavabdeh X5 qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, işləmədiyi və anasının pensiyasından başqa heç bir yerdən gəliri olmadığı üçün X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 (yüz altmış) manat məbləğində alimentin azaldılaraq hər ay 100 (yüz) manat sabit pul məbləğinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş № 2(040)-743/2024). 2(040)-743/2024 saylı mülki iş üzrə iddia onunla əsaslandırılmışdır ki, o, hazırda heç bir yerdə işləmir, maddi imkanı çox aşağıdır. Anası 2-ci qrup əlillik dərəcəsi ilə pensiya alır, aldığı pensiya öz müalicə və dərman xərclərini ancaq ödəyir. Onların başqa yerdən gəlirləri yoxdur. O, işsiz olduğuna görə alimenti anası ödəyir. Buna görə təyin edilmiş 160 manat alimenti ödəməyə imkanı çatmır. Anası aldğı pensiyanın 160 manatını alimentə ödədiyinə görə özünün dərman və müalicə xərclərini tam ödəyə bilmir. Ona görə də səhhətində problemlər yaranır (Cavabdeh eyni məzmunlu “iddia ərizəsinə etiraz” ərizəsini də məhkəməyə təqdim etmişdir). Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-743/2024 saylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2024-cü il tarixli qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “2(040)- 743/2024” nömrəli mülki işin Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “2(040)- 632/2024” nömrəli mülki işə birləşdirilməsi, Cavabdeh X5 qarşı 2(040)-743/2024 nömrəli mülki iş üzrə iddiasının birləşdirilmiş mülki iş (2(040)-632/2024) üzrə qarşılıqlı iddia kimi qiymətləndirilməsi qərara alınmışdır. İddiaçı X3 nümayəndəsi (atası) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh Aybənizə aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etməmiş, bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyildir. Hal-hazırda aldığı aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı çox aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 235 (iki yüz otuz beş) manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 məhkəmə iclasında ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən 160 (yüz altmış) manat alimenti ödəməkdə çətinlik çəkirlər. Cavabdeh hazırda işləmir, maddi imkanları çox aşağıdır. Onun aldığı pensiya ilə alimenti güclə ödəyirlər, başqa gəlir yerləri yoxdur. Ona görə də alimentin 100 (yüz) manat müəyyən edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir) görünür ki, X7 29 noyabr 2020-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X6 qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(040)-683/2021 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 22 fevral 2020-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 401 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 29 noyabr 2020-ci ildə doğulmuş X1 anası- iddiaçı X2 yanında saxlanılması, 29 noyabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 30 iyun 2021-ci il tarixdən hesablanmaqla 160 (yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan: Samux 1 saylı Mediasiya Təşkilatının mediatoru X8 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli MŞS/1/2024-00106 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat xərcini tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 29 noyabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 (yüz altmış) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2020-ci il tarixli 2(040)-683/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İlkin iddia qalan hissədə- 200 (iki yüz) manatdan artıq olan 35 (otuz) manat aliment tələbi, 50 (əlli) manatdan artıq olan 15 (on beş) manat mediasiya xərcinin və iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqının pul əvəzi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki halda alimentin azaldılması üçün heç bir əsas yoxdur. Cavabdeh bir valideyn kimi uşağına baxmağa və onu saxlamağa borcludur. Cavabdeh tələb etdiyi qaydada 100 (yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi alimentin miqdarının kəskin azalmasına səbəb olar, nəticədə uşağın hüquq və mənafeyinə xələl gətirmiş olar. Məhkəmə hazırki iş üzrə iddiaçı tərəfindən 50 (əlli) manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İlkin iddia qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(040)-683/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 29 noyabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsin. İlkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manatın pul əvəzi Cavabdeh iddiaçı X3 xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Bu qətnamə əsasında alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-632/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-632/2024
10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver