Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-705/2023 27.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı“vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialaradair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1174,80 manat (min yüz yetmiş dörd manat 80 qəpik) pulun və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat pulun alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra- Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və həmin işçi ilə “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. 14 aprel 2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, 07 aprel 2021-ci il tarixli 195-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir: belə ki, 21 avqust 2019cu il və 05 mart 2020-ci il tarixlərdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləği 2393 (iki min üç yüz doxsan üç) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, hal-hazıra olan ümumi qalıq borc 1174,80 manat (min yüz yetmiş dörd manat 80 qəpik) təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(040)-705/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh 03 avqust 2023-cü il tarixdə məhkəməyə “iddia ərizəsinə etiraz” və iddia müddətinin tətbiq olunmasına dair” ərizələr göndərərək göstərmişdir ki, iddiaçının tələbi etibarsızdır, çünki onunla işəgötürən arasında bağlanmış qanuna və ya sazişlərə ziddir. Tələbin irəli sürülə bilməsindən 3 ildən çox vaxt keçmiş, iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçı 21 avqust 2019-cu il tarixdən 05 mart 2020-ci il tarixədək keçən müddət ərzində aparılmış inventarizasiya nəticəsində aşkarlanmış zərərvurma ilə bağlı 2023-cü ilin iyun ayında ona qarşı iddia qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət başa çatdıqdan sonra, yəni 3 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü 1174,80 manat pul tələbi ilə bağlı iddiasının Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş 1(bir) illik iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın əsassızlığını nəzərə alaraq, iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq iclası 14 avqust 2023-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 31 avqust 2023-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 27 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 27 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 21 avqust 2019-cu il tarixində 763,85 manat, 05 mart 2020-ci ildə 1629,84 manat, ümumi olaraq 2393,69 manat çatışmazlıq müəyyən edilmiş, həmin məbləğdən 1218,89 manat güzəşt edildiyindən cəmi 1174,80 manat (min yüz yetmiş dörd manat 80 qəpik) borcu qalmışdır. İş materiallarında olan: 21 avqust 2019-cu il tarixli “Oba-Bərdə 7 (768)” filialında aparılmış İnventarizasiya nəticələrinə dair akt”dan görünür ki, “Oba Bərdə 7 (768)” filialında cəmi 23603,38 manat məbləğində itki aşkar edilib və mallara görə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, ilkin və yekun sənədləri imzalamışdır. İş materiallarında olan: 05 mart 2020-ci il tarixli “Oba Bərdə 1” filialında aparılmış İnventarizasiya nəticələrinə dair akt”dan görünür ki, “Oba Bərdə 1” filialında cəmi 36737,21 manat məbləğində itki aşkar edilib və mallara görə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: 15 aprel 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh 15 aprel 2019-cu il tarixdə “X3” MMC şirkətinə müddətsiz olaraq satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 10 aprel 2020-ci tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə görə,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (MM 1096.2) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə görə, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 (bir) il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, iş materiallarından görünür ki, iddia ərizəsi 04 may 2023-cü il tarixdə tərtib olunmuş, 25 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur- cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-705/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-705/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver