Məhkəmə qərarları › İş №2(040)-649/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-649/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-649/2023 12.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 19 yanvar 2022-ci il tarıxli 31190***-*******02L saylı Əsas Kredit Limiti Razılaşmasının ləğv edilməsini, cavabdehlərdən birgə qaydada 7840,69 manat əsas, 838,43 manat faiz, 14,87 manat cərimə olmaqla cəmi 8693,99 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 106,94 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 19 yanvar 2022-ci il tarıxli 31190***-*******02L saylı Əsas Kredit Limiti Razılaşmasına əsasən 48 ay müddətinə illik 18,9 faiz dərəcəsi ilə 8600 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2022-ci il tarıxli 31FİZAM155723301 saylı və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli 31FİZAM133423302 saylı Zaminlik müqavilələrinə əsasən zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin 13 mart 2023-cü il tarixə İddiaçı ASC-yə hesablanmış və ödənilməmiş 7840,69 manat əsas borc, 838,43 manat faiz, 14,87 manat cərimə olmaqla cəmi 8693,99 manat borcu qalmaqdadır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar öhdəliklərini icra etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 19 yanvar 2022-ci il tarixli 31190***-*******02L saylı Əsas Kredit Limiti Razılaşmasından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Cavabdeh Banka göndərdiyi SMSə əsasən iddiaçıdan 8600 manat krediti illik 18,9 faizlə 48 ay müddətinə almaq istədiyini təstiq etmiş və müqaviləyə əsasən istifadə etdiyi krediti faizi ilə birlikdə İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 19 yanvar 2022-ci il tarixli 31FİZAM155723301 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Mirzəyev X3 “31190***-*******02L” nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan:19 yanvar 2022-ci il tarixli 31FİZAM133423302 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Əliyev X1 “31190***-*******02L” nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 13 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19 yanvar 2022-ci il tarixli “31190***- *******02L” nömrəli kredit müqaviləsi üzrə 1676 manat ödəniş etmiş, onun 7840,69 manat əsas, 838,43 manat faiz, 14,87 manat cərimə olmaqla,cəmi 8693,99 manat borcu mövcuddur. İş materiallarında olan: Bank tərəfindən Borcalana 09 fevral 2023-cü il tarixdə göndərilmiş pretenziyadan görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh (borcalan) Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbinin digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdükdən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2022-ci il tarıxli 31190***-*******02L saylı Əsas Kredit Limiti Razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19 yanvar 2022-ci il tarixli “31190***-*******02L” nömrəli Əsas Kredit Limiti Razılaşması üzrə yaranmış 7840,69 manat (yeddi min səkkiz yüz qırx manat 69 qəpik) əsas kredit borcu, 838,43 manat (səkkiz yüz otuz səkkiz manat 43 qəpik) faiz, 14,87 manat (on dörd manat 87 qəpik) cərimə olmaqla, cəmi 8693,99 manat (səkkiz min altı yüz doxsan üç manat 99 qəpik) məbləğində kredit borcu, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 106,94 manat (yüz altı manat 94 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2022ci il tarıxli 31190***-*******02L saylı Əsas Kredit Limiti Razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7840,69 manat (yeddi min səkkiz yüz qırx manat 69 qəpik) əsas, 838,43 manat (səkkiz yüz otuz səkkiz manat 43 qəpik) faiz, 14,87 manat (on dörd manat 87 qəpik) cərimə olmaqla, cəmi 8693,99 manat (səkkiz min altı yüz doxsan üç manat 99 qəpik) məbləğində kredit borcu, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 106,94 manat (yüz altı manat 94 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar