Məhkəmə qərarları › İş №2(040)-751/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-751/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-751/2025 17.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı – İddiaçı, Cavabdeh – Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə" dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d im: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Redmi Note 12 telefon aparatlarının qalıq dəyəri kimi 1493 manat əsas borcun, əvvəlcədən ödənilmiş 34,93 manat dövlət rüsumunun, ümumilikdə isə 1527,93 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus Gəncə şəhəri H.Əliyev 20 ünvanında yerləşən “Elektron” elektrik malları mağazasından dəyərini hissə-hissə ödəmək şərtilə 1) 10 iyun 2023-cü il tarixində dəyəri 594 manat olan Redmi Note 12 telefonu ilkin ödəniş etmədən almış və 09 fevral 2024-cü il tarixdə 50 manat olmaqla, 295 manat hissəsini ödəmiş, cəmi 299 manat borcu, 2) 22 sentyabr 2023-cü il tarixdə dəyəri 612 manat olan Redmi Note 12 markalı telefon aparatını ilkin ödəniş 50 manat etməklə almış və 09 fevral 2024-cü il tarixdə 50 manat olmaqla 174 manat ödəniş etmiş, 438 manat borcu, 3) 21 dekabr 2023-cü il tarixində dəyəri 836 manat olan Samsung A 34 markalı telefonu ilkin ödəniş 30 manat etməklə almış, 09 fevral 2024-cü il tarixdə 50 manat olmaqla, cəmi 80 manat ödəniş etmiş, 756 manat borcu, ümumilikdə 1493 manat borcu qalmışdır. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(125)-1710/2025 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. İş materiallarından görünür ki, 10 iyun 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti 594 manat olan “X2 12” markalı telefon əldə edərək ilkin ödəniş 0 manat etməklə 15 ay müddətinə hər ay 40 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 22 sentyabr 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti 612 manat olan “X2 12” markalı telefon əldə edərək ilkin ödəniş 50 manat etməklə 15 ay müddətinə hər ay 37 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 21 dekabr 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti 836 manat olan “Samsung A 34” markalı telefon əldə edərək ilkin ödəniş 30 manat etməklə 12 ay müddətinə hər ay 67 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 17 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 iyun 2023-cü il tarixli müqavilə üzrə 295 manat ödəniş etmiş, onun 299 manat borcu, 22 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 174 manat ödəniş etmiş, onun 438 manat borcu, 21 dekabr 2023-cü il tarixli müqavilə üzrə 80 manat ödəniş etmiş, onun 756 manat borcu, cəmi üç müqavilə üzrə 1493 manat borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 15 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 1493 manat (bir min dörd yüz doxsan üç) borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,93 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 1) 10 iyun 2023-cü il tarixli müqavilə üzrə 299 manat, 2) 22 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 438 manat, 3) 21 dekabr 2023-cü il tarixili müqavilə üzrə 756 manat borcu olmaqla, cəmi üç müqavilə üzrə 1493 manat (bir min dörd yüz doxsan üç) borc və həmçinin ödənilmiş 34,93 manat (otuz dörd manat 93 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1527,93 manat (bir min beş yüz iyirmi yeddi manat 93 qəpik) tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar