Məhkəmə qərarları › İş №2(040)-7/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-7/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-7/2023 04.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 3712,56 manat məbləğində kredit borcu, 1687,77 manat məbləğində faiz borcu və 2072,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7473,32 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 09 iyun 2009-cu il tarixli 10L000000867 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 23 sentyabr 2016-cı il tarixli 004R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23 noyabr 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 287,44 manat ödəmiş, onun 3712,56 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 1687,77 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. Hesablanmış cərimə 2072,99 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin a) yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklənin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit razılaşması üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kəlbəcər Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(040)-64/2019 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə cavabdeh mərhum Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək iş üzrə məhkəmə icraatının dayandırılması qərara alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 12 aprel 2023-cü il tarixdə məhkəməyə vəsatət verərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalından mövcud olan “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” bölməsindən edilmiş 04 avqust 2021-ci il tarixli çıxarışla mərhum Cavabdeh1 barəsində vərəsəlik işinin açılmadığı aşkar edilmiş, 04 avqust 2021-ci il tarixinə mərhum Cavabdeh1 vərəsələri aşkar edilmədiyindən ona münasibətdə tələbin dəyişdirilməsi zərurəti yarandığından iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 12 aprel 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətə “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə də əlavə edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 3712,56 manat məbləğində kredit borcu, 1687,77 manat məbləğində faiz borcu və 2072,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7473,32 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(040)-07/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(040)-07/2023 saylı mülki işin icraatının təzələnməsi qərara alınmış, işin məhkəmə baxış iclası 12 may 2023-cü il tarixə təyin edilmişdir. Prosessual zərurətlə əlaqədar məhkəmə baxış iclası 07 iyun 2023-cü il və 04 iyul 2023-cü il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən cavabdehlərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 09 iyun 2009-cu il tarixli 10L000000867 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. İş materiallarında olan: 23 sentyabr 2016-cı il tarixli 004R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 23 sentyabr 2016-cı il tarixli 004R********** saylı kredit müqaviləsi üzrə 06 iyun 2018-ci il tarixinə borcu əsas məbləğ üzrə 3712,56 manat, faiz borcu üzrə 1687,77 manat, cərimə üzrə 2072,99 manat olmaqla, ümumilikdə 7473,32 manat təşkil edir. İş materiallarında olan: 15 oktyabr 2012-ci il tarixli 10S000007692 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh3 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: 09 iyun 2009-cu il tarixli 10S000001354 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: 23 sentyabr 2016-cı il tarixli 004S**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh4 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: 23 sentyabr 2016-cı il tarixli 004S**********02 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh5 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə, iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı olan hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüklərindən, onların kreditor qarşısında mülki məsuliyyəti yaranır. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 23 sentyabr 2016-cı il tarixli 004R********** saylı kredit razılaşması üzrə 3712,56 manat (üç min yeddi yüz on iki manat 56 qəpik) əsas, 1687,77 manat (min altı yüz səksən yeddi manat 77 qəpik) faiz borcu alınaraq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, 004R********** saylı kredit razılaşması üzrə 2072,99 manat (iki min yetmiş iki manat 99 qəpik) məbləğində cərimə tənasübdən artıq hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərə kredit razılaşması üzrə hesablanmış 2072,99 manat (iki min yetmiş iki manat 99 qəpik) məbləğində cərimə borcu azaldılmalı, cavabdehlərin üzərində 100 (yüz) manat məbləğində cərimə borcu saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 23 sentyabr 2016-cı il tarixli 004R********** saylı kredit razılaşması üzrə 3712,56 manat (üç min yeddi yüz on iki manat 56 qəpik) əsas, 1687,77 manat (min altı yüz səksən yeddi manat 77 qəpik) faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 5500,33 manat (beş min beş yüz manat 33 qəpik) kredit borcu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Мəhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Bu qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar