Məhkəmə qərarları › İş №2(040)-730/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-730/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-730/2024 24.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahından 09 aprel 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh tərəfindən ödənilən 40 (qırx) manat alimentin məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsi, həmçinin, onun tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 09 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 09 aprel 2020-ci ildə X3 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə aralarında yaranan narazılıqlardan sonra Kəlbəcər Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(040)-279/2022 saylı qətnaməsinə əsasən, nikahları pozulmuş, azyaşlı uşağın onun himayəsində qalması qət edilmişdir. Eyni zamanda, onlar məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyada razılaşmış və cavabdeh 40 manat aliment ödəməyə razı olmuşdur. Hazırda 40 manat uşağın saxlanılması üçün kifayət deyildir. O, özü heç yerdə işləyə bilmir, ancaq uşağa qulluq edir. Başqa yerdən gəliri yoxdur. Yalnız valideynləri köməklik etsə onunla yaşayırlar, cavabdeh isə 40 (qırx) manat alimentdən başqa heç bir maddi köməklik göstərmir. O, alimentin artırılması üçün yenidən mediasiyaya getsə də cavabdeh mediasiyaya gəlməmişdir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı 10 iyul 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, məhkəmədən aliment məbləğinin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, əslində alimentlə bağlı məhkəmə qətnaməsi mövcud deyildir, cavabdehlə aralarında yalnız mediasiya prosesində bağlanmış barışıq sazişi mövcuddur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 09 sentyabr 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 09 aprel 2020-ci ildə X3 adlı bir uşaqları doğulmuşdur. Aralarında narazılıq olduğundan cavabdehlə ayrılmışlar. Kəlbəcər Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(040)-279/2022 saylı qətnaməsinə əsasən, nikahları pozulmuş, azyaşlı uşağın onun himayəsində qalması qət edilmişdir. Eyni zamanda, onlar məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində razılaşmış və cavabdeh 40 (qırx) manat aliment ödəməyə razı olmuşdur. Hazırda 40 (qırx) manat uşağın saxlanılması üçün kifayət deyildir. Cavabdeh barışıq sazişi ilə razılaşdırdıqları 40 (qırx) manat alimentdən başqa uşağın saxlanması üçün ona heç bir maddi köməklik etməmişdir. O, özü heç yerdə işləmir. Halhazırda barışıq sazişi ilə müəyyən edilən aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də cavabdehdən məhkəmə qaydasında aliment tutulmasını və təyin edilən alimentin məbləğinin 235 (iki yüz otuz beş) manat müəyyən edilməsini xahiş edir. İş materiallarında olan: Azərbaycan Respublikası Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2020-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir) görünür ki, X3 09 aprel 2020-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: 08 yanvar 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər 09 aprel 2020-ci ildə doğulmuş X1 anası- İddiaçı yanında qalmasına və 09 aprel 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 40 manat sabit pul məbləğində aylıq alimentin İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli MŞG/1MT007/00786 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 09 aprel 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 04 iyun 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 09 aprel 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 04 iyun 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən, həmçinin, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 55 (əlli beş) manat məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulsun. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar