Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-652/2024 30.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(104)-769/2020 saylı qətnaməsi ilə hər uşağın saxlanılması üçün 140 (yüz qırx) manat, ümumilikdə 420 (dörd yüz iyirmi) manat alimentin miqdarının artırılaraq, Cavabdeh 24 iyun 2012-ci ildə doğulmuş X5, 08 dekabr 2013-cü ildə doğulmuş X3 və 08 dekabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat alimentin və ilkin mediasiya sessiyası zamanı ödəmiş olduğu 55 (əlli beş) manat pulun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan 24 iyun 2012-ci ildə X5, 08 dekabr 2013-cü ildə X3 və 08 dekabr 2015-ci ildə X6 adlı üç övladları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(040)-43/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, tərəflərin birgə nkahından 24 iyun 2012-ci ildə doğulmuş X5, 08 dekabr 2013-cü ildə doğulmuş X3 və 08 dekabr 2015-ci il tarixdə doğulmuş X2 onun (analarının) yanında saxlanılmaları, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 115 (yüz on beş) manat olmaqla, cəmi 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Kəlbəcər Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(040)- 625/2019 saylı qətnaməsi ilə hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair hissədə dəyişdirilərək, həmin hissədə alimentin miqdarı hər uşaq üçün 140 (yüz qırx) manat, üç uşağa görə 420 (dörd yüz iyirmi) manat müəyyən edilmişdir. Həmin vaxtdan 4 ildən artıq müddət keçmişdir. Ölkədə artan inflyasiya nəticəsində qida məhsullarının, uşaq geyimlərinin və məktəb ləvazimatlarının qiyməti xeyli artmışdır. Buna görə bir uşaq üçün müəyyən edilmiş 140 (yüz qırx) manat alimentlə uşağı dolandırmaqda çətinlik çəkir. Bundan başqa qızı Zeynəb anadan gəlmə bronxakteziya (ağciyərin inkişaf qüsuru) xəstəliyindən əziyyət çəkir. Ağciyərindən əməliyyat olunub. Buna görə də onu mütəmadi olaraq müayinə və müalicə etdirir. Cavabdeh alimentin miqdarını artırmağa könüllü olaraq razı olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 11 iyun 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində ordu sıralarında xidmət edir və aylıq əmək haqqı 930 (doqquz yüz otuz) manat təşkil edir. O, hazırda X4 ilə ailə həyatı qurmuşdur və ailədə yeganə qazanc gətirən şəxs odur və başqa yerdən də gəlirləri yoxdur. Cavabdeh uşaqların hər birinə ayda 60 manat yemək xərci pulu alır, eyni zamanda, da uşaqlardan 08 dekabr 2013-cü il təvəllüdlü X3 əlilliyə görə 280 (iki yüz səksən) manat sosial müavinət alır, eyni zamanda, xəstə uşağa qulluğa görə iddiaçıya 80 (səksən) manat ödənilir. Buna baxmayaraq, o, hər ay 140 (yüz qırx) manat aliment ödəyir. O, Laçın rayonu ərazisində xidmət edir. Ona görə də məhkəmə iclaslarında iştirak edə bilmir, həmçinin, sübutları toplaya bilmir və ona vermirlər. Ona görə də aidiyyəti üzrə sorğular verərək, 08 dekabr 2013-cü il təvəllüdlü X1 həqiqətən sosial müavinət almasını, eyni zamanda, Zeynəbə baxmaq üçün cavabdehə hər ay 80 (səksən) manat pulun ödənilməsini və onun aylıq əmək haqqı barədə Xankəndi şəhərində yerləşən N saylı hərbi hissəyə sorğu verilərək aydınlaşdırımasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün 140 (yüz qırx) manat, üç uşağa görə 420 (dörd yüz iyirmi) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, özü fərdi əməklə məşğul olur və aylıq gəliri 150-200 manat arası olur, övladı Zeynəbə görə 300 (üç yüz) manat sosial müavinət, həmçinin, özünə və uşaqlarına görə 240 (iki yüz qırx) manat yemək xərci müavinəti alır. Başqa gəlir yeri yoxdur. Hesab edir ki, hər ay hər uşağa görə 235 manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı çatmır. İddiaçının özünün maddi vəziyyəti normaldır. Hazırda o, başqa şəxslə ailə qurmuşdur və ailəyə yeganə gəlir gətirən şəxs odur, maddi vəziyyəti aşağıdır. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən alimenti ödəyir, alimentin artırılmasına ehtiyac yoxdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 yanvar 2020-ci il tarixli 2(104)-769/2020 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(104)-625/2019 saylı qətnaməsinin “hər uşağa görə 120 (yüz iyirmi) manat sabit pul məbləğində, üç uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması” hissəsində dəyişdirilməsi, həmin hissədə alimentin miqdarının hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, üç uşağa görə cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli MŞG/1-00552 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən N iyul 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 1447 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh tam ay ərzində əmək haqqısı 1180,06 manat (bir min yüz səksən manat 06 qəpik) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 24 iyun 2012-ci ildə X5, 08 dekabr 2013-cü ildə X3 və 08 dekabr 2015-ci ildə X6 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 24 iyun 2012-ci ildə doğulmuş X5, 08 dekabr 2013-cü ildə doğulmuş X3 və 08 dekabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 140 (yüz qırx) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 24 iyun 2012-ci ildə doğulmuş X5, 08 dekabr 2013-cü ildə doğulmuş X3 və 08 dekabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(104)- 769/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 150 (yüz əlli) manatdan artıq olan 85 (səksən beş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(104)-769/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 24 iyun 2012-ci ildə doğulmuş X5, 08 dekabr 2013-cü ildə doğulmuş X3 və 08 dekabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aylıq aliment Cavabdeh tutulmaqla İddiaçı ödənilsin. Cavabdehdən həmçinin, 55 (əlli beş) manat məbləğdə mediasiya xərcinin pul əvəzi iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə əsasında alimentin ödənilməsi bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-652/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-652/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver